Məhkəmə qərarları › İş №2(022)-21/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-21/2024

29.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-21/2024 29.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi vəkil X1 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Bolqar çayının sahil zolağında ümumi istifadədə olan yol və ümumi istifadədə olan su arxından istifadəyə mane olan qanunsuz hərəkətələrin qarşısının alınması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Bolqar çayının sahil zolağından keçən ümumi istifadədə olan yoldan, habelə ümumi istifadədəd olan su arxından istifadə edilməsinə imkan verməyən Cavabdeh qanunsuz hərəkətlərinin qarşısının alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, X5 ilə dövlət qeydiyyatlı nikahda olmaqla 5 nəfər uşaqları ilə birlikdə 7 nəfərdən ibarət ailə üzvləri ilə Biləsuvar rayonu Yuxarı Ağalı kəndində yaşayır. Ailə kəndli təsərrüfatı kimi həyətyanı torpaq sahələri, mal-qaraları, bağları, əkin yerləri və mal-qaranın saxlanılması üçün tövlə və digər yardımçı tikililəri vardır. Biləsuvar Rayon Aqrar İslahat Komisyasının 06 noyabr 1997-ci il tarixli 29 saylı qərarı ilə ailələrinə 0,37 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin mülkiyətlərinə verilməsinə dair JN-119 A KOD 80800038 saylı şəhadətnamə 20 iyun 2003-cü ildə tərtib edilmişdir. Onlar təsərrüfatlarını həmin şəhadətnamə əsasında qurmaqla qonşuluq hüquq münasibətlərinə tələb olunan qaydada əməl etmişlər. Lakin onlarla qonşu olan Cavabdeh heç bir əsas və hüququ olmadan Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Su və Torpaq Məcəllələrinin tələblərini aşkar surətdə pozmuşdur. Belə ki, onlara verilmiş həyətyanı torpaq sahəsi Bolqar çayının mühafizə zolağı ilə həmsərhəddir. Kənd içərisində “çayüstü” deyiən həmin yoildan bütün kənd camaatı kimi onlar da 2016-cı ilə kimi sərbəst şəkildə istifadə etmişlər. Həyətyanı sahənin şumlanması, mal- qaraya yem gətirilməsi üçün traktor və maşınlar həmin yolla həyətyanı təsərrüfatlarına daxil olmuşdur və maneəsiz hərəkət etmişlər. Bütün qeyd etdiyi kənd təsərrüfatı tikililəri yaşayış evinin arxa hissəsindədir. Kənd daxili küçə yolundan həyətlərinə giriş yolu vardır və oradan ümumi istifadədə olan kənd daxili su arxı keçir. Qonşusu Cavabdehlə mübahisə də məhz qeyd etdiyi “çayüstü” yol və sudan istifadə ilə bağlıdır.Yerli icra hakimiyyəti orqanları qanuni tələblərini yerinə yetirmirlər. Bunun nəticəsidir ki, hüquqları uzun müddətdir ki, pozulmuş şəkildə qalmışdır.Onlara məxsus həyətyanı torpaq sahəsinə gəlmək və oranı şumlamaq, mal-qaraya yem gətirmək və saxlamaq, əkin-biçin aparılması üçün yeganə əlverişli kənd camaatının istifadə etdiyi yol Bolqar çayının sahili ilə salınmış yoldur ki, o da qonşusu Cavabdeh tərəfindən ona heç bir aidiyyəti olmadan tutulmuş, kənd təsərrüfatı texnikasının (maşın, traktor və mal-qaranın) daxil olmasını mümkünsüz etmişdir. Yol olmadığından həyətyanı sahəni şumlamaq, malqara saxlamaq, əkin-biçin aparmaq mümkünsüz olmuşdur. Əkilmiş ağaçlar qurumuş və qurumaqdadır. Halbuki, “çayüstü” deyilən yol Bolqar çayının sahil zolağındadır və Biləsuvar Rayon Mexaniki Suvarma Sistemləri idarəsinin balansmdadır. Bolqar çay öz hüquqi rejiminə görə quru çaylar sırasına daxildir. Məlum olduğu kimi strateji obyekt olan magistral təsərüfatlar arası və təsərrüfat daxili çaylar, kanallar və kollektorların mühafizə zolaqlarından istifadə qaydaları və rejimləri qanunla tənzimlənir.Mühafizə zolaqları altında olan torpaq ümumi istifadədə olduğu üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin Xİİ fəsli və 54-çü maddəsində göstərilən servitutlar əsasında ya vətəndaşlar (qonşular) özləri, ya da məhkəmə qaydasında müəyyən olunur. Lakin Cavabdeh Bolqar çayının Yuxarı Ağalı kənd ərazisindən keçən hissəsində ümumi istifadədə olan və çayın mühafizə zolağında olan onların həyətyanı təsərrüfatı ilə həmsərhəd hissəsinə gələn yolu qanunsuz olaraq zəbt etmişdir. Nəticədə həyatyanı sahəyə giriş və çıxışa qəti şəkildə mane olmuşdur. Buna görə də öz təsərrüfatlarında maşın- mexanizmlərin işləməsi üçün çayın mühafizə zolağında olan yoldan istifadə edə bilmirlər. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində su arxindan istifadə edə bilmirlər. Belə ki, digər qonşular sudan istifadə etdiklərik halda, onlar istifadə edərkən cuyun qarşısını kəşir.Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170,171.1-ci maddələrinin tələblərini aşkar surətdə pozmuşdur. Sonda iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X3 da eyni məzmunda ifadə verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Biləsuvar rayonu Günəşli kəndində qeydiyyatdadır. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-119A kod 80800038 saylı Şəhadətnamənin surətindən görünür ki, Biləsuvar rayonu Yuxarı Ağalıkənd kənd sakini X4 və ailə üzvlərinə Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 29 saylı qərarı ilə 0,37 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Aərbacan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2024-cü il tarixli 3-16-16/2-10/579 saylı ekspert rəyində göstərilmişdir ki, «İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-5339/2023 saylı mütəxəssis rəyinə əsasən, Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisindən keçən Balharı çayının şimal istiqamətində ümumi istifadə üçün gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Nəzərdə tutulmuş gediş-gəliş yolunun naturada yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. İddiaçı İldir qızının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yoluna Cavabdeh tərəfindən heç bir maneçilik yoxdur. İddiaçı İldir qızının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə avtomobil şosse yolundan gələn gediş-gəliş yolu mövcuddur. İddiaçı İldir qızının faktiki istifadəsində olan həyətyani torpaq sahəsinə gedən ümumi istifadədə olan su arxı mövcüddur. İddiaçı İldir qızının faktiki istifadəsində olan həyətyani torpaq sahəsinə gedən ümumi istifadədə olan su arxına Cavabdeh tərəfindən heç bir maneəçilik yoxdur. Sözügedən su arxının naturada yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir». “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin Maddə 47-ci maddəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssislərinin iştirakı təmin edilməklə, mübahisəli torpaq sahəsinə dair mövcud hüquqmüəyyənedici sənədlər üzrə baxış həyata keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı İldir qızının həyətyanı torpaq sahəsinə Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisindən keçən Balharı çayının şimal istiqamətində ümumi istifadə üçün gediş-gəliş yolu nəzərdə tutulmuşdur. İddiaçı İldir qızının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yoluna Cavabdeh tərəfindən heç bir maneçilik yoxdur. İddiaçı İldir qızının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə avtomobil şosse yolundan gələn gediş-gəliş yolu mövcuddur. İddiaçı İldir qızının faktiki istifadəsində olan həyətyani torpaq sahəsinə gedən ümumi istifadədə olan su arxı mövcüddur. İddiaçı İldir qızının faktiki istifadəsində olan həyətyani torpaq sahəsinə gedən ümumi istifadədə olan su arxına Cavabdeh tərəfindən heç bir maneəçilik yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsində göstərilir ki, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı Bolqar çayının sahil zolağında ümumi istifadədə olan yol və ümumi istifadədə olan su arxından istifadəyə mane olan qanunsuz hərəkətələrin qarşısının alınması tələbinə dair iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı alınaraq Aərbacan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar