Məhkəmə qərarları › İş №2(022)-228/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-228/2023

25.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-228/2023 25.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və onun Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdən payının naturada ayrılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsindəki payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşmə verərək izahatlarında iddianı müdafiə edərək göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsi 0,20 hektar olmaqla onunla mərhum nənəsi X2 ümumi mülkiyyətindədir. Lakin həmin torpaq sahəsinin 0,0666 hektar hissəsi onun payıdır. Buna dar adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı Çıxarış da vardır. Hazırda nənəsinin birinci növbəli vərəsəsi olan Cavabdeh payının naturada ayrılmasına imkan vermir. Odur ki, **********15-10301 saylı Çıxarışa əsasən mülkiyyətlərində olan ünvan 3 ünvanda yerləşən həyətyanı torpaq sahəsindəıki 0.0231 hektar payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçının vəkil X3 da eyni məzmunda ifadə verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın əsassız olduğunu və buna görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tətəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Biləsuvar şəhəri, M.İbrahimov küçəsi ev 283-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı № ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, (reyestr nömrəsi **********61-10301, qeysiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il) daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 0.20 ha torpaq sahəsinin 0,1333 ha hissəsi və yaşayış evi tam olaraq X2 və torpaq sahəsinin 0.0666 ha hissəsi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, (reyestr nömrəsi **********15-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-cı il) daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 0,113 ha torpaq sahəsinin 0,0898 ha hissəsi və yaşayış evi tam olaraq X2 və torpaq sahəsinin 0,0231 ha hissəsi İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Biləsuvar rayon məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(022)-228/2023 saylı qərardadı ilə iddiaçının paylı mülkiyyət hüququnda olan payının, yəni Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 0,113 ha torpaq sahəsinin 0,0898 ha hissəsinin və yaşayış evinin tam olaraq X2 mülkiyyətində olması nəzərə alınmaqla həmin torpaq sahəsindən İddiaçı paylı mülkiyyətində olan 0,0231 ha hissəsinin naturada ayrılması xüsusi bilik tələb etdiyindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 28 iyul 2023-cü il tarixli 3- 21-3-44/2-3717/2023 saylı mütəxəssis rəyinin təqdim edilməsi barədə cavabında «kameral araşdırma zamanı məhkəmə predmeti olan torpaq sahəsinə aid hüquq müəyyənedici sənədlə (Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestindən Çıxarışın «Texniki Pasport»unda sənəd üzrə göstərilmiş sahənin torpaq sahəsinin planı ilə), torpaqların istifadə vəziyyəti və eyni zamanda torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumat bazası arasında uyğunsuzluqların olması aşkar edildiyi, qeyd olunan bu uyğunsuzluqlara görə məhkəmənin qoyduğu sualların cavablandırılmasının mükün olmadığı, yuxarıda qeyd olunan uyğunsuzluqlara torpaqların faktiki istifadə vəziyyətinə uyğun dürüstləşmə işləri aparılıb düzəliş edildikdən sonra məhkəmənin qoyduğu sualların cavablandırıla bilməsinin mümkün olduğu» göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə işin faktiki hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı **********15-10301 saylı Çıxarışa əsasən mülkiyyətlərində olan ünvan 4 ünvanda yerləşən həyətyanı torpaq sahəsində 0.0231 hektar payının naturada ayrılıb verilməsi tələbinə dair iddia rədd edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın Dövlət reyestrindən **********15-10301 saylı Çıxarışa əsasən mülkiyyətlərində olan ünvan 4 ünvanda yerləşən həyətyanı torpaq sahəsindəki 0.0231 hektar payının naturada ayrılıb verilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar