Məhkəmə qərarları › İş №2(022)-27/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-27/2023

27.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-27/2023 27.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı ev və digər tikililərin qiymətləndirilməklə payının məbləğinin alınması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, Biləsuvar şəhəri, H.Əliyev prospekti B.Vahabzadə küçəsində cavabdehlə birgəyaşayış illərində tikdiyi 3 otaqlı yaşayış evi, təsərrüfat sarayı, tualet-hamam, su hovuzu, köməkçi binalar, çəpər və həyətə qoyulmuş darvazaya çəkdiyi xərcin 32.956 manat qiymətləndirilməklə, onun payı olan 16.478 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərmişdir ki, o, cavabdeh X5 ilə 2006-cı il tarixdə nikah münasibətinə girməklə evlənmişlər. 2009-cu il tarixdə qayınatası Vaqif bildirmişdir ki, hazırkı Biləsuvar şəhəri, H.Əliyev prospekti, B.Vahabzadə küçəsində həyətyanı torpaq sahəsi var, həmin torpaq sahəsini onlara verir, orada ev tikib yaşasınlar. 2009-cu ildən 2013-cü ilə kimi arvadı ilə birlikdə göstərdiyi ünvanda 3 otaqlı yaşayış evi, təsərrüfat sarayı, naves, tualet-hamam, su hovuzu, köməkçi binalar, çəpər və həyətə darvaza qoymuşdur. Qazancının müəyyən illərini bu ev və həyətə həsr etmişdir. 2022-ci ilin fevral ayında cavabdeh ona xəyanət etdiyindən boşanmışlar. Hazırda cavabdehin atası min bir əziyyətlə tikdiyi evin həyətini tələb edir. O, həmin həyətin qaytarılmasına etiraz etmir, lakin həmin həyətdə tikdiyi evin və digər tikililəri cavabdehlə birgə yaşayış illərində tikmişdir.Hesab edir ki, həmin ev və həyətdəki tikililər qiymətləndirilərək onun payı müəyyən olunmalıdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X6 da iddiaçı ilə eyni məzmunda ifadə verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Dəvrişli kənd inzibati ərazi dairəsinin xx.xx.2021-ci il tarixli 428 saylı arayışından görünür ki, Əliyev X1 rayonu, Dəvrişli kəndində yaşayır. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL-00136 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X5 ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. Lakin, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 iddiası qismən təmin edilmiş, X5 və İddiaçı arasında 25 aprel 2015-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Amankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuşdur. İddia tələbindən görünür ki, iddiaçı 2009-cu il tarixdə qayınatası Vaqifin hazırkı Biləsuvar şəhəri, H.Əliyev prospekti, B.Vahabzadə küçəsində həyətyanı torpaq sahəsini ona verərək həmin torpaq sahəsində yaşayış evi tikməklə yaşamasına razılıq verdiyini, ona görə də 2009-cu ildən 2013-cü ilə kimi arvadı ilə birlikdə göstərdiyi ünvanda 3 otaqlı yaşayış evi və digər tikililər tikməklə həmin evdə bir müddət yaşadıqlarını, lakin 2022-ci ilin fevral ayında cavabdehin ona xəyanət etməsi səbəbindən ayrıldığı üçün cavabdehin atasının min bir əziyyətlə tikdiyi evin həyətini ondan tələb etdiyinə görə cavabdehlə birgə nikah dövründə tikilmiş tikililərə çəkilmiş xərcin, yəni 32.956 manat qiymətləndirilmiş tikililərin yarı dəyəri olan 16.478 manat pulun cavabdeh tərəfindən ona ödənilməli olduğunu göstərmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsində göstərilmişdir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir: «Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçının istinad etdiyi hallar, yəni cavabdehin atasının razılığı ilə onun göstərdiyi torpaq sahəsində cavabdehlə birgə nikah dövründə yaşayış evi və digər tikililər tikməklə həmin yaşayış evində yaşaması birgə nikah döründə əldə edilmiş əmlak kimi qiymətləndirilmədiyindən həmin əmlaka sahiblik imkanından məhrum edilməsi əmlakın dəyərinin ödənilməsi tələbini də istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin qeyd olunan halları belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı cavabdeh X4 qarşı ev və digər tikililərin qiymətləndirilməklə payının məbləğinin alınması tələbi barədə iddiası əsassızdır və onun təmin edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh X4 qarşı ev və digər tikililərin qiymətləndirilməklə payının məbləğinin alınması tələbinə dair iddia rədd edilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə ödənilmiş 47 manat məbləğdə dövlət rüsumu və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 55 manat iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh X4 qarşı ev və digər tikililərin qiymətləndirilməklə payının məbləğinin alınması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar