Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-272/2024 05.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı Allahşükür qızının iştirakı ilə İddiaçı Allahşükür qızının cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 13 noyabr 2023-cü il tarixli ******* saylı Aktın qanunsuz hesab edilərək ləğv edilməsi və həmin akta əsasən yazılmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Allahşükür qızı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ******* saylı 13 noyabr 2023-cü il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsi və həmin Akt əsasında hesablanmış 172 manat 80 qəpik borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Allahşükür qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərilmişdir ki, o, Biləsuvar rayonu Xırmandalı kəndində yaşayır. Evinə qanunamüvafiq qaydada qaz çəkdirmişdir. Hər ay sayğaca uyğun olaraq təbii qazdan istifadəyə görə hesablanmış pul məbləğini vaxtında ödəmişdir. 2023-cü ilin oktyabr ayında qaz sayğacının vaxtı keçdiyindən, qaz idarəsinin əməkdaşları onun evinə quraşdırılmış qaz sayğacını evinə qaz buraxmadığından dəyişdirərək yenisi ilə əvəz etmişlər və onlar köhnə qaz sayğacını çıxartmişlar. Qaz idarəsinin əməkdaşları "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı Akt da tərtib etmişlər. X5 idarəsinin əməkdaşları sayğacın yararlı halda olmasını qəbul etmişlər. Bu yaxınlarda qaz idarəsinin əməkdaşları ona bildirmişlər ki, köhnə qaz sayğacını yoxladıqdan sonra müəyyən edilmişdir ki, qaz sayğacına müdaxilə var və buna görə cərimə ödənməlidir. İddiaçı bildirir ki, onun heç vaxt qaz sayğacına müdaxiləsi olmamışdır. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Bəbirova X2 rayonu Xırmandalı kəndində qeydiyyatdadır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 30 oktyabr 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı Allahşükür qızına məxsus Zinner tipli G-4 markalı ********** nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və Elta G-4 markalı ******* nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparılmışdır. İş materiallarında olan “Azəriqaz” X3 X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13 noyabr 2023-cü il tarixli, ******* nömrəli aktına əsasən İddiaçı Allahşükür qızına məxsus sayğaca baxış zamanı sayğacdan qaz keçsə də hesablama mexanizmində isə keçən qazın həcminin qeyd olunmadığı və istismara yararsız olduğunun müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X3 X4 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 14 noyabr 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 4 m3/saat, orta günlük iş rejiminin 12 saat, hesabat müddətinin 30 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (4 x 12 x 30=1440 m3) 1440 m3 ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X3 X4 İdarəsi tərəfindən tərtib edilmiş 14 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Zinner tipli G-4 markalı **********5 saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X1 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış zamanı xətaların normadan artıq olması, sayğacın mühüm sərfiyyatda 100% nisbi xətayla işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (4 x 12 x 30=1440 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13 noyabr 2023-cü il tarixli, ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış cərimə məbləği iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 13-cü maddəsində göstərilmişdir ki, satıcı (icraçı) istehlakçının maraqlandıran malın (işin,xidmətinə) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə, həm də tərkibi, yararlılıq müddəti, kalorililiyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı) əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində stehlakçıya zəruri və düzgün məlumat verməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13 noyabr 2023-cü il tarixli, ******* saylı aktı ləğv edilməli, həmin akta əsasən hesablanmış 172 manat 80 qəpik borc onun abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Allahşükür qızı barəsində “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş 13 noyabr 2023-cü il tarixli, ******* nömrəli aktı ləğv edilsin, hesablanmış 172 (yüz yetmiş iki) manat 80 (səksən) qəpik borc İddiaçı Allahşükür qızının abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-272/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-272/2024
05.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver