Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-293/2023 27.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı yazılmış cərimənin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, cavabdeh “Azəriqaz” İB tərəfindən tərtib edilmiş ******* saylı 24 noyabr 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və hesablanmış 192 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Azəriqazın əməkdaşları ona məxsus G-4 markalı ******* nömrəli qaz sayğacını dəyişdirmişlər.Çıxarılmış sayğacın yerinə başqa sayğac quraşdırılmışdır. Bu barədə xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və ona da verilmişdir. Həmin aktda qaz sayğacına hər hansı bir müdaxilənin olması qeyd edilməmişdir. Lakin, 2022-ci ilin dekabr ayının sonlarında qaz idarəsinin nəzarətçisi ona bildirmişdir ki, onun 192 manat cərimə borcu vardır. O, cərimənin necə əmələ gəldiyinin səbəbini soruşmuş, ona bildirilmişdir ki, sayğacla bağlıdır.Bununla bağlı maraqlanmış və ona bildirmişlər ki, ona məxsus sayğaca müdaxilə olunmuş və ona görə də cərimə olunmuşdur.Odur ki, təbii qazdan istifadə qaydalarınn pozulması haqqında tərtib olunmuş ******* nömrəli, 24 noyabr 2022-ci il tarixli aktın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quliyev X3 rayonu Təzəkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar RİHB-nin Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 15 saylı arayışında göstərilir ki, Quliyev X3 rayonu Təzəkənd kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24 noyabr 2022-ci il tarixli № ******* nömrəli aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı qaz sayğacının hesablama mexanizminin keçən qazın sərfini qeyd etməməsi və dişli çarxın oxunun yuvasından çıxmasının müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 noyabr 2022-ci il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 4 m3/saat, orta günlük iş rejiminin 12 saat, hesabat müddətinin 30 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (4x12x30=1440 m3) ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 06 yanvar 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus G-4 markalı ******* nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul etmiş və Elestr tipli G-4 markalı 11894918 nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparmışdır. Mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə qaz təsərrüfatı işçiləri iddiaçıya məxsus evin qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış Elster tipli G4 markalı qaz sayğacının dövrü dövlət yoxlamasına göndərilməsi üçün çıxararaq, müvafiq akt tərtib etmiş və çıxarılmış sayğacın yerinə başqa sayğac quraşdırılmışdır. İddiaçı “Elster” tipli G-4 markalı ******* nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və bu barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul edilməsinə dair qeyd aparmışdır. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, G4 markalı ******* saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X1 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış zamanı qaz sayğacının hesablama mexanizminin keçən qazın sərfini qeyd etməməsi və dişli çarxın oxunun yuvasından çıxması müəyyən edilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (4x12x30=1440 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24 noyabr 2022-ci il tarixli № ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış cərimə məbləği iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24 noyabr 2022-ci il tarixli № ******* saylı aktı ləğv edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24 noyabr 2022-ci il tarixli № ******* nömrəli akt ləğv edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-293/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-293/2023
27.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver