Məhkəmə qərarları › İş №2(022)-305/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-305/2023

03.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-305/2023 03.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 864 manat ziyanın ondan tutulmasına dair ******* saylı 30 noyabr 2022-ci il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək 864 manat ziyanın ondan tutulmasına dair ******* saylı 30 noyabr 2022-ci il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək bildirmişdir ki, evinə qanunamüvafiq qaydada qaz çəkdirmiş və hər ay sayğaca uyğun olaraq təbii qazdan istifadəyə görə hesablanmış pul məbləğini vaxtında ödəmişdir.2022-ci ilin noyabr ayının 16-da qaz idarəsinin əməkdaşları gələrək evinə quraşdırılmış ona məxsus qaz sayğacının istismar vaxtı keçdiyi üçün yenisi ilə əvəzləşdirmişlər. Çıxarılmış sayğacın yerinə başqa sayğac quraşdırılmışdır. Qaz idarəsinin əməkdaşları “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. Həmin aktda qaz idarəsinin əməkdaşları yazmışlar ki, sayğac yararlı halda qəbul edilmişdir. Lakin, bu yaxınlarda ona bildirilmişdir ki, qaz sayğacına müdaxilə var və buna görə də cərimə olunmuşdur.Bununla bağlı maraqlanmış və ona bildirmişlər ki, ona məxsus sayğaca müdaxilə olunmuş və ona görə də cərimə olunmuşdur.O, heç bir vaxt qaz sayğacına müdaxilə etməmişdir.Əgər etmiş olsaydı belə, akt tərtib olunarkən qaz idarəsinin işçiləri qaz sayğacını yararlı vəziyyətdə qəbul etdiklərini göstərmişlər? Odur ki, təbii qazdan istifadə qaydalarınn pozulması haqqında tərtib olunmuş ******* saylı 30 noyabr 2022-ci il tarixli aktın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Biləsuvar şəhəri, Ax.M.Hüseyn küçəsi ev 39-da qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 5188 saylı arayışında göstərilir ki, İddiaçı Biləsuvar şəhəri, Ax.M.Hüseyn küçəsi ev 39-da yaşayır. İş materiallarında olan “Azəriqaz” X3 X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli № ******* nömrəli aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı qaz sayğacının hüsablama mexanizminin qapağı yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X3 X4 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 noyabr 2022-ci il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 4 m3/saat, orta günlük iş rejiminin 24 saat, hesabat müddətinin 90 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (4x6x90=8640 m3) ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 16 noyabr 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Elister tipli G-4 markalı 11448521 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və Zinner tipli G-4 markalı **********5 nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparmışdır. Mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə qaz təsərrüfatı işçiləri iddiaçıya məxsus evin qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış Elster tipli G4 markalı qaz sayğacının dövrü dövlət yoxlamasına göndərilməsi üçün çıxararaq müvafiq akt tərtib etmiş və çıxarılmış sayğacın yerinə başqa sayğac quraşdırılmışdır. İddiaçı “Elster” tipli G-4 markalı 11448521 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və bu barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul edilməsinə dair qeyd aparmışdır. İş materiallarında olan “Azəriqaz” X3 X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, G4 markalı 11448521 saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X1 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış zamanı hüsablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri müəyyən edilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (4x24x90=8640 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli № ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış cərimə məbləği iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli № ******* saylı aktı ləğv edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli № ******* nömrəli aktı ləğv edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar