Məhkəmə qərarları › İş №2(022)-444/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-444/2023

03.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-444/2023 03.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkil X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 331.2,331.3, 338.2, 341.3-cü maddələri ilə qanunsuz ittiham verməklə və bu ittiham əsasında 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəticəsində ona vurulmuş maddi zərərə görə 53550 (əlli üç min beş yüz əlli) manat və mənəvi zərərə görə 50.000 (əlli min) manat, cəmi olaraq 103.550 (yüz üç min beş yüz əlli) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi verərək göstərmişdir ki, xx xxx 1997-ci ildə Biləsuvar rayonu Aşağı Cürəli kəndində doğulmuş, tam orta təhsil almışdır. Evlidir, 2 övladı vardır. 2015-ci ilin ilin iyul ayında Azərbaycan Respublikası Milli Ordusuna həqiqi hərbi xidmətə çağılımış, 2016-cı ilin oktyabr ayında ərizəsi əsasında Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində gizir kursuna qəbul olmuş və 2016-cı ilin dekabr ayının 14-də həmin kursu başa vuraraq N saylı hərbi hissədə gizir rütbəsində xidmətə başlamışdır. O, 2017-ci ilin 10 aprel tarixində N saylı hərbi hissədən N saylı hərbi hissəyə keçirilmişdir. Onun vəzifəsi tağım komandirinin müavini olmuşdur. Onu 2017-ci ilin may ayının 7-si tarixində həbs edərək xx.xx.20217-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi qanunsuz olaraq həbsdə saxlamışlar. Daha sonra xx.xx.2017-ci il tarixdə həbsdən azad edərək N saylı hərbi hissəyə xidəmətə göndərmişlər. 31 avqust 2017-ci il tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-ci maddəsi ilə ittiham verilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Barəsində olan cinayət işi üzrə ibtidai istintaq 2018-ci ildə başa çatmışdır. Ona Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 29.3, 331.2, 331.3, 338.2, 341.3-cü maddələri ilə ittiham verilmiş və cinayət işi baxılması üçün Tərtər Rayon Hərbi Məhkəməsinə verilmişdir. Tərətər Hərbi Məhkəməsi cinayət işinə baxaraq ona qarşı verilmiş ittiham üzrə təqsirli bilərək 09 iyul 2018-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Həmin hökmlə razılaşmayaraq apelyasiya şikayəti vermiş, apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası baxaraq apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Həmin qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Hərbi Kollegiyası kasassiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Ona verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyindən bu haqda davamlı olaraq Azərbaycan Respublikasının Prezidentinə, İnşan Hüquqları Üzrə Müvəkkilə, Baş Prokurora şikayətlər yazmışdır. Həmin şikayətlərində onlara verilən işgəncələr haqqında məlumat verməklə barəsində olan cinayət işinin düzgün aparılmadığını göstərməklə bəraət istəmişdir. Eyni qaydada onun valideynləri və onunla birgə eyni ittihamla məhkum edilmiş digər hərbçilər və onların valideynləri qanunçuluğun bərpası və onların hüquqlarının müdafiəsi üçün bütün aidiyyatı təşkilatlara, media qurumlarına şikayətlər etmişlər. Onlar və hərbçilər, onların ailələri onlara verilmiş işgəncələri kütləvi informasiya vasitələrində müsahibələr verməklə ictimailəşdirmişlər. Bu iş ictimayyətdə "Tərtər İşi" kimi tanınmışdır. Ali Baş Komandanın yeni təyin etdiyi Baş prokuror Kamran Əliyev tərəfindən onlara vedlmiş ittiham üzrə başlanılmış cinayət işinin qanunliyi yoxlanılmışdır. 01 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran X2, X9, X10, X11, X17, X1 və onun, yəni İddiaçı Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 331.2, 331.3, 338.2 və 341.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kolegiyasının 11 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqda 21 sentyabr 2018-ci il tarixli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 15 oktyabr 2018-ci il tarixli yekun qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışının təyin edilməsi haqqında yeni qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət edilmişdir. Azərbaycan Respublikasının Baş X15 tərəfindən verilmiş ərizə təmin edilərək qeyd olunan qərarlar ləğv edilməklə cinayət işi apellyasiya məhkəməsində yenidən ilkin baxışa təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2022-ci i! tarixli qərarı ilə X16, Qu!uzadə Natiq Altay oğlu, X10, X11, X17, X3 və onun, yəni İddiaçı Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2 4, 150.2.5, 274, 329.3, 331.2, 331.3, 338.2, 341.3- cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 09 iyul 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 30 aprel 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işinə yenidən baxılması üçün Gəncə Hərbi Məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Gəncə Hərbi Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərarı ilə X16, X9, X10, X11, X17, X1 və onun, yəni İddiaçı Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 331.2, 33İ.3, 338.2, 341.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işinin icraatına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 12 noyabr 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş və ibtidai istintaqın davam etdirilməsi istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri kiçik ədlliyyə müşaviri X5 icraatına verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri, kiçik ədlliyyə müşaviri X12 tərəfindən ********* nömrəli cinayət işinin İddiaçı Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 331.2, 331.3, 338.2, 341.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM in 39.2-ci maddəsinə əsasən xitam verilməsi barədə 06 dekabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilmiş və o, dərhal Ədliyyə Nazirliyi Penitesiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilmişdir. Eyni zamanda həmin qərarda tutularaq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməklə barəsində həbs qətiimkan tədbirinin tətbiqi- məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilmişdir. Beləliklə, o, xx.xx.2017-ci tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 5 il 3 ay 7 gün qanunsuz olaraq azadlıqdan məhrum etmə cəzsına məhkum edilmişdir.Tutulduğu vaxtdan azadlığa çıxdığı tarixə kimi ona maddi və mənəvi ziyan dəymişdir. O, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir rütbəsində taqım komandirinin müavini kimi xidmət etmişdir. Bu xidmət müqabilində ona hər ay 949,10 ( doqquz yüz qırx doqquz manat, on qəpik) manat məbləğində əmək haqqı ödənilmişdir. Əldə etdiyi aylıq qazancı ilə ailəsinin normal şəkildə maddi təminatını təmin edirdi. Qanunsuz olaraq azadlıqdan məhrum edilməsi nəticəsində 5 il 3 ay 7 gün müddətində o, 62,355, 87 (altmış iki min üç yüz əlli beş manat səksən yeddi qəpik) manat məbləğində aylıq əmək haqqından məhrum edimişditr. Bu qazancın itirilməsi nəticəsində ailəsi çox ağır maliyyə çətinliklərinə düçar olmuşdur.Bu müddət ərzində keçirdiyi stresslərin, sarsıntiları sözlə ifadə etmək mümkün deyildir. Həyəcanlar, sarsıntılar hələ də içində davam edir. Ən dəhşətli hal heç bir təqsirinin olmadığı halda həbs edilib bu cür işgəncələrə məruz qalması idi. İstintaqa verildikdən sonra qanunçuluq axtarışı bu mərhələ də eyni ilə işgəncənin bir pisxoloji forması idi. Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 331.2, 331.3, 338.2, 341.3-cü maddələri ilə qanunsuz ittiham verməklə və bu ittiham əsasında 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları ona maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, hərbi xidmət vaxtlarında əmək haqları onlara təqdim edilmiş əmək haqqı kart hesabına köçürürüldüyündən, əmək haqqı kartı Kapital Bank ASC-yə aid idi. Odur ki, Kapital Bank ASC-nin Biləsuvar rayon şöbəsinə müraciət edərək ödəniş kartı üzrə çıxarış almış, həmin çıxarışa əsasən onun sonuncu xidmət yeri üzrə vəzifə maaşı aylıq 949,10 (doqquz yüz qırx doqquz) manat olmuşdur. Lakin iddia tələbində səhvən 850 manat kimi göstərmişdir. Əslində isə aylıq əmək haqqı 949 manat olmuşdur. Bundan başqa hazırkı vaxtlarda həmin vəzifə maaşı haqda heç bir tərəf sorğuları cavablandırmadığından o, iddia tələbini artırmasını əmək haqqı hissəsinin yenidən əmək haqları üzrə ödəniş kartından çıxarışda qeyd olunan məbləğ üzrə hesablayaraq həmin məbləğdə tələb edir. Belə ki, aylıq əmək haqqının məbləği: 949.10 manat, qanunsuz olaraq azadlıqdan məhrum edildiyi 5 il 3 ay 7 gün ( 65 ay 7 gün) 949,10 x 65 ay 7 gün = 62355,87 manat. Göründüyü kimi qanunsuz olaraq azadlıqdan məhrum edilməsi nəticəsində ona 62355,87 manat məbləğində zərər vurulmuşdur. Bundan başqa mənəvi zərər ilə bağlı hissədə tələbin artırılmasını istəyir. Belə ki, ona vurulmuş mənəvi zərəri hər ay üzrə 2000 (iki min) manat olmaqla, 65 ay 7 gün x 2000 manat = 131400 manat məbləğində ödənilməsini tələb edir. Yekun olaraq iddia tələbini dəqiqləşdirməklə artıraraq vurulmuş maddi zərərə görə 62.335 (altımış iki min üz yüz əlli beş) manat, mənəvi zərər görə isə 131.400 (bir yüz otuz bir min dörd yüz) manat, cəmi 193.735 (bir yüz doxsan üç min yeddi yüz otuz beş) manat pulun dövlət vəsaiti hesabına ödənilməsini tələb edir. Qeyd olunanlara əsasən Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 331.2, 331.3, 338.2, 341.3-cü maddələri ilə qanunsuz ittiham verməklə və bu ittiham əsasında 5 il 3 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəticəsində ona vurulmuş maddi ziyana görə 62.335 (altımış iki min üz yüz əlli beş) manat və mənəvi zərərə görə isə 131.400 (bir yüz otuz bir min dörd yüz) manat, cəmi 193.735 (bir yüz doxsan üç min yeddi yüz otuz beş) manat pulun Dövlət büdcəsi vəsaiti hesabına olmaqla cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, iddiaçını və onun vəkilini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı- Cürəli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-39-16/2-141/2023 saylı arayışdan görünür ki, Babayev X4 rayonu Aşağı-Cürəli kəndində ailə üzvləri - həyat yoldaşı X6, oğlu 2013-cü il təvəllüdlü X7, oğlu 2015-ci il təvəllüdlü X13 ilə birlikdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi X12 tərəfindən qəbul edilmiş 06 dekabr 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işinin İddiaçı Azərbaycan Respublikası CM-nin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 331.2, 331.3, 338.1, 338.2, 341.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı hərbi hissədə gizir rütbəsində, taqım komandirinin müavini vəzifəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək uçotda olmuşdur. İddiaçı xx.xx.2017-ci il tarixli müvafiq əmrlə sərəncama çıxarılmışdır. İş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin 09 iyul 2018-ci il tarixli 1(098)- 146/2018 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 331,2, 331.3, 338.2, 341.3-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 511 saylı arayışından görünür ki, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı 2017-ci il tarixdə hərbi rütbə maaşı 108.00 manat, hərbi vəzifə maaşı 365.00 manat təşkil etmişdir. Bundan əlavə, cəbhə bölgəsində xidmət etdiyi üçün bir hərbi rütbə və bir hərbi vəzifə maaşı miqdarında pul təminatı ödənilmişdir. 2017-ci il üçün nəzərdə tutulmuş 473.00 manat miqdarında maddi yardım və məzuniyyətə çıxarkən əlavə bir vəzifə maaşı miqdarında 365.00 manat miqdarında məzuniyyət pulu. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. İşin hallarından görünür ki, İddiaçı 5 il 3 ay 7 gün həbsdə olduğu müddət ərzində əldə edəcəyi gəliri 62,335 (altmış iki min üç yüz otuz beş) manat məbləğində göstərmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 511 saylı arayışından görünür ki, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı 2017-ci il tarixdə hərbi rütbə maaşı 108.00 manat, hərbi vəzifə maaşı 365.00 manat təşkil etmişdir. Bundan əlavə, cəbhə bölgəsində xidmət etdiyi üçün bir hərbi rütbə və bir hərbi vəzifə maaşı miqdarında pul təminatı ödənilmişdir. İddiaçının həbsdə olduğu 5 il 3 ay ərzində hər ay 365.00 manat və bundan əlavə bir hərbi rütbə maaaşı, yəni 108 manat və bir hərbi vəzifə maaşı, yəni 365 manat, cəmi 946 manat hər ay gəliri olmuşdur. Bundanə əlavə, N saylı Hərbi Hissə komandirinin 12 iyul 2017-ci il tarixli əmrindən çıxarışdan görünür ki, İddiaçı 2017-ci ilin növbəti məzuniyyətindən istifadə etmiş, 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilmişdir. Ona görə də iddiaçının qanunsuz olaraq məhküm olunduğu 4 (dörd il) müddətində 365 manat məbləğində məzuniyyət haqqından məhrum olması onun maddi zərərə məruz qalması kimi qiymətləndirilməklə cəmi maddi zərərəin məbləği 61058 manat təşkil etmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı mənəvi zərərə görə də tələb etdiyi 131,400 (yüz otuz bir min dörd yüz) manat məbləğində kompensasiya reallığı əks etdirmir. Ona görə də İddiaçı dəyən mənəvi zərərin kompensasiya məbləği 63.000 (altmış üç) manat həddində qiymətləndirlməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı qanunsuz olaraq həbsə alma və qanunsuz olaraq həbsdə saxlandığına görə mənəvi iztirab və sarsıntılara məruz qaldığını, fəal ictimai həyat tərzindən məhrum olundunu əsas gətirməklə mənəvi zərərə görə 131,400 (yüz otuz bir min dörd yüz) manat cavabdehdən alınaraq ona ödənilməli olduğunu göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.” Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, -Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərhi” ilə bağlı hüquqi mövqeyinə əsasən «şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Ona görə də mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir ki, o, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarında göstərilir ki, - “Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.” Azərbaycan Respublikası Konstitusiyasının 12–ci maddəsində göstərilir: İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində “göstərilir: Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 56-cı maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxslər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dəymiş 61058 manat məbləğində maddi ziyan, 63.000 manat məbləğində mənəvi ziyan alınıb İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi zərərə görə 61058 (altmış bir min əlli səkkiz ) manat və mənəvi zərərə görə 63.000 (altmış üç min) manat, cəmi 124058 (yüz iyirmi dörd min əlli səkkiz ) manat məbləğdə pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar