Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-45/2025 23.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdən payın naturada ayrılması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı bildirir ki, Biləsuvar rayonu, Əliabad kəndində yaşayır. Biləsuvar rayonu, Əliabad kəndində aqrar islahatlar zamanı ailə kimi ümumi mülkiyyətləri ilə iki yerdə, hər birində 1,517 hektar olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Buna dair adlarına kəndin iki hissəsində **********73 reyestr nömrəsi olan çıxarışlar da verilmişdir. Əlavə olaraq bildirir ki, ümumi mülkiyyətdə payları da müəyyən edilmişdir. Hazırda cavabdehlərin payı hər birinə üçdə bir hissə müəyyən edilmişdir. Hazırda cavabdehlərdən payının naturada ayrılmasını tələb etsə də, buna imkan vermirlər. İddiaçının tələbi: Biləsuvar rayonu, Əliabad kəndində, iki yerdə yerləşən **********73 reyestr nömrələrinə əsasən çıxarış üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payının cavabdehlərin payından naturada ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Biləsuvar Rayonu İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi üzrə nümayəndəliyinin 16 avqust 2024-cü il tarixli, 5-39-3/2-1112 saylı arayışından görünür ki, Rüstəmov X1 rayonu, Xırmandalı kəndində yaşayır. “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********73 nömrəli dövlət reyestrindən çıxarışından görünür ki, Biləsuvar rayonu, Əliabad kəndi ərazisində yerləşən 1.517 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-65/2024 saylı 18 yanvar 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Biləsuvar rayon Aqrar İslahat komissiyasının 17 avqust 2000-ci il tarixli, 09 saylı qərarı ilə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 3.04 hektar kənd təsərrüfatlı torpaq sahəsindən İddiaçı 1/3 hissəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3870 nömrəli 10 iyun 2025-ci il tarixli ekspert rəyindən görünür ki, bölgüsü nəzərdə tutulan **********73 reyestr (JN-204) nömrəli çıxarışla müllkiyyətə verilmiş 1,517 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub-şərq istiqamətindən gediş-gəliş yoluna çıxışları vardır. Sözügedən 1.517 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payçıların paylarına uyğun naturada pay bölgüsü ardıcıllığı, (siyahı üzrə) bölgü istiqaməti məhkəmə qərarı əsasında müəyyənləşəndən, təyin ediləndən sonra Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına görə bölgü planı DƏDKR-nın mütəxəssisi tərəfindən tərtib olunaraq Biləsuvar rayonu, Əliabad kəndi ərazisində yerləşən ümumi paylı mülkiyyətçilərin hər birinin payının naturada ayrılması işi aparıla bilər. Yuxarıda qeyd olunmuş qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətçilərin hər birinə üçdə bir paya mütənasib payların naturada ayrılması mümkündür.Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun mülkiyyətçilərin hər birinin payına düşən üçdə bir hissələrin (1-dən 3-ə kimi nömrələnmiş yerlərin) naturada yerləşmə vəziyyəti mütəxəssislər tərəfindən tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır. 19 avqust 2024-cü tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarı: Üümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir.Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən Biləsuvar Rayon Məhkəməsinin 2(022)-65/2024 saylı 18 yanvar 2024cü il tarixli qətnaməsin ilə Biləsuvar rayon Aqrar İslahat komissiyasının 17 avqust 2000-ci il tarixli, 09 saylı qərarı ilə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 3.04 hektar kənd təsərrüfatlı torpaq sahəsindən İddiaçı 1/3 hissəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən (elektron) Çıxarışın məzmununa əsasən aydın oldu ki, Biləsuvar rayonu, Əliabad kəndi ərazisində yerləşən 1.517 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ əsasında hər biri 1/3 hissə olmaqla, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 məxsus olmaqla, onların ümumi paylı mülkiyyətindədir və bu hüquq 08 avqust 2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 10/3870 nömrəli, 10 iyun 2025-ci tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinin məzmunundan aydın olur ki, Biləsuvar rayonu, Əliabad kəndi ərazisində yerləşən torpaq sahəsinin paylara (çıxarışda qeyd edilən hissələrə uyğun) naturada bölgüsü mümkündür. Mübahisəli torpaq sahəsi 1.517 hektardır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Bölgüsü nəzərdə tutulan **********73 reyestr (JN-204) nömrəli çıxarışla müllkiyyətə verilmiş 1,517 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub-şərq istiqamətindən gediş-gəliş yoluna çıxışları vardır. Sözügedən 1.517 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payçıların paylarına uyğun naturada pay bölgüsü ardıcıllığı, (siyahı üzrə) bölgü istiqaməti məhkəmə qərarı əsasında müəyyənləşəndən, təyin ediləndən sonra Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına görə bölgü planı DƏDKR-nın mütəxəssisi tərəfindən tərtib olunaraq Biləsuvar rayonu, Əliabad kəndi ərazisində yerləşən ümumi paylı mülkiyyətçilərin hər birinin payının naturada ayrılması işi aparıla bilər. Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun mülkiyyətçilərin hər birinin payına düşən üçdə bir hissələrin (1-dən 3-ə kimi nömrələnmiş yerlərin) naturada yerləşmə vəziyyəti mütəxəssislər tərəfindən tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti oaln torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ əsasında İddiaçı 1/3 hissədə, Cavabdeh1 1/3 hissədə və Cavabdeh2 1/3 hissədə məxsus olmaqla, həmin hüquq dövlət qeydiyyatına alınmışdır. İddiaçı ona aid olan pay hissəsinin naturada ayrılmasını tələb etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, eləcə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərini nəzərə alaraq və ümumi paylı mülkiyyətdə olan Biləsuvar rayonu, Əliabad kəndi ərazisində yerləşən torpaq sahəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyun 2025ci tarixli, 10/3870 nömrəli rəyini əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından, həmin məbləğ İddiaçı aid edilməlidir. İş üzrə aparılmış məhkəmə mühəndis-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Ümumi paylı mülkiyyətdə olan Biləsuvar rayonu, Əliabad kəndi ərazisində ümumi sahəsi 1.517 hektar olan torpaq sahəsinin paylı mülkiyyətçisi (çıxarış **********73) İddiaçı aid olan 1/3 hissəsi natura formasında ayrılsın. İddia ərizəsində məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından, həmin məbləğ İddiaçı aid edilsin. İş üzrə aparılmış məhkəmə mühəndis-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-45/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-45/2025
23.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver