Məhkəmə qərarları › İş №2(022)-456/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-456/2023

20.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-456/2023 20.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkil X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh 3000 manat borc pul və 50 manat dövlət rüsumu tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borca görə 3000 (üç min) manat və dövlət rüsumuna görə 50 (əlli) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, Cavabdeh onun doğma qardaşı oğludur, həm də qızı Həcərin əridir. Taleh qızı Həcərlə evlənəndən sonra qızını Bakı şəhərinə aparmış, əvvəllər kirayədə qaldığı evdə yaşamağa başlamışlar. Bir müddətdən sonra Taleh ona kirayədə yaşamaq istəmədiyini, torpaq sahəsi alaraq ev tikmək istədiyini, ona görə də ona qaytarmaq şərti ilə 3000 manat pul verməsini, həmin pulu 1 il müddətinə qaytaracağını bildirmişdir. O, da öz əri ilə, rayonun Ağayrı kəndində yaşayan Talehin atası, onun isə qardaşı Əli və böyük qardaşı Vəli ilə məsləhətləşmiş və Talehə torpaq sahəsi alaraq ev tikməsi üçün 3000 (üç min) manat pul vermişdir. O, Talehlə belə razılaşmışdır ki, onun dediyi müddətə, yəni borcunu bir il müddətinə ona tam olaraq qaytarsın. Sonra öyrənmişdir ki, Taleh ona verdiyi puldan xərcləmək istəyərkən qızı buna etiraz etmiş, Taleh isə onun qızını döyərək dişini sındırmış, ona xəsarət yetirib evdən qovmuşdur. Artıq bir ildən çoxdur ki, qızı Biləsuvarda onunla birgə yaşayır, uşaqları yoxdur. O, Talehdən verdiyi 3000 manat pulu istəmiş, Taleh həmin pulu əvvəlcə qaytaracağına söz versə də, sonradan həmin pulu guya onun qızının yolunda xərclədiyini bildirərək bundan imtina etmişdir. Halbuki, qızı heç vaxt xəstə olmamış, əlavə olaraq özünə heç bir qiymətli əşya almamışdır. O, pulu Talehə ev tikməyə kömək etmək üçün borc olaraq vermişdir. Dəfələrlə xəbərdarlıq etmiş, hətta sonuncu dəfə rəsmi xəbərdarlıq ərizəsi göndərməklə ondan tələb etmiş, lakin Taleh verdiyi pulu qaytarmaq istəmir. Onun atası, böyük əmisi Vəli, arvadı Həcər də bilirlər ki, Taleh ondan 3000 manat pul almışdır. Hətta pulu verəndə Həcər də onların yanında olmuşdur. O, bu barədə Suraxanı RPİ-nin 30-cu bölməsinin rəis- müavini Namiq Məmmədova ərizə vermiş, ərizəsi əsasında Talehdən izahat alınmışdır. Taleh izahatında göstərmişdir ki, guya pulu ona yox, qızı Həcərə vermiş, Həcər də həmin pulu ailənin ehtiyacları üçün xərcləmişdir. Taleh yalan izahat vermişdir. Belə ki, o, pulu Həcərə yox, evin tikintisi üçün Talehə vermiş, ikincisi ev tikmək istəməsi təklifini ona Həcər deyil, evin kişisi olan Taleh demiş və pulu da Taleh ondan almışdır. Taleh ondan 3000 manat pul almasını dolayısı ilə qəbul edir, lakin pulun qəsdən Həcər tərəfindən alınmasını bildirməklə öz yaxasını kənara çəkir. Digər tərəfdən Taleh işləyir, evinə qazanc gətirir, ailədə cəmi iki nəfərdilər. Evdə nə çatışmamazlıq olub ki, Həcər həmin pulu Talehin dediyinə görə "ümumi halda" xərcləsin, Taleh ümumiyyətlə yalan izahat verərək polisi də aldatmışdır. Artıq başa düşmüşdür ki, Taleh pulu vermək istəmir, Suraxanı RPİ-nin 30-cu PŞ-də bu işin mülki xarakterli olmasını, məhkəməyə müraciət etməsini ona məsləhət görmüşlər, ona görə də məhkəməyə müraciət etmişdir.Odur ki, Cavabdeh borca görə 3000 (üç min) manat və dövlət rüsumuna görə 50 (əlli) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmədə izahat verərək bildirmişdir ki, təxminən 4 il bundan əvvəl qayınanası İddiaçı qızına cehizi az verdiyinə görə onların kirayədə yaşadıqldarını nəzərə alaraq, Binə qəsəbəsində yaşadıqları evdə onlara 2800 manat pul verərək torpaq alıb ev tikmələrini məsləhət görmüşdür. Lakin, onlar torpaq ala bilmədiklərindən həmin puılu ailənin ehtiyacları üçün xərcləmişlər.Qayınanası İddiaçı həmin pulu onlara borc olaraq deyil, torpaq sahəsi alıb, ev tikmək üçün vermişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədova X2 rayonu Çaylı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının qızı cavabdehlə ailə həyatı qurmaqla Bakı şəhərində kirayə mənzildə yaşamışlar. İddiaçı cavabdehə 3000 manat pul verməsini cavabdeh qismən qəbul edərək 2800 pul verildiyini və həmin pulun torpaq sahəsi alaraq ev tikmək məqsədilə verildiyini göstərmişdir. İddiaçı da mübahisə olunan pulu torpaq sahəsinin alınması və ev tikilməsi məqsədilə verdiyini göstərsə də, həmin pulu əvəzsiz olaraq vermədiyini, cavabdehə 1 il müddətinə qaytarmaq şərti ilə borc olaraq verdiyini göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə 3000 manat pulu müəyyən müddət sonra qaytarmaq şərti ilə borc olaraq verməsini yalnız öz izahatı ilə əsaslandırmış, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh iddia tələbinə etiraznda mübahisə olunan pulun iddiaçının qızı ilə ailə münasibətləri dövründə torpaq sahəsinin alınması və həmin torpaq sahəsində yaşayış evinin tikilməsinin baş tutmaması səbəbindən ailənin ehtiyacları üçün xərcləndiyini, iddiaçının tələb olunan pulu ona borc vermədiyini göstərmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. «Qərar»ın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, İddiaçı Cavabdeh 3000 manat borc pul və 50 manat dövlət rüsumu tələbi barədə iddianın əsaslarını sübuta yetirə bilmədiyi üçün rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı mötəbər sübut təqdim edilməmiş və hüquqi əsaslar müəyyən edilməmişdir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh 3000 manat pul və 50 manat dövlət rüsumu tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar