Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-462/2023 08.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 21.000 manat məbləğdə borcun qaytarılması tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 21.000 (iyirmi bir min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə həmkəndlidir. Uzun müddətdir ki, bir-birini yaxından tanıyırlar. O, sahibkardır, Nəsimi kəndində yerləşən qarışıq mallar dükanını işlədir.Cavabdeh həmkəndli kimi həmişə dükanından alver edir. Borcu olanda da vaxtında ödəyirdi. 2021-ci ilin iyun ayında Cavabdeh ondan 21.000 manat məbləğində təcili ehtiyacı yarandığından borc pul istəmişdir. Biİdirmişdir ki, bir sıra daşınmaz əmlakları, torpaq sahəsi vardır. Onları satıb pulu qaytaracaqdır. Onlar artıq həmkəndli kimi bir–birini yaxından tanıyır və onun həqiqətən də əmlakları olmasını bilmişdir. Aralarında olan uzun müddətli münasibətə inanaraq o, cavabdehə xx.xx.2021-ci il tarixdə 21000 manat məbləğində pulu borc olaraq vermişdir. Cavabdeh öz təşəbbüsü ilə ona yazılı formada həmin borcu qəbul etməsini təsdiq edən qəbzi yazaraq vermişdir. Qəbzdə o qeyd etmişdir ki, bir ay müddətinə almış olduğu 21.000 manat pulu iddiaçıya qaytaracaqdır. Lakin həmin müdddət başa çatdıqdan sonra cavabdeh almış olduğu borcu qaytarmamışdır. Bir müddət sonra cavabdeh ona yaxınlaşıb bir qədər vaxt verməsini xahiş etmişir. O da cavabdehə borcunu qaytarması üçün vaxt vermişdir. Lakin cavabdeh verdiyi vədə əməl etməmiş və onunla əlaqəni kəsməyə başlamışdır. Sonradan o, yenə də cavabdehdən almış olduğu 21000 manat məbləğində borcunu ödəməsini tələb etmiş, yenə də cavabdeh əvvəlki kimi vədlər verməklə borcu qaytarmamışdır. Cavabhehə bu haqda xx.xx.2023-cü il tarixdə xəbərdarlıq etmiş, lakin cavabdeh məktubu almasına baxmayaraq heç bir cavab verməmişdir. Hazırda Cavabdeh ona 21000 (iyrmi bir min) manat məbləğində borcu vardır. Həmin borcu qaytarmaqdan boyun qaçırır. İddiaçı nümayəndəsi vəkil X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı 25 iyun 2021-ci il tarixdə 20.000 manat almışdır. Qəbzdə isə 21.000 manat yazmışdır. Həmin pulu birinci ayda min manat, ikinci ayda iki min manat, üçüncü ayda isə iyirmi iki min manat qaytarmışdır. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli yazılı qəbzdən görünür ki, Cavabdeh 25 iyun 2021-ci il tarixdə İddiaçı 21000 manat pul borc aldığını göstərməklə, həmin pulu bir ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu qaytarması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 230 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsin əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsin əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh məhkəməyə verdiyi ərizəsində və izahatında iddiaçının məhkəməyə təqdim etdiyi ona borc verməsi barədə qəbzin onun tərəfindən yazıldığını, lakin ərizəsində iddiaçıdan borc olaraq 20.000 manat aldığını, lakin borclu olması barədə iddiaçıya verdiyi yazılı qəbzdə borcunun 21000 manat olmasını göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Cavabdeh izahatında və ərizəsində iddiaçıdan 20.000 manat borc pul almasını, iddiaçıya verdiyi qəbzdə isə borc olaraq 21.000 manat aldğını göstərsə də, həmin pulu birinci ay min manat, ikinci ay iki min, üçüncü ayda isə iyirmi iki min manat qaytarmaqla borcunu ödədiyini göstərmiş, lakin istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsin əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh iddia tələbinə etirazını əsaslandıran məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, məhkəmə diqqətə çatdırır ki, işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 21.000 manat məbləğdə borc pul almış və həmin borc məbləğini bir aya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hazırkı vaxta kimi borc məbləğinin ödənilməsi iş üzrə sübutlarla təsdiqini tapmır. Ona görə də Cavabdeh İddiaçı xeyrinə 21000 manat məbləğdə pul vəsaiti tutulmalıdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 230 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 21.000 (iyirmi bir min) manat və ödənilmiş dövlət rüsumuna görə 230 (iki yüz otuz) manat alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-462/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-462/2023
08.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver