Məhkəmə qərarları › İş №2(022)-508/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-508/2023

13.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-508/2023 13.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6, vəkili X4, Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı ziyanın ondan tutulmasına dair ******* saylı 27 yanvar 2023-cü il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, ziyanın ondan tutulmasına dair ******* saylı 27 yanvar 2023-cü il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X6 iddia tələbinə uyğun izahat verərək göstərmişdir ki, Biləsuvar şəhəri, S.Vurğun küçəsi 100 saylı evdə yaşayır. Biləsuvar şəhəri M.İbrahimov küçəsində mülkiyyətində yaşayış evi vardır. Həmin evdə faktiki olaraq yaşamır. Belə ki, həmin evdə təmir gedir. Evinə qanunamüvafiq qaydada qaz xətti çəkdirmişdir. Hər ay sayğaca uyğun olaraq təbii qazdan istifadəyə görə hesablanmış pul məbləğini vaxtında ödəmişdir. 2023-cü ilin yanvar ayının 27 də Biləsuvar Qaz idarəsinin işçiləri evinə gələn qaz xəttini araşdırmış, araşdırmadan sonra onlar qərara gəlmişlər ki, guya onun qaz xəttinə əlavə xətt qoşulmuşdur. Halbuki belə bir hal olmamışdır. Digər tərəfdən o, adı çəkilən evi 3 ay olar almış və həmin evdə yaşayış belə yoxdur. 20 gün əvvəl də qaz işçiləri gəlib qaz xəttinə baxış keçirmişlər. Lakin heç bir qanunsuzluq aşkar etməmişlər. Buna dair dəfələrlə Aktı tələb etsə də bundan imtina etmişlər. Biləsuvar Qaz idarəsi ondan qərəzlidir. Hazırda tərtib etdikləri Aktın heç bir əsası yoxdur. Belə ki, onun qanunsuz xətti varsa bu sübut olunmalıdır. İkincisi qanunsuz xətti varsa bu xətt hara gedir, nə üçün istifadə olunur və nə məqsədlə çəkilməsi sübut olunmalıdır. Bir daha bildirir ki, onun evində qanunsuz xətt və həmin xəttdən istifadə olmamışdır.O, cavabdeh təşkilatın onu cərimə etməsinə dair aktını əsassız və qanunsuz hesab edir. Odur ki, ziyanın ondan tutulmasına dair ******* saylı 27 yanvar 2023-cü il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi vəkil X7 məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı ziyanın ondan tutulmasına dair ******* saylı 27 yanvar 2023-cü il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsinə dair qətnamə çıxarılmasına dair məhkəmədə iddia qaldırmışdır. Cavabdeh təşkilatın saxta qərarına əsasən o 3 min manata yaxın cərimə edilmişdir. Buna əsas kimi göstərilmişdir ki, guya iddiaçı qanunsuz qaz xəttinə qoşulmuş və evində 4 göz qaz piltəsi və kombi olmuşdur. Halbuki onun evində Kombi avadanlığı qurulmamış və evi təzə aldığından təmir işləri getməklə Kombi avadanlığı quraşdırmamışdır. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “Təbii qazdan stifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli, ******* saylı aktin ləğv edilməsi, həmin akt əsasında yazılmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçı Əzimov X3 rayonu, M.İbrahimov küçəsində yaşamaqla Lənkəran X9 İdarəsinin Biləsuvar Xidmət Sahəsində **********003750 saylı kodla abonent qeydiyyatındadır. Lənkəran RQİİ-nin Biləsuvar Xidmət Sahəsinin X15 və Satışı Xidmətinin rəisi Sanbala Mirzəyev, həmin xidmətin mühəndisi Camal Mirzəyev və qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri Şəhriyar Əliyev tərəfindən 27 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçı İddiaçı “X8”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması faktı aşkar edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və bu halı təsdiqləyən video çəkiliş aparılmışdır (Disk əlavə olunur). X11 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə İBECKİ edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq 27 yanvar 2023-cü il tarixdə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Yaşayış sahəsində istifadədə olan qaz cihazlarinın sərfiyyatına uyğun olaraq cəmi 30312 m3 olmaqla » Asif Ağakərim oğlunun abonent hesabına 3637 manat 44 qəpik pul hesablanmışdır. İddiaçı 27 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması, həmin akt əsasında yazılmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində sözügedən evin 3 aydır ki, aldığını qeyd etmişdir. İddiaçı ilə “Azəriqaz" İB arasında xx.xx.2014-cü il tarixli 13409-07-19 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və Biləsuvar AGİS abonent bazasında **********03750 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Odur ki, göstərilənlərə əsasən İddiaçı iddia ərizəsinin əsassız hesab edilərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bədinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İş materiallarında olan “Azəriqaz” X1 X9 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı 27 yanvar 2023-cü il tarixli aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı abonentin sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edilməsi müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X1 X9 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 yanvar 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 1.2 m3/saat, orta günlük iş rejiminin 24 saat, hesabat müddətinin 365 gün, su qızdırıcı kombinin maksimal saatlıq qaz sərfinin 3 m3/saat, orta günlük iş rejiminin 24 saat, hesabat müddətinin 275 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (1.2 x 24 x 365=10512, 3 x 24 x 275=19800, cəmi 30312m3) ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X1 X9 İdarəsi tərəfindən tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçı qaz xəttindən kənar qeyri qanuni qaz xətti müəyyən edilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejiminin 24 saat, hesabat müddətinin 365 gün, su qızdırıcı kombinin maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 275 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (1.2 x 24 x 365=10512, 3 x 24 x 275=19800, cəmi 30312m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qeyri qanuni qaz xəttindən istifadə baxımından istehlakçının təqsiri müəyyən olunmur. Belə ki, qaz sayğacına iddiaçının iştirakı ilə baxış keçirilməsi, daha sonra iddiaçının aktın tərtib edlməsində iştirakı və ondan sonra aktın bir surətinin iddiaçıya təqdim edilməsi, iddiaçının qeyd olunan qanunsuz qoşulma halının müəyyən edilməsindən sonra izahatının alınması və onun aşkar edilmiş pozuntuya münasibətinin aydınlaşdırılması istiqamətində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunmüvafiq tədbirlərin görülməsi iş materialları ilə müəyyən olunmur. Ona görə də iddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı 27 yanvar 2023-cü il tarixli akt qanunsuz olmuşdur. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 yanvar 2023-cü il tarixli № ******* saylı aktı ləğv edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 yanvar 2023-cü il tarixli ******* nömrəli aktı ləğv edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar