Məhkəmə qərarları › İş №2(022)-522/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-522/2023

06.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-522/2023 06.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, İddiaçı Əligüşad oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Əligüşad oğlunun Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 1.000 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əligüşad oğlu Cavabdeh qarşı ödənilməmiş borc qismində 1.000 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Əligüşad oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, o, əvvəllər R.İ.Məmmədovanı öz həmyerlisi kimi tanımış və həmin şəxslə münasibətləri yaxşı olmuşdur. 19 oktyabr 2021-ci il tarixdə cavabdeh onun yanına gələrək, ondan qısa zaman ərzində qaytarmaq şərti ilə 1.900 manat məbləğində pul vəsaitini borc istəmişdir. Buna görə də o, həmin tarixdə 1.900 manat məbləğində pul vəsaitini R.İ.Məmmədovaya borc vermiş və sonuncu da borcun etirafına dair qəbz yazaraq ona təqdim etmişdir. Həmin vaxt R.İ.Məmmədova özünün maaş kartını ona təqdim edərək, bildirmişdir ki, hər ay aldığı 350 manat məbləğində əmək haqqı həmin karta köçürülsə də, həmin kartdan ABB kommersiya bankına olan kredit borcuna görə hər ay 200 manat tutulur və qalan 150 manat məbləğində pul vəsaitini borcun əvəzi kimi götürsün. O, 6 ay ərzində həmin kartdan 900 manat pul vəsaiti çıxarsa da, sonradan R.İ.Məmmədovanın tələbi üzrə həmin kartı cavabdehə qaytarmışdır. Həmin vaxt R.İ.Məmmədova qalan 1000 manat məbləğində borcunu qısa müddət ərzində qaytaracağını vəd etməsinə baxmayaraq, uzun müddət keçsə də, cavabdeh ona olan borcunun qalan 1000 manat məbləğində hissəsini hazırki tarixədək müxtəlif bəhanələrlə qaytarmamış və borcun qaytarılmasına dair onun tələblərinə də heç bir əhəmiyyət verməmişdir. Buna görə də o, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış, bunun üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Sonda, İddiaçı iddianın təmin edilməsini, ödənilməmiş borc qismində 1.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında yazılı ərizə təqdim etməklə, iddianı etiraf edərək bildirdi ki, o, İddiaçı həmyerlisi kimi tanımış və həmin şəxslə münasibətləri normal olmuşdur. 19 oktyabr 2021-ci il tarixdə o, İddiaçı yanına gedərək, sonuncudan 1.900 manat məbləğində borc pul istəmişdir. İddiaçı ona həmin pul vəsaitini qısa müddətdə qaytarmaq şərtilə borc vermiş və o, öz xətti ilə borc qəbzi tərtib edərək imzalamaqla, sonuncuya təqdim etmişdir. Bundan əlavə, həmin pul məbləğini borc aldığı zaman iddiaçıya öz maaş kartını da təqdim etmişdir ki, hər ay maaşından ABB kommersiya bankına olan kredit borcuna görə aparılan tutulmalardan sonra qalıq vəsaiti nəğdləşdirərək borcun əvəzinə götürsün. Sonradan iddiaçı həmin maaş kartını ona qaytarmışdır. Həmin plastik kart hesabından çıxarışlardan ona məlum olmuşdur ki, onun kartından iddiaçı tərəfindən yalnız 900 manat məbləğində vəsait məxaric edilmişdir. O, maddi imkanı olmadığına görə iddiaçıya olan borcunu tam şəkildə və vaxtında qaytara bilməmiş və hazırki vaxtadək həmin borcun yalnız 900 manat məbləğində hissəsini İddiaçı geri ödəyə bilmişdir. Hazırda onun iddiaçıya 1.000 manat məbləğində borcu qalmışdır. Buna görə də İddiaçı haqlı olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianın təmin olunmasına razıdır və maddi vəziyyəti imkan verdiyi şəkildə iddiaçıya olan borcundan hissə-hissə ödənişlər edəcəkdir. Sonda, R.İ.Məmmədova iddia tələbinin təmin olunmasına razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Cavabdeh tərəfindən verilmiş qəbzdən görünür ki, R.İ.Məmmədova İddiaçı 19 oktyabr 2021-ci il tarixində 1.900 manat məbləğində pul vəsaitini borc aldığını etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 19 oktyabr 2021-ci il tarixdə iddiaçıdan 1.900 manat məbləğində pul vəsaitini borc almış və həmin tarixdə iddiaçıya borc almasına dair öz xətti ilə yazıb imzaladığı borc sənədi təqdim etmişdir. Lakin cavabdeh həmin borcu və ya onun hər hansı hissəsini iddiaçıya ödəməsi barədə məhkəməyə heç bir sənəd təqdim etməyərək, borc sənədini özünün tərtib edib imzalaması fatkını və iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə ödənilməmiş 1.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə cavabdehdən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı Əligüşad oğlunun iddiası təmin edilsin. Cavabdeh ödənilməmiş borcun əvəzi qismində 1.000 (bir min) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat, cəmi 1.030 (bir min otuz) manat məbləğində pul vəsaiti İddiaçı Əligüşad oğlunun xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.İddiaçı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar