Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-58/2024 11.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı 07 avqust 2023-cü il tarixli, 304268 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 721 manat 72 qəpik məbləğində cərimənin silinməsi barədə iddiasına dair mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı 07 avqust 2023-cü il tarixli, 304268 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 721 manat 72 qəpik məbləğində cərimənin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı onun atasıdır. İddiaçı onunla və digər ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Çinarlı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evi onun atası İddiaçı məxsusdur və həmin şəxs ötən müddət ərzində həmin evdə elektrik enerjisindən istifadə edərkən, abonent kimi öz vəzifələrini yerinə yetirməklə elektrik enerjisindən istifadəyə görə ödənişlərini də vaxtında aparmışdır. İddiaçıya məxsus elektrik sayğacı küçədə ağac gövdəsinin üzərində quraşdırılmışdır və həmin şəxs və onun ailəsi həmin sayğac vasitəsi ilə elektrik enerjisindən istifadə edirlər. Belə ki, 21 may 2021-ci il tarixdə iddiaçı Biləsuvar rayon elektrik şəbəkəsinə ərizə ilə müraciət edərək, elektrik kabellərinin mal-qara saxlamaq məqsədi ilə tikdiyi ağıldan keçdiyini, həmin kabellərin köhnə olduğuna görə hər dəfə kiçik qığılcımların ağılda olan quru otların və ya samanların üzərinə düşdüyü üçün yanğın təhlükəsi olduğunu bildirmiş və elektrik kabellərinin dəyişdirilməsini həmin dövlət qurumundan xahiş etmişdir. Həmçinin İddiaçı həmin ərizəsində onun evinə elektrik enerjisinin verilməsini təmin edən elektrik sayğacının primitiv şəkildə ağacın gövdəsində quraşdırıldığını və sayğacdan çıxan kabelin dəmir şiferlərə və ağac budaqlarına dəyərək, yararsız vəziyyətə düşdüyünü də bildirmişdir. Bundan sonra Biləsuvar rayon elektrik şəbəkəsinin əməkdaşları sayğaca baxış keçirmişlər və 23 iyun 2022-ci il tarixli aktda guya İddiaçı həmin sayğacı zədələdiyi və kənar xətt qoşmaqla elektrik enerjisini taladığı qeyd edilmişdir. Buna görə də iddiaçı barəsində itirilmiş elektrik enerjisinin əvəzi qismində 625 manat 52 qəpik məbləğində cərimə tətbiq edilmişdir. İddiaçı bununla bağlı Biləsuvar rayon elektrik şəbəkəsinə etiraz ünvanlasa da, həmin müəssisənin məsul şəxsləri cəriməni ödəməli olduğu və gələcəkdə cərimənin onun tərəfindən ödənilməsinin nəzərə alınacağını iddiaçıya bildirmişlər. Onun atası İddiaçı hissə-hissə həmin cəriməni ödəmişdir, lakin həmin vaxtdan bir neçə ay sonra, yəni 21 noyabr 2022-ci il tarixdə təkrarən iddiaçı barəsində eyni məzmunlu akt tərtib edilmiş və İddiaçı 566 manat 05 qəpik məbləğində cərimə hesablanmaqla yanaşı, elektrik verilişi də kəsilmişdir. İddiaçı həmin akta təkrarən etiraz etmiş və Biləsuvar rayon elektrik şəbəkəsinin rəhbərliyi İddiaçı qarşı əməkdaşların yanlışlığa yol verdiyini və cəriməni ödəməyini bildirmişlər. İddiaçı yaşadığı evə elektrik verilişini bərpa etmək naminə həmin cəriməni də ödəmişdir. Lakin həmin aktlar tərtib edildikdən sonra güya onun sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi bildirilən naqil xətdən ayrılmamış və həmin əməkdaşlar tərəfindən sayğacla və ya naqillə bağlı heç bir tədbir görülməmişdir. 07 avqust 2023-cü il tarixdə isə təkrarən iddiaçıya təhkim edilmiş elektrik sayğacına axşam saatlarında Biləsuvar rayon elektrik şəbəkəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və 304268 nömrəli akt tərtib edilməklə, güya İddiaçı elektrik sayğacının giriş naqilinin izolyasiyasını pozaraq sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi aşkar edilmiş və buna görə də həmin şəxsə yenidən 721 manat 72 qəpik məbləğində cərimə hesablanmışdır. Həmin akt iddiaçının və ya onun nümayəndəsinin iştirakı olmadan tərtib edilmişdir. Halbuki, nə iddiaçı, nə də onun digər ailə üzvləri sayğacdan kənar elektrik enerjisindən istifadə etməmişlər və İddiaçı barədə bu xüsusda cərimənin tətbiq edilməsi əsassızdır. "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş akt, habelə əvvəlki tarixli aktlar qanunsuz olmuşdur, lakin iddiaçı həmin cərimələri ödəmək məcburiyyətində qalmışdır. Belə ki, 23 iyun 2022-ci il və 21 noyabr 2022-ci il tarixli aktlar tərtib edildikdən sonra onun atası İddiaçı evinə elektrik enerjisi kəsilmiş və yalnız həmin cərimələr ödəniləməyə başlandıqdan sonra bərpa edilmişdir. Lakin iddiaçı öz təqaüdü vasitəsilə ona qanunsuz olaraq hesablanmış cərimələri ödəsə də, 07 avqust 2023-cü il tarixli akt əsasında ona hesablanmış cəriməni ödəyə bilmir. Buna görə də iddiaçı ona hesablanmış cəriməni ödəyəcəyi təqdirdə, təkrarən onun barəsində eyni məzmunda akt tərtib edilərək, cərimə hesablanacaqdır. Həmin xüsusatlara görə də İddiaçı məcbur qalıb 07 avqust 2023-cü il tarixli aktın etibarsız hesab edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin o bildirdi ki, 23 iyun 2022-ci il və 21 noyabr 2022-ci il tarixli aktlar tərtib edildikdən sonra həmin elektrik sayğacına gedən və "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərfəindən iddiaçının guya sayğacdan kənar istifadə etdiyi naqil xətdən ayrılmamış, lakin məhkəmə hazırlıq iclasında həmin xüsusat məhkəmə tərəfindən cavabdehin nümayəndəsinin diqqətinə çatdırıldıqdan sonra 04 dekabr 2023-cü il tarixdə "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndələri tərəfindən müvafiq naqil yenisi ilə əvəz edilmişdir. Sonda, Nümayəndə1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və şahidi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Biləsuvar elektrik şəbəkəsinin mühəndisidir. 07 avqust 2023-cü il tarixdə Biləsuvar rayonu, Çinarlı kəndinə gecə reydi təşkil edilmişdir. Həmin reyddə o da iştirak etmişdir. Reydin həyata keçirildiyi ərazi digər həmkarı X1 olduğu üçün o, İddiaçı evinə gedən elektrik xəttinə qoşulmuş sayğacın yoxlanılmasında iştirak etməmiş, kənarda dayanaraq, siqaret çəkmişdir. Onun reyd zamanı aşkar edilmiş pozuntudan xəbəri olmamışdır. Həmçinin həmin reyd gecə vaxtı təşkil olunmuş və nə abonent, nə də onun nümayəndəsi sayğaca baxış hərəkətlərində iştirak etməmişdir. Reyd zamanı yalnız abonentin evinin qarşısında yaşayan qonşu küçəyə çıxaraq, nə etdikləri barədə maraqlanmışdır. 23 iyun 2022-ci il və 21 noyabr 2022-ci il tarixli aktlar tərtib edildikdən sonra aşkar edilmiş pozuntunun aradan qaldırılıb-qaldırılmamasından və izolyasiya örtüyü pozulmuş naqilin yenisi ilə əvəz edilib-edilməməsindən onun məlumatı yoxdur. İşdə olan 347847 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə1 06 fevral 1974-cü il tarixdə Puşkin (hazırki Biləsuvar) rayonunda doğulmuş və həmin şəxsin doğulması barədə 27 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Həmin qeyddə Nümayəndə1 atası qismində X6 göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcraHakimiyyəti Başçısının Çinarlı və Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 oktyabr 2023-cü il tarixli, 5-39-7/-265/2023 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən də Biləsuvar rayonu, Çinarlı kəndində qeydiyyatda olan və yaşayan Nümayəndə1 atasıdır və həmin şəxslər hazırda birgə yaşayırlar. İşdə olan 21 oktyabr 2023-cü il tarixli, 503280 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı Nümayəndə1 mülki, kommersiya mübahisələri və inzibati məhkəmə icraatı ilə bağlı işlər üzrə İ instansiya və digər instansiya məhkəmələrdə özünü təmsil etmək səlahiyyətlərini etibar etmişdir. Müllki iş materiallarında olan 21 may 2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin rəisinə ünvanlanmış ərizə ilə müraciət edərək, onun evinə və həyətinə gedən elektrik naqillərinin köhnə olduğunu, təhlükəli şərait yaratdığını və onun elektrik enerjisindən istifadə etdiyi sayğacın əlverişsiz (ağacda) yerdə quraşdırıldığını, buna görə də sayğacın giriş kabellərinin dəmir şiferə və ağacın budaqlarına sürtünərək yararsız hala düşdüyünü bildirmiş və elektrik kabellərinin, həmçinin sayğacın giriş xəttininin yenisi ilə əvəz edilməsini xəhiş etmişdir. İşdə olan 23 iyun 2022-cü il tarixli, 261452 nömrəli aktın surətindən görünür ki, İddiaçı **********00022 kodlu abonentdir və ********** zavod nömrəli sayğac həmin şəxsin evinin yerləşdiyi küçədə quraşdırılmışdır. "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən 23 iyun 2022-ci il tarixdə, saat 22:10-da keçirilmiş yoxlama zamanı istehlakçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması yoxlanılmış və abonentin sayğacın giriş kabelini zədələyərək, birbaşa kənar xətt qoşmaqla sayğacı dövriyyədən çıxarmışdır. Mülki iş materiallarına əlavə edilmiş 21 noyabr 2022-ci il tarixli, 030485 nömrəli aktın surətindən görünür ki, İddiaçı **********00022 kodlu abonentdir və ********** zavod nömrəli sayğac həmin şəxsin evinin yerləşdiyi küçədə quraşdırılmışdır. "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən 21 noyabr 2022-ci il tarixdə keçirilmiş yoxlama zamanı istehlakçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması yoxlanılmış və abonentin sayğacın giriş xəttini zədələyərək, kənar xətt qoşmaqla elektrik enerjisindən istifadə edir. İş materiallarına əlavə edilmiş 07 avqust 2023-cü il tarixli, 304268 nömrəli aktın surətindən görünür ki, İddiaçı **********00022 kodlu abonentdir və ********** zavod nömrəli sayğac həmin şəxsin evinin yerləşdiyi küçədə ağac gövdəsinə quraşdırılmışdır. "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları – Elmar Əmirovun, Şahid, Rüfət Abbaszadənin və abonentin nümayəndəsi Nümayəndə1 Məhəmməd oğlunun iştirakı ilə 07 avqust 2023-cü il tarixdə, saat 21:30-da istehlakçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması yoxlanılmış və ********** zavod nömrəli, “DD-526” tipli sayğacın dövlət möhürünün və alt qapaq möhürünün pozulmadığı, sayğacın üst qapağında dəlik açılmadığı, abonentin elektrik sayğacının giriş naqilinin izolyasiyasını pozaraq sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Sayğacdan kənar çəkilmiş naqil aliminium materialından olmaqla ikidamarlıdır, naqilin en kəsiyinin ölçüsü 2,5 kvadratmillimetrdir. Həmin aktı “imza edənlər” qrafasında "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları imza icra etsələr də, həmin qrafanın “məişət abonenti” hissəsində heç bir qeyd icra edilməmişdir. Mülki iş materiallarına əlavə edilmiş **********00022 abunə kodlu elektrik enerjisi istehlakçısı İddiaçı abunə saldosundan görünür ki, İddiaçı 2023-cü ilin avqust ayı ərzində 22 manat 50 qəpik, 659 manat 36 qəpik və 39 manat 92 qəpik, cəmi 721 manat 78 qəpik məbləğində borc hesablanmışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, həmin görüntüləri aparan şəxs "xxxx" ASC-nin Satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən 07 avqust 2023-cü il tarixdə elektrik sayğacına baxış keçirildiyini, sayğacın zavod nömrəsinin **********, göstəricisinin 120441, alt qapaq möhürünün ******* olduğunu elan etməklə, yanaşı bildirir ki, “abonent sayğacın giriş xəttini zədələyərək, birbaşa kənar xətdən istifadə edir. Sayğaca yuxarıdan gələn xətt giriş xəttini zədələmişdir.” Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Nümayəndə1 Məhəmməd oğlu İddiaçı oğludur. İddiaçı elektrik enerjisi təchizatı üzrə **********00022 abonent kodlu elektrik enerjisi istehlakçısıdır və elektrik enerjisindən Biləsuvar rayonu, Çinarlı kəndində yerləşən özünəməxsus yaşayış evinin yerləşdiyi küçədə, ağacın gövdəsinə quraşdırılmış sayğac əsasında istifadə edir. 23 iyun 2022-ci il və 21 noyabr 2022-ci il tarixlərdə "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşlarının keçirdikləri reydlər zamanı İddiaçı ********** zavod nömrəli sayğacına baxış keçirilmiş və baxış zamanı həmin şəxsin sayğacın giriş xəttinə əlavə naqil qoşmaqla, sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi barədə 261452 və 030485 nömrəli aktlar tərtib edilərək, İddiaçı barəsində sayğacdan kənar elektrik enerjisindən qanunsuz istifadəyə görə dəymiş ziyan qismində cərimələr tətbiq edilmiş və abonent həmin cərimələri ödəmişdir. 07 avqust 2023-cü il tarixdə, saat 21:30-da istehlakçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması yoxlanılmış və iddiaçı barəsində təkrarən sayğacın giriş xəttinə əlavə naqil qoşmaqla, sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi barədə 304268 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında İddiaçı 721 manat 72 qəpik məbləğində cərimə hesablanmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi həmin Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7-ci bəndinin tələbinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinin tələbinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən həmin Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və həmin Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmçinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələbinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2018-ci il tarixli Qərarına görə məhkəmə aşağıdakı meyarları rəhbər tutaraq sübutları, özünün müstəqil, əsaslı və hərtərəfli, tam, obyektiv və birbaşa işdə olan hüquqi faktların araşdırılmasına əsaslanaraq məntiqi mülahizələrinə görə qiymətləndirir: 1) sübutların aidliyi, 2) sübutların mümkünlüyü, 3) sübutların həqiqiliyi, 4) sübutların qədərincə kifayətliyi, 5) sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi. Sübutların aidliyi dedikdə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (Mülki Prosessual Məcəllənin 80cı maddəsi). Sübutların mümkünlüyü dedikdə yalnız qanuna və digər normativ aktlara əsasən işin hallarını təsdiq edən sübutetmə vasitələri başa düşülür (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Sübutların həqiqiliyi bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan onun mötəbərliyidir. Sübutların kifayətliyi məhkəməyə iş üzrə qanuni və əsaslı qərar qəbul etməyə imkan verən xüsusiyyətdir. Sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi isə onların zəncirvari, ardıcıl olaraq birinin digərinə bağlılığı və ya birinin digərini təsdiqi və yaxud onlar arasında heç bir əksliyin və ziddiyyətin olmamasıdır. Məhkəmə qətnaməsi o zaman qanuni və əsaslı ola bilər ki, o aidiyyət və mümkünlük əlamətlərinə malik olan sübutlar əsasında qəbul edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələbinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən sayğacdan kənar elektrik enerjisindən istifadə edildiyi enerji təchizatı müəssisəsinin nümayəndəsi tərəfindən aşkar edildikdə istehlakçının (məişət abonentinin), o cümlədən özünün iştirakı ilə akt tərtib etməli və həmin aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. Həmin bəndin tələbindən də göründüyü kimi sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi halı aşkar edildiyi zaman enerji təchizatı müəssisəsinin nümayəndəsi tərəfindən tətbiq edilməli olan hərəkətlərin dairəsi qanunverici tərəfindən dəqiq şəkildə müəyyən edilmiş və sonuncuya heç bir dispozitiv səlahiyyət verilməmişdir. Yəni enerji təchizatı müəssisəsinin nümayəndəsi bir qayda olaraq, istehlakçı tərəfindən sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi halını aşkar etdiyi zaman sonuncunun iştirakı ilə akt tərtib etməli və həmin aktın bir nüsxəsini isə istehlakçıya təqdim etməlidir. Bundan başqa, həmin Qaydaların tələbinə görə istehlakçı həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. Lakin iş üzrə mübahisə predmeti olan "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş və 07 avqust 2023-cü il tarixli, 304268 nömrəli aktın “Biz aşağıda imza edənlər”qrafasında iştirakçılar olaraq baxışı həyata keçirən enerji təchizatı müəssisəsinin nümayəndələrin adları ilə birlikdə abonentin nümayəndəsi qismində X5 adı qeyd edilsə də, habelə həmin aktın “Aktın doğruluğunu imzalarımızla təsdiq edirik” hissəsində enerji təchizatı müəssisəsinin nümayəndələri öz adlarını qeyd edərək, aktı imzalasalar da, lakin aktın “Məişət abonenti” hissəsində heç bir qeyd icra edilməmişdir. Belə bir hal isə abonentin və ya onun nümayəndəsinin həmin baxış hərəkətlərinin həyata keçirilməsində iştirak etdiyini şübhə altına salmaqla, həmin aktın “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələbinə uyğun formada tərtib edilmədiyini göstərir. Habelə məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşı öz ifadəsində iddiaçının və ya onun nümayəndəsinin həyata keçirilmiş yoxlama hərəkətlərində iştirak etmədiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 07 avqust 2023-cü il tarixli, 304268 nömrəli aktda iştirakçılar qismində abonentin nümayəndəsi Nümayəndə1 adının qeyd edilsə də, abonent və ya onun nümayəndəsi tərəfindən aktın imza edilməməsi, həmin şəxsin və ya şəxslərin aktı imzalamaqdan imtina etmələri barədə müvafiq qeyd aparılmaması, həmin aktın “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələbinə uyğun olaraq tərtib edilməməsi deliktin törədilməsini təsdiq edən həmin sübutun mötəbər olmadığına dəlalət edir. Həmçinin əgər abonent həmin baxış hərəkətlərində iştirak etməkdən və ya akta imza icra etməkdən imtina etmişsə, bu barədə həmin aktda "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən qeyd aparılmalı və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalı idi. Cavabdehin nümayəndəsi tərəfindən isə həmin baxış hərəkətlərini özündə ehtiva edən video görüntülər olan “CD” diskdəki görüntülərdə iddiaçı tərəfindən yol verilmiş pozuntu halı dəqiqliklə təsbit edilməmişdir və həmin görüntülər əsasında iddiaçıya məxsus evdə sayğacdan kənar elektrik xəttindən istifadə edildiyini dəqiq müəyyən etmək mümkün deyil. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş videogörüntülərə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edildi ki, baxış hərəkətləri "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndələri tərəfindən gecə saatlarında aparılmışdır. Həmin videoda çəkiliş aparan şəxs tərəfindən evin yerləşdiyi küçədə olan ağacın gövdəsində quraşdırılmış sayğaca qoşulan və həmin əməkdaşlar tərəfindən sayğacdankənar elektrik enerjisinin talanma vasitəsi olan naqil göstərilsə də, həmin naqilin bir hissəsinin hara yönəlməsi, abonentin evinə harada və necə qoşulması göstərilməmiş, habelə sayğacdankənar elektrik enerjisindən istifadə edilməsi məqsədi ilə çəkildiyi iddia olunan naqilin həqiqətən də abonent İddiaçı evinə istiqamətlənməsi və ya qoşulması göstərilməmiş, sadəcə iddiaçının evinə getdiyi bildirilmişdir. Həmçinin cavabdehin nümayəndəsi tərəfindən məhkəmə təqdim edilmiş 07 avqust 2023-cü il tarixli, 304268 nömrəli aktın surətində abonent İddiaçı tərəfindən aktın digər nüsxəsini alınmasını təsdiq edən heç bir qeyd aparılmamışdır. Bundan başqa, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 23 iyun 2022-ci il və 21 noyabr 2022-ci il tarixlərdə "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşlarının keçirdikləri reydlər zamanı tərtib edilmiş 261452 və 030485 nömrəli aktlarda İddiaçı ********** zavod nömrəli sayğacın giriş xəttinə əlavə naqil qoşmaqla, sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi qeyd edilsə də, Azərişıq» açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən bundan sonra həmin kənar xətt ləğv edilməmiş və ya elektrik enerjisinin talanması halının qarşısının alınması məqsədi ilə heç bir tədbir görülməmişdir. Bununla əlaqədar, məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş videogörüntülərdə abonent İddiaçı tərəfindən sayğacdan kənar elektrik enerjisindən istifadə olunmasına istinad edilən naqilin birləşdiyi digər hissə qeydə alınmadığına, o cümlədən həmin naqilinin hara istiqamətləndiyi hissələr (abonentin evinə və ya digər yaşayış evinə) dəqiq göstərilmədiyinə görə iddiaçının təqsirli, hüquqa zidd davranışını müəyyən edən hal müəyyən edilmir. Həmçinin 23 iyun 2022-ci il və 21 noyabr 2022-ci il tarixlərdə iddiaçı iki dəfə eyni xüsusat üzrə, yəni elektrik enerjisindən qanunsuz istifadə etdiyinə görə cərimələnmiş, lakin həmin halın aradan qaldırılması istiqamətində məsul orqan tərəfindən müvafiq tədbirlər görülməmişdir. Bundan sonra isə abonent eyni əmələ görə təkrarən cərimələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə inzibati məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X2 əsasən Agentlik digər hallarla yanaşı Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir, müvafiq sahədə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə nəzarəti həyata keçirir, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür, Azərbaycan Respublikası Energetika Nazirliyinin müəyyən etdiyi bölgüyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Naziliyin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edir. “Azərbaycan Respublikasının Energetika Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Energetika Nazirliyinin 02 dekabr 2019-cu il tarixli, F-108 nömrəli əmrində dəyişikliklər edilməsi barədə əmrinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində nzəərtə tutulan inzibati xəta haqqında işlərə baxmaq Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətindədir. Belə ki, əgər enerji təchizatı müsəssisəsinin nümayəndəsi tərəfindən elektrik enerjisinin talanması halı aşkar edilmişsə, bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməli və həmin orqan tərəfindən Azərbaycan Respublikası İXM-nin 282-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməli və abonent inzibati məsuliyyətə cəlb edilməlidir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına əsasən məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016 il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Şoşanovanın şikayəti üzrə” 11 fevral 2015-ci il tarixli Qərarına görə məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunla qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirsiz şəkildə törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı tərəfindən qanuniliyi və həqiqiliyi mübahisə edilən 22 noyabr 2022-ci il tarixli, 304268 və 07 avqust 2023-cü il tarixli, 304268 nömrəli aktların “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələblərinə uyğun şəkildə tərtib edilmədiyi, yəni həmin aktın tərtib edildiyi vaxt abonentin (iddiaçının) iştirakı təmin edilmədiyi müəyyən edilməklə yanaşı, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş yalnız 07 avqust 2023-cü il tarixdə həyata keçirilmiş baxış hərəkətləri barədə videogörüntülərdə məhz İddiaçı tərəfindən elektrik sayğacından kənar elektrik enrerjisindən istifadə hallarını təsdiq edən görüntülər olmaması iddiaçı tərəfindən elektrik enerjisinin talanmasına şübhə doğurmuşdur. Bundan başqa, İddiaçı iddia ərizəsində ona hesablanmış cərimə miqdarını 721 manat 72 qəpik kii göstərsə də, abonenin saldosundan görünür ki, iddiaçıya 2023-cü ilin avqust ayı üzrə 22 manat 50 qəpik, 659 manat 36 qəpik və 39 manat 92 qəpik olmaqla, cəmi 721 manat 72 qəpik məbləğində borc hesablanmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, "xxxx" açıq səhmdar cəmiyyətinin 07 avqust 2023-cü il tarixli, 304268 nömrəli aktı etibarsız hesab edilməli və elektrik enerjisindən qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış 721 manat 72 qəpik məbləğində pul vəsaiti silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı iddiası təmin edilsin. "xxxx" açıq səhmdar cəmiyyətinin 07 avqust 2022-ci il tarixli, 304268 nömrəli aktı etibarsız hesab edilsin və həmin akt əsasında elektrik enerjisindən qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış 721 (yeddi yüz iyirmi bir) manat 72 (yetmiş iki) qəpik məbləğində pul vəsaiti silinsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-58/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-58/2024
11.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver