Məhkəmə qərarları › İş №2(022)-64/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-64/2024

16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-64/2024 16.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş 13 sentyabr 2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə iddia tələbini müdafiə edərək göstərmişdir ki, Biləsuvar şəhər S.Vurğun küçəsi dalan 14A-da yaşayır. Evinə qanunamüvafiq qaydada işıq xətti çəkilmiş və uzun illərdir ki, sayğac da quraşdırılmışdır. Hər ay 20-30 manatlıq elektrik enerjisindən istifadə edir və pulunu ödəyir.13 sentyabr 2023-cü il tarixdə evinə gələkən küçədə iki nəfər şəxsin olduğunu görmüş, həmin şəxslərin rayon adamları olmadığını görüb nə axtardıqlarını soruşmuşdur. Onlardan kim olduqlarını və sənədlərini tələb etmişdir. Lakin onlar bir söz deməyərək oradan uzaqlaşmışlar. Sonradan ona məlum olmuşdur ki, cavabdeh təşkilat tərəfindən barəsində 13 sentyabr 2023-cü il tarixdə akt yazmışlar. Həmin akta əsasən o, cərimə edilmişdir. Həmin aktla o, tanış edilməmiş və imzası da yoxdur. O, həmin aktı qanunsuz hesab edir. Belə ki, yazılmış akt nəyə görə ona bildirilməyib və ona verilməmişdir. Digər tərəfdən həmin illərdə qüvvədə olan qanunvericiliyə görə aktlara imza edən şəxslər kənar şəxslər olmalı idi. İşıq idarəsinin işçiləri şahid kimi aktı imzalaya bilməzdilər. Bu cür tərtib edilmiş akt qanunsuz olduğundan ləğv olunmalıdır. Odur ki, "xxxx" ASC-nin barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş 13 sentyabr 2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 5-39-1/2-3231/2023 saylı arayışından görünür ki, İddiaçı Biləsuvar şəhəri S.Vurğun küçəsi ev 14A-da yaşayır. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 13 sentyabr 2023-cü il tarixli AKT NDM № № 034165 saylı aktından görünür ki, abonent İddiaçı məxsus yaşayış evinə quraşdırılmış **********02138 kodu olan sayğaca baxış zamanı məlum olmuşdur ki, sayğacın şəbəkəyə qoşulma ardıcıllığı pozulmuş, kənardan verilən «0» xətti vasitəsi ilə sayğac dövrədən kənarlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş videoçəkilişlə müəyyən edilmişdir ki, iddiaçıya məxsus elektirk sayğacına baxış keçirilərkən kənardan verilən «0» xətti vasitəsi ilə sayğac dövrədən kənarlaşdırılmış, ona görə də keçən elektrik enerjisini tam olaraq qeyd etmir. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 13 sentyabr 2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı barəsində cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 13 sentyabr 2023cü il tarixli aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar