Məhkəmə qərarları › İş №2(022)-644/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-644/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-644/2024 24.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş 2050 (iki min əlli) manat məbləğində sığorta ödənişinin subroqasiya hüququ əsasında tutulması tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC tərəfindən ödənilmiş 2050 (iki min əlli) manat sığorta ödənişinin məbləği və ödənilmiş 40.5 (qırx manat əlli qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 2090 (iki min doxsan) manat 50 (əlli) qəpik pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Hyundai Sonata” markalı, 90EE041 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli, PSS********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən cəmiyyətdə sığortalanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu ərazisində avtomobili idarə edərkən “Vaz 21102" markalı, K961XC05 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmiş və hadisə yerindən yayınmışdır. Bakı şəhəri DYPİ Ekologiya Postunun “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan və Ekologiya Yol patrul xidməti baş inspektoru polis kapitanı Babaşov Müşfiq Əli oğlunun xx.xx.2021-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərarından görünür ki, 2021-ci ilin 10 oktyabr tarixində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Vaz 21102” markalı, K961XC05 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” Qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, müqavilə üzrə cəmiyyətlə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən qiymətləndirilərək 2050 (iki min əlli) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, 1-1809/21 saylı sığorta ödəniş aktına və xx.xx.2021-ci il tarixli 16112021-9300-242 saylı ödəniş tapşırığına əsasən 2050 (iki min əlli) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Faydalanan şəxsə ödənilmiş 2050 (iki min əlli) manat məbləği cavabdeh tərəfindən cəmiyyətə qaytarılmalıdır. Cavabdehə bu barədə xx.xx.2024-cü il tarixli, 2- 368 saylı pretenziya məktubu da göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Qüsur aktından görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyatı hadisəsi zamanı “Vaz 21102” markalı, K961XC05 dövət qeydiyyat nömrə nişanlı avtomobilə ümumilikdə 2050 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 1-1809/21 saylı sığorta ödəniş aktı və 17.11,2021-ci il tarixli 16112021-9300-242 saylı ödəniş tapşırığından görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyatı hadisəsi zamanı “Vaz 21102" markalı, K961XC05 dövət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyana görə 2050 (iki min əlli) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinin tələbinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” 24 iyun 2011-ci il tarixli (№ 165-İVQ) Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə hesab edir ki, sığorta ödənişinin əvəzi qismində 2050 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40.5 manat məbləğində pul vəsaitləri Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40.5 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2050 (iki min əlli) manat və ödənilmiş 40.5 (qırx manat əlli qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 2090 (iki min doxsan) manat 50 (əlli) qəpik pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar