Məhkəmə qərarları › İş №2(022)-65/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-65/2024

18.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-65/2024 18.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi mülkiyyətdə payın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, Biləsuvar rayon Xırmandalı kəndində yerləşən JN 204 saylı Dövlət Aktına əsasən 1.5170 hektar və 1.5250 hektar pay torpaq sahəsindən payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək izahatında bildirmişdir ki, o, Biləsuvar rayonu Xırmandalı kəndində yaşayır. Biləsuvar rayonunda torpaq islahatı aparılarkən Biləsuvar rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Xırmandalı kəndində ona və ailə üzvləri olan cavabdehlərə 2 yerdə 1.5170 hektar və 1.5250 hektar olmaqla cəmi 3.04 hektar pay torpaq sahəsi verilmişdir. Buna dair rəsmi JN 204 saylı Dövlət Aktı da vardır.Hazırda pay torpaq sahəsində payının müəyyən edilməsini istəsə də cavabdehlər buna imkan verməməsinə görə mümkün deyildir. Hazırda ümumi mülkiyytətlərində olan pay torpaq sahəsində müvafiq iş görmək istəyir. Lakin cavabdehlər buna imkan vermir. Ona görə də ümumi mülkiyyətlərində olan pay torpaq sahəsindən payının müəyyən edilməsi zərurəti yaranmışdır.Odur ki, JN 204 saylı Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətlərinə verilmiş 3,04 ha torpaq sahəsində payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rüstəmov X1 rayonu, Xırmandalı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair JN-204 kod 80807028 saylı Dövlət Aktından görünür ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 17 avqust 2000-ci il tarixli 09 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 3.04 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edir ki, iddiaçı və cavabdehlər arasında ailə daxili narazılıq səbəbindən aralarında münasibət pozulmuş və iddiaçı mübahisəli torpaq sahəsindən çıxmış, torpaq sahəsi cavabdehlərin istifadəsində qalmışdır. Tərəflər torpaq sahəsindən istifadə edilməsi ilə bağlı razılığa gələ bilməmiş, həmçinin iddiaçının ümumi əmlakdan istifadə etmələri mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 222 223-cü maddələrinin tələbinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər; Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. MM-in 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Biləsuvar rayon Aqrar İslahat komissiyasının 17 avqust 2000-ci il tarixli 09 saylı qərarı ilə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən 3.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/3 hissədə payı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Biləsuvar rayon Aqrar İslahat komissiyasının 17 avqust 2000-ci il tarixli 09 saylı qərarı ilə İddiaçı, Cavabdeh1, Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən 3.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/3 hissədə payı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar