Məhkəmə qərarları › İş №2(022)-755/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-755/2023

01.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-755/2023 01.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qazdan istifadə qaydalarının pozulması haqda aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, cavabdeh "Azəriqaz" İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi və cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək bildirdi ki, o, Biləsuvar rayonu Nərimankənd kəndində yaşayır.Hər ay abunə pulunu vaxtlı-vaxtında ödəyir. O, Biləsuvar rayonu Nərimankənd kəndində müəllimə işləyir. Azəriqaz X1 İstismarı İdarəsi xx.xx.2023-cü il tarixdə onun barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişdir.Həmin aktı qanunsuz hesab edir.Belə ki, o, heç bir vaxt qaz sayğacına müdaxilə etməmiş, həmin qaz sayğacında yazılmış pulları vaxtlı-vaxtında ödəmişdir.Ona qaz sayğacının həddindən artıq az pul yazmasını irad olaraq bildirmişlər. Onun əsasən vaxtının çoxu məktəbdə, istirahət günləri isə uşaqlarının yanında Bakı şəhərində keçirir, onun qaz idarəsinə bu günə kimi borcu olmamışdır.Odur ki, Azəriqaz X1 istismarı idarəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktın ləğv edilməklə, barəsində olan cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Suraxanı rayonu Y/Günəşli qəsəbəsi VY/S, ev 12, mənzil 57-də qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar RİHB-nin Nərimankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-13/2-390/2023 saylı arayışında göstərilir ki, İddiaçı Bakı şəhəri Suraxanı rayonu Y/Günəşli qəsəbəsi VY/S, ev 12, mənzil 57-də qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayır. İş materiallarında olan “Azəriqaz” X3 X6 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 mart 2023-cü il tarixli № ******* nömrəli aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı qaz sayğacının hesablama mexanizmindən keçən qazın sərfiyatını qeydə almaması, sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxdığı aşkar edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X3 X6 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 mart 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 4 m3/saat, orta günlük iş rejiminin 12 saat, hesabat müddətinin 30 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (4 x 12 x390=1440 m3) ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ******* nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və Zinner tipli G-4 markalı **********1 nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparılmışdır. Mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə qaz təsərrüfatı işçiləri iddiaçıya məxsus evin qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış ******* nömrəli qaz sayğacının dövrü dövlət yoxlamasına göndərilməsi üçün çıxararaq müvafiq akt tərtib etmiş və çıxarılmış sayğacın yerinə başqa sayğac quraşdırılmışdır. İddiaçı ******* nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və bu barədə aktda sayğacın yararlı vəziyyətdə qəbul edilməsinə dair qeyd aparmışdır. İş materiallarında olan “Azəriqaz” X3 X6 İdarəsi tərəfindən tərtib edilmiş 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X2 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış zamanı qaz sayğacının hesablama mexanizmindən keçən qazın sərfiyatını qeydə almaması, sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxdığı aşkar edilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (4x12x30=1440 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 mart 2023-cü il tarixli № ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış cərimə məbləği iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 mart 2023-cü il tarixli № ******* saylı aktı ləğv edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 mart 2023-cü il tarixli № ******* nömrəli aktı ləğv edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar