Məhkəmə qərarları › İş №2(022)-765/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-765/2023

06.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-765/2023 06.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qazdan istifadə qaydalarının pozulması haqda aktın ləğv edilməsi və hesablanmış 1555,2 (min beş yüz əlli beş) manat məbləğində cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X8 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, cavabdeh "Azəriqaz" İB tərəfindən tərtib edilmiş ******* nömrəli 09 aprel 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqda aktın ləğv edilməsi və hesablanmış 1555,2 (min beş yüz əlli beş) manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, 22 fevral 2023-cü il tarixində qaz təsərrüfatı işçiləri ona məxsus evin qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış G-4 markalı ******* nömrəli qaz sayğacını yenisi ilə əvəzlənməsi üçün çıxararaq akt tərtib etmişlər. Çıxarılmış sayğacın yerinə yeni sayğac quraşdırıldı. Sayğacın çıxarılması və yenisi ilə əvəzlənməsi zamanı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 22 fevral 2023-cü il tarixli ******* saylı akt tərtib edildi.2023-cü ilin may ayında qaz idarəsinin nəzarətçisi ona bildirmişdir ki, “sənin 1555,2 manat cərimə borcun var və çalış həmin cəriməni ödə yoxsa qazını kəsərlər”. O, cəriməni necə əmələ gəlməsinin səbəbini soruşmuş və ona bildirilmişdir ki, sayğacla bağlıdır.Bunula bağlı rayon qaz idarəsinə gedərək araşdırmış və ona demişlər ki, “bəs sənin sayğacın götürüləndən sonra məlum olub ki, müdaxilə var ona görə sənə cərimə yazılıb”. O, cərimənin hansı sənədlər əsasında yazıldığını və həmin sənədlərin ona təqdim edilməsini xahiş etmiş və ona bu haqda sənədlərin surətlərini vermişlər.Həmin verilmiş sənədlərdə olan 30 aprel 2023-cü -ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilir ki, "ARDNŞ "Azəriqaz" X5 Departementinin Sayğacların müayinəsi labaratoriyasının, qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-4266-1 saylı aktına əsasən G- 4 markalı ******* nömrəli sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizinin qapağına vurulan plombun yuvası sınıb. Zavod qurğuşun plombun yuvasından çıxarılması mümkündür. Sayğac istismara yararsızdır.Tələbnamədən göründüyü kimi 22 fevral 2023cü il tarixdə əvəzləmə ilə əlaqədar çıxarılmış mexaniki tipli G-4 markalı nömrəsi ******* olan sayğacın yoxalanması zamanı sayğacın hesablama mexanizminin qapağına vurulan plombun yuvasının sinması aşkar edilmişdir. Sayğac özü artıq isitsmara yarasızdır.Bu tamamailə yalan və böhtandır.Belə ki, həmin sayğac yenisi ilə əvəzlənəndə o, şəxsən abonenet kimi orada iştirak etmis, sayğac xəttdən açılmış və qaz işçiləri həmin sayğaca baxaraq onda hər hansı bir çatışmamazlıq aşkar edilməmiş və həmin sayğacı gəldikləri maşına tullamışlar. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Xırmandalı kəndində qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar RİHB-nin Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-3/2-869 saylı arayışında göstərilir ki, X1 rayonu, Xırmandalı kəndində yaşayır. İş materiallarında olan “Azəriqaz” X9 X11 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 09 aprel 2023-cü il tarixli № ******* nömrəli aktına əsasən X4 məxsus sayğaca baxış zamanı qaz sayğacının hesablama mexanizminin qapağına vurulan plombun yuvasının sınması və zavod qurğuşun plombun yuvasından çıxarmasının müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X9 X11 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 aprel 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 6 m3/saat, orta günlük iş rejiminin 24 saat, hesabat müddətinin 90 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (6 x 24 x 90=12960 m3) ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, X4 məxsus Elister tipli G-4 markalı ******* nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və Elister tipli G-4 markalı ******* nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparmışdır. Mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə qaz təsərrüfatı işçiləri iddiaçıya məxsus evin qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış Elster tipli G4 markalı qaz sayğacının dövrü dövlət yoxlamasına göndərilməsi üçün çıxararaq müvafiq akt tərtib etmiş və çıxarılmış sayğacın yerinə başqa sayğac quraşdırılmışdır. X2 “Elster” tipli G-4 markalı ******* nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və bu barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul edilməsinə dair qeyd aparmışdır. İş materiallarında olan “Azəriqaz” X9 X11 İdarəsi tərəfindən tərtib edilmiş 30 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, G4 markalı ******* saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X6 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış zamanı qaz sayğacının hesablama mexanizminin qapağına vurulan plombun yuvasının sınması və zavod qurğuşun plombun yuvasından çıxarılması müəyyən edilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (6 x 24 x 90=12960 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 09 aprel 2023-cü il tarixli № ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış cərimə məbləği iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 09 aprel 2023-cü il tarixli № ******* saylı aktı ləğv edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı X8 barəsində “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 09 aprel 2023-cü il tarixli № ******* nömrəli aktı ləğv edilsin və X4 yazılmış 1555.2 manat iddiaçının abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar