Məhkəmə qərarları › İş №2(022)-769/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-769/2023

13.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-769/2023 13.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azərişıq”Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş NDM № 031992 saylı, xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi və dəymiş ziyana görə iddiaçıya hesablanmış 617,90 (altı yüz on yeddi manat 90 qəpik) manat cərimə məbləğinin **********03991 saylı abonent hesabından silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışıdır ki, "xxxx" ASC ilə mərhum anası X2 arasında Biləsuvar şəhəri Təyyarə meydanı yaşayış massivində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsinə dair bağlanılmış müqaviləyə əsasən istehlakçı olaraq **********03991 saylı abonent kodu verilmişdir. Bir istehlakçı kimi istifadə etdikləri elektrik enerjisinin dəyərini həmişə normal ödəmiş, elektrik enerjisindən istifadə qaydalarına və mövcud müqavilə şərtlərinə uyğun istifadə etmişlər. Anası N.Süleymanova vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndələri tərəfindən onlara xəbərdarlıq edilmədən, baxışda iştirakı təmin edilmədən yaşadıqları fərdi yaşayış evinin elektrik enerjisi sayğacına baxış keçirilmişdir. Baxışın nəticəsi olaraq, NDM № 031992 saylı, xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və həmin aktda onlara guya Elektrik Enerjisindən istifadə Qaydalarını pozmaqlarına dair qeyd yazılmışdır. Sayğaca baxış onlara xəbər verilmədən və onların iştirakı təmin edilmədən keçirilmişdir. Sonradan ərazi üzrə nəzarətçi onlara bildiriş təqdim edərkən 617 manat 90 qəpik (altı yüz on yeddi manat 90 qəpik) borc yazıldığını görmüş və borcun səbəbini soruşduqda bildirilib ki, guya onlar kənardan verilən naqillə elektrik sayğacını dövriyyədən kənarlaşdırmış və yazılmış cərimə də bununla bağlı tətbiq edilmişdir.Tərtib edilmiş həmin aktdan da görünür ki, istehlakçının baxışda iştirakı təmin edilməmiş, yəni xəbərdarlıq edilməmiş və akt tərtib edilərkən istehlakçının nümayəndəsinin iştirakı təmin edilməmişdir. Əgər onların həmin baxışda iştirakı təmin edilsəydi, birinci variantda həmin akta imza atsaydılar, aktda imzaları olardı, ikinci variantda imza atmaqdan imtina etsəydilər onda bu barədə aktda qeyd yazılardı. Göründüyü kimi aktda nə onların imzası yoxdur, nə də imza etməkdən imtinaya dair qeyd yoxdur. Bu da həmin aktın "özbaşına" və "gizli" tərtib edildiyini göstərir. Digər tərəfdən sayğacdan kənar bir elektrik xətti olsaydı həmin kənar xəttin foto və yaxud video çəkilişi aparılardı. Əgər belə bir kənar xətt varsa, yaxud olubsa, onda cavabdeh bunun foto və ya video çəkilişini məhkəməyə təqdim etsin. "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.33-cü maddəsinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə elektrik təhcizatının nümayəndəsi onun və iki hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təhcizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəbini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. Sonda iddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş NDM № 031992 saylı, xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi və dəymiş ziyana görə iddiaçıya hesablanmış 617,90 (altı yüz on yeddi manat 90 qəpik) manat cərimə məbləğinin **********03991 saylı abonent hesabından silinməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu, «Azərişıq” ASC-nin əməkdaşlarının keçirilmiş reyd zamanı çəkiliş apardıqlarını göstərərək həmin video görüntüləri məhkəməyə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 5-39-1/2-1708/2023 saylı arayışından görünür ki, Kərimli X4 şəhəri, Ç.Mustafayev küçəsində yaşayır. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 12 may 2023-cü il tarixli NDM № 031992 saylı aktından görünür ki, abonent İddiaçı məxsus yaşayış evinə quraşdırılmış **********03991 kodu olan sayğaca baxış zamanı məlum olmuşdur ki, sayğacın şəbəkəyə qoşulmuş sxemi pozulmuş, kənardan verilən «0» xətti vasitəsi ilə sayğac dövrədən kənarlaşdırılmışdır. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş videoçəkilişdən də məlum olur ki, İddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə etmişdir. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərişıq ASC-nin elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış cərimə borcunun silinməsi və bununla bağlı tərtib olunmuş NDM № 031992 saylı, xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi və borcun silinməsi tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar