Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-770/2023 22.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vurulmuş ziyana görə pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, vurulmuş ziyana görə 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərilmişdir ki, İİ qrup əlildir, imtiyazlı xəstədir, aztəminatlı ailədir. Özünə və ailəsinə məxsus olan ümumi sahəsi 2.16 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları yetişdirməklə məşğul olur. Həmin torpaq sahəsi ona və ailəsinə, mərhum atasına, bacılarına məxsusdur. Onlar həmin sahədən əldə etdikləri gəlirlə dolanırlar. 2022-ci ilin payızında həmin torpaq sahəsinə arpa məhsulu əkmişdir və çox gözəl çıxış da əldə etmişdir. Həmin sahədə məhsuldarlığı artırmaq üçün gübrələmə və peyin verilməsi işlərini də həyata keçirmişdir. 2023-cü ilin yanvar ayında əkin sahəsinə baxmağa gedən zaman həmin sahədə sahibsiz otlayan iri buynuzlu mal-qara görmüşdür. Əkin sahəsi mal-qara tərəfindən o dərəcədə otarılmış və tapdalanmışdır ki, gördüyü səhnədən dəhşətə gəlmişdir. Belə ki, özünün və ailə üzvlərinin dolanışığı həmin əkinlə bağlı idi. O, polisə zəng vurmuş və X4 əməkdaşları oraya gəlmişlər və mal- qaranın otlamasını telefonla da çəkmişlər. Müəyyən olunmuşdur ki, həmin mal-qara cavabdehlərə məxsusdur və kənd sakinlərindən öyrənmişdir ki, bu malqara orada üç ay müddətində mütəmadi olaraq otarılmışdır.O, həmin əkin sahəsinin hər hektarından 55-60 sentner arpa məhsulu əldə etməyi planlaşdırmışdır. Həmin sahəyə çıxış əldə edildikdən sonra baxmış mütəxəssilər də həmin sahədən yüksək məhsuldarlıq əldə ediləcəyini bildirmişlər. Beləlikılə, həmin sahədən ümumən 13000 kq arpa məhsulu əldə edəcəkdi. Hazırda arpanın bazarda satış qiyməti 1 kq üçün 0.5 manat təşkil edir. Deməli cavabdehin qanunsuz hərəkəti nəticəsində ona 13000 x 0.5=6500 (altı min beş yüz) manat maddi ziyan dəymişdir.Sonda iddiaçı vurulmuş ziyana görə 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi X3 iddiaçının tələbinin əsassız olduğunu, ona görə də iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Biləsuvar RİHB-nin Nəsimi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 iyul 2023-cü il tarixli № 5-39-12/2-731/2023 saylı məktubundan görünür ki, İddiaçı Nəsimi kəndində adına 0.54 ha, bacısı X1 adına 1.62 ha pay torpaq sahəsi vardır.2022-ci ilin payızlıq əkini ilində həmin sahələrdə arpa əkini aparılmışdır.2023cü ilin may ayında DAİM-in mütəxəssisləri tərəfindən sahələrə baxış keçirərkən həmin sahə də susuzluqdan korluq çəkən sahə kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Biləsuvar X7 Mərkəzinin 21 iyul 2023-cü il tarixli 3-22-3-12/2-75/2023 saylı məktubundan görünür ki, müraciət əsasında araşdırma zamanı müəyyən olunmuşdur ki, müraciətdə adı qeyd edilən İddiaçı məxsus əkin sahəsi Elektron Kənd təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) məlumatlarına əsasən 0.5393 hektardır və o torpaq sahəsində arpa bitkisi əkilərək 14 noyabr 2022-ci ildə bəyan edilmişdir. 2023-cü il biçin mövsümündə quraqlıqdan ziyan görmüş sahələr üzrə monitorinq aparılması zamanı İddiaçı məxsus əkin sahəsi kənd icra nümayəndəliyinin verdiyi məlumata əsasən siyahlya alınmışdır. Əlavə olaraq müşahidələr nəticəsində məlum olmuşdur ki, sahədə tələb olunan səviyyədə aqrotexniki qulluq aparılmadığından əkin sahəsi yabanı alaq otları ilə siraətlənmiş, arpa bitkisi zəif inkişaf etmişdir.Sahədə halhazırda biçin işləri aparılmamışdır, məhsuldarlığın 2-4 sentner olacağı proqnozlaşdırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, iddia ərizəsində iddiaçı özünə və ailəsinə məxsus olan ümumi sahəsi 2.16 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları yetişdirməklə məşğul olduğunu, həmin torpaq sahəsinin ona və ailəsinə, mərhum atasına, bacılarına məxsus olduğunu, 2022-ci ilin payızında həmin torpaq sahəsinə arpa məhsulu əkdiyini, məhsuldarlığı artırmaq üçün gübrələmə və peyin verilməsi işlərini də həyata keçirdiyini, 2023-cü ilin yanvar ayında əkin sahəsinə baxmağa gedən zaman həmin sahədə sahibsiz otlayan iri buynuzlu mal-qara gördüyünü, X4 əməkdaşlarının oraya gəldiyini və mal- qaranın otlamasını telefonla da çəkdiyini, həmin mal-qaranın cavabdehlərə məxsus olduğunu, kənd sakinlərindən həmin mal-qaranın orada üç ay müddətində mütəmadi olaraq otarıldığını göstərmişdir. İş materiallarından da görünür ki, iddiaçı həmin torpaq sahəsinə hər il taxıl əkməsini və məhsul əldə etməsini göstərsə də, əvvəlki illərdə hansı məhsuldarlığa nail olmaqla nə qədər gəlir əldə etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı cavabdehlərə məxsus mal-qaranının onun əkinə sahəsində otarılması səbəbindən 6500 (altı min beş yüz) zərərə məruz qaldığını göstərsə də, əkin sahəsinin cavabdehlərə məxsus mal-qara tərəfindən otarılmasına və nə də ona 6500 manat zərər dəyməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Biləsuvar X7 Mərkəzinin 21 iyul 2023-cü il tarixli 3-22-3-12/2-75/2023 saylı məktubunda İddiaçı məxsus əkin sahəsinin Elektron Kənd təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) məlumatlarına əsasən 0.5393 hektar olduğu və o torpaq sahəsində arpa bitkisi əkilərək 14 noyabr 2022-ci ildə bəyan edildiyi, 2023-cü il biçin mövsümündə quraqlıqdan ziyan görmüş sahələr üzrə monitorinq aparılması zamanı İddiaçı məxsus əkin sahəsinin kənd icra nümayəndəliyinin verdiyi məlumata əsasən siyahlya alındığını, sahədə tələb olunan səviyyədə aqrotexniki qulluq aparılmadığından əkin sahəsinin yabanı alaq otları ilə siraətləndiyi, arpa bitkisinin zəif inkişaf etdiyi, sahədə hal-hazırda biçin işləri aparılmadığı, məhsuldarlığın 2-4 sentner olacağının proqnozlaşdırıldığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göründüyü kimi iddiaçı cavabdehin hüquqazidd hərəkətləri səbəbindən əkin sahəsinə zərər dəydiyini göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vurulmuş ziyana görə pul tələbinə dair iddiası rədd edilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 175 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vurulmuş ziyana görə 6500 (altı min beş yüz) manat pul tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-770/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-770/2023
22.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver