Məhkəmə qərarları › İş №2(022)-808/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-808/2023

17.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-808/2023 17.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı İslam oğlunun nümayəndəsi Vəkil, Cavabdeh nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı İslam oğlunun Cavabdeh qarşı dəymiş zərərə görə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İslam oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona vurduğu zərərə görə 2334,25 manat, vəkilə ödədiyi 100 manat pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İslam oğlunun nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı Biləsuvar rayonu Bəydili kəndində yaşayır. Onun atası İslam Mənsimova məxsus 1,46 hektar əkin torpaq sahəsi vardır. Hər il həmin torpaq sahəsində iddiaçı kənd təsərrüfatı məhsulları əkir. Torpaq sahəsinə dair atasının adına Çıxarış da vardır.Həmin torpaq sahəsində bu il arpa məhsulu əkmişdir. Belə ki, məhsulu əkərkən bütün aqrotexniki qaydalara əməl etmişdir. İddiaçı aprel ayında sahəyə baxmağa gedərkən Cavabdeh heyvanlarını sahəyə saldığını görmüşdür. Buna görə aralarında mübahisə olmuş və iddiaçı cavabdehi vurmuşdur. Bununla bağlı cavabdeh rayon polis şəbəsinə müraciət etmiş və iddiaçı cərimə olunmuşdur. Bundan sonra o, müstəqil ekspertə mürasiət etmiş, ekspert sahəyə baxış keçirmiş və iddiaçıya 2334,25 manat zərər dəydiyi müəyyən olunmuşdur.Dəfələrlə iddiaçı cavabdehdən dəyən zərəri tələb etsə də o, bundan imtina etmişdir. Sonda İddiaçı İslam oğlunun nümayəndəsi Vəkil Cavabdeh iddiaçıya vurduğu zərərə görə 2334,25 manat, vəkilə ödədiyi 100 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndələri X3 və X6 məhkəmə iclasında İddiaçı İslam oğlunun iddiasını qəbul etmədiklərini, iddianın heç bir əsası olmadığını, ona görə də iddianın rədd olunmasını xahiş etdilər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş üzrə tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AR ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, X5 xüsusi mülkiyyətinə Biləsuvar rayonu Bəydili kəndində 1.46 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün (daşınmaz əmlakın reyestr nömrəsi **********6, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il, daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmış) torpaq sahəsi verilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası “X8”nin qiymətləndirmə rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində Biləsuvar rayonu Bəydili kəndində yerləşən 1.46 ha torpaq sahəsində 1 mövsüm ərzində əkilmiş taxıl bitkisindən bütün aqrotexniki qulluq xərcləri çıxmaqla təxminən-54.75 sentner məhsul və ya 2334.25 manat məbləğin əldə edilməsi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Polis X4 bölməsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında MN №1381373 saylı qərarı ilə İddiaçı İslam oğlu Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən 300 manat cəimə edilmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçının Biləsuvar Rayon Polis X4 bölməsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında MN №1381373 saylı qərarına istinadən onun əkin sahəsinin otarılmasının sübutu kimi təqdim edilməsi onun əkin sahəsinin otarılmasını təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, iddia ərizəsində iddiaçı atası İslam Mənsimova məxsus 1,46 hektar əkin torpaq sahəsinin olduğunu, hər il həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyini, həmin torpaq sahəsində bu il arpa məhsulu əkdiyini, məhsulu əkərkən bütün aqrotexniki qaydalara əməl etdiyini, aprel ayında sahəyə baxmağa gedərkən Cavabdeh heyvanlarını sahəyə saldığını və ona görə də onunla mübahisə edərək onu döydüyünə görə 300 manat inzibati qaydada cərimə edildiyini göstərmişdir. Cavabdehlərin nümayəndələri isə məhkəmə iclasında izahatlarında İddiaçıla Cavabdeh arasında mübahisənin iddiaçının əkin torpaq sahəsində deyil, həmin torpaq sahəsinə yaxın ərazidə yol kənarında baş verdiyini göstərmişlər. Bundan əlavə, iddiaçı cavabdehin onun əkin sahəsinə mal-qara salmaqla otarılması faktını təsdiq edən məhkəməyə başqa heç bir sübut təqdim etməmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən vurulmuş iddia olunan maddi zərərə görə 2334, 25 manat pul tələbinin əsası kimi istinad olunan iş materiallarında olan Azərbaycan Respublikası “X8”nin qiymətləndirmə rəyi də mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin rəydə Biləsuvar rayonunun ərazisində torpağın məhsuldarlığı nəzərə alınmaqla bütün aqrotexniki qaydalara əməl edilməsi şərti ilə ehtimal olunan məhsuldarlığın müəyyən edilməsi tələb olunan məbləğdə ziyanının ödənilməsi qənaətinə gəlməyə əsas vermir. İş materiallarından da görünür ki, iddiaçı həmin torpaq sahəsinə hər il taxıl əkməsini və məhsul əldə etməsini göstərsə də, əvvəlki illərdə hansı məhsuldarlığa nail olmaqla nə qədər gəlir əldə etməsinə dair məhkəməyə heç bir sübut tqdim etməmişdir. Ona görə də ekspertin heç bir fakta istinad etmədən nəzəri hesablama aparmaqla iddiaçıya 2334,25 manat zərər vurulmasına dair gəlinən nəticə baxılan iş üzrə mötəbər sübut kimi qəbul edilməklə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməyə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göründüyü kimi iddiaçı cavabdehin hüquqazidd hərəkətləri səbəbindən əkin sahəsinə zərər dəydiyini göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə yuxarıda qeyd edilən halları nəzər alaraq hesab edir ki, İddiaçı İslam oğlunun Cavabdeh qarşı dəymiş zərərə görə pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı İslam oğlunun Cavabdeh qarşı dəymiş zərərə görə pul tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar