Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-824/2023 05.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi vəkil X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sağlamlığın pozulması nəticəsində itirilmiş qazancla bağlı zərər tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-dən sağlamlığına vurulmuş zərərə görə 10000 (on min) manat pulun, dövlət rüsumuna görə ödədiyi 20 manat və vəkilə ödədiyi 100 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiası onunla əsaslandırılmışıdır ki, "xxxx" ASC-də kəsim sexində fəhlə işləmiş, Fabrikdə işlədiyi sexdə avadanlıqlar köhnə, təhlükəli olmuş, dəfələrlə rəhbərlikdən təhlükəli avadanlıqları təmir etmələrini tələb etmişdir. Lakin rəhbərlik onun bu tələblərinə məhəl qoymamışdır. 07 noyabr 2022-ci il tarixdə işdə olarkən sağ əli kəsim aparatının qoruyucusu olmadığından həmin aparata keçmiş, orada olan işçilərin köməkliyi ilə əli aparatdan çöx çətinliklə çıxarılmışdır. Lakin buna baxmayaraq aparat əlinin 2-3 barmaqlarımın açıcı vətərlərini, sağ biləyinin mil açıcılarını zədələməklə, sağ əlinin arxasının çapığı, kəsilmiş yara, sağ əlin şişkinliyi və funksional pozğunluğu ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almış, hazırda sağ əli demək olar ki, işləmir. Təyin olunmnuş ekspertizanın rəyinə görə ümumi əmək qabiliyyətinin 30 faizini itirməklə şikəst olmuşdur. Hazırkı faktla bağlı rayon prokurorluğunda araşdırma aparılmış və cavabdeh təşkilatın sədri İXM-nin 198.3-cü maddəsi ilə məhkəmə məsuluyyətinə verilmişdir. Məhkəmədə onun təqsirli olması sübuta yetmiş və Biləsuvar rayon məhkəməsinin 14 mart 2023-cü il tarixli qərarı ilə cərimə edilmişdir. Hazırda o, əmək qabilliyətinin 30 faizini itirməklə şikəst olmuş, özü isə orta təhsilli olmaqla heç bir ixtisası yoxdur. O, fəhlə işləməklə dolanır, həmin cəmiyyətdə 320 manat əmək haqqı almış, hal-hazırda əmək qabilliyətinin 30 faizini itirdiyindən o, heç bir yerdə iş də tapa bilmir. Ümumiyyətlə şikəsti işə götürən də yoxdur. Onun 2–ci və 3-cü barmaqlarının açıcı vətərlərinin, sağ biləyinin mil açıcılarının zədələnməsi nəticəsində demək olar ki, sağ əlini işlədə bilmir, həmin xəsarətin müalicəsinə, o da mümkündürsə uzun illər lazım olmaqla maddi vəsait tələb olunur. Dəfələrlə cavabdeh təşkilatdan onların təqsiri nəticəsində ona dəyən zərərlə bağlı maddi yardım edilməsindən ötəri müraciət etsə də, onlar ona yardım etməkdən imtina etmişlər. Sonda İddiaçı İnqılab qızı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dəymiş ziyanın alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi vəkili X6 izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 5-39-14/2-367/2023 nömrəli Biləsuvar rayon Səmədabad kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Əsgərova X1 rayonunun Səmədabad kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 30 dekabr 2016-cı il tarixli, TQS № 027 nömrəli Epikrizdən görünür ki, İddiaçı X2 və Ortopediya institunda müalicə almışdır. İş materialında olan “Məhkəmə-Tibb və X4” publik hüquqi şəxsi tərəfindən verilmiş № T 238/2023 saylı ekspertiza rəyində göstərilmişdir ki, «1976-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı hal-hazırda “Sağ əlin arxa səthinin əzilib kəzilmiş yarası, İİ, İİİ, İV və V barmaqların açıcı vətərinin zədələnməsinin cərrahi əməliyyatla bərpasından sonrakı vəziyyət; İİ, İİİ, İV və V barmaqların açıcı-bükücü kontrakturası, barmaqların tutma qabiliyyətinin pozulması, bükmə defisiti 90°. Sağ said əzələlərinin cüzi atrofıyası. Sağ saidin yuxarı 1/3-nin en dairəsinin uzunluğu 23 sm, sağlam sol saidin həmin səviyyədə en dairəsinin uzunluğu 24 sm. İİ, İİİ, İV və V daraqfalanqa oynaqlarının açıcı kontrakturası; Əsas falanqaların bükmə defisiti, sağ əlin funksiyasının və əmək qabiliyyətinin pozulmasından əziyyət çəkir və zaman keçdikcə bərpa oluna bilən fuksianal dəyişikliklərdir. Qeyd edilən xəsarətlər iti kənarlı alətin (alətlərin) təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni ”xx.xx.2022-ci il tarixdə yarana bilərdi, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla (30%) əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İddiaçı aşkar edilən patofunksional dəyişikliklər təcili cərrahi müdaxilə tələb etmir və reabilitasion müalicə metodları ilə aradan qaldırıla bilər. İşə materialında olan Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 3(022)-379/2023 saylı qərarından görünür ki, cavabdeh Biləsuvar-Quşçuluq” Açıq Səhmdar Cəmiyyətinin müdiri X7 təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə 2000 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Mülki Məcəlləsinin 1118-ci maddəsinə əsasən: 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Mülki Məcəlləsinin 1119-cu maddəsinə əsasən: 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 239-cu maddəsinin 5-ci bəndinin tələbinə görə bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgörürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından «icbari sığorta müqaviləsi»nin illik qoşmasına AH **********/3 Əlavədən görünür ki, Atəşgah Həyat Sığorta X8 Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx/xx/2022-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından «icbari sığorta müqaviləsinə əsasən həmin Əlavənin 9-cu sırasında İddiaçı adı qeyd edilməklə aylıq ödənilməli olan sığorta haqqı 25,64 (iyirmi beş manat altmış dörd qəpik) manat göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını və tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq belə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sağlamlığın pozulması nəticəsində itirilmiş qazanca görə zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sağlamlığın pozulması nəticəsində itirilmiş qazanca görə zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-824/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-824/2023
05.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver