Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-870/2024 17.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, İddiaçı, İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı cavabdehlə 1995-ci ildə nikaha daxil olmuşdur. Sonradan cavabdehlə iddiaçının arasında olan nikaha Biləsuvar Rayon Məhkəməsinin 16 Mart 2023-cü il tarixli qətnaməsinə əsasən 17 aprel 2023-cü il tarixdə xitam verilmiş və nikahın pozulması haqqinda AZ-İ No 424865 sayl şəhadətnamə təqdim edilmişdir.. Nikah dövründə aşağıda qeyd olunan əmlaklar əldə edilmişdir:
1. ünvan 2i ünvanda yerləşən 0,08 ha ölçüdə torpaq sahəsi və onun üzərində ümumi sahəsi 86,2 kvadratmetr, yaşayış sahəsi 58,2 kvadratmetr və yardımçı sahə 28 kvadratmetr olmaqla yaşayiş evi;
2. ünvan 2 kəndi ünvanında X1 notarial qaydada 15 mart 2017-ci il tarixli AN-İ No ******* saylı bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən 0,49 hektar ölçüdə həyətyanı torpaq sahəsi;
3. Cavabdeh 1-ci Qarabağ müharibəsi əlili olduğundan Biləsuvar şəhərində inşa edilmiş 16 mənzilli yaşayış binasından ona 5 nəfər ailə üzvləri olmaqla həmin binanın 3-cü mərtəbəsində yerləşən 12 nömrəli 3 otaqli ümumi sahəsi 79,91 kvadratmetr olan mənzil sahəsi. Həmin mənzildə ailə üzvü kimi iddiaçı və uşaqlarının da payları vardır. İddiaçı ixtisasca müəllimədir. Biləsuvar rayon Amankənd kənd ümumi orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində artıq 27 ildir ki, işləyir. Ailənin dolanışığına büdcəsinə qazanc gətirmişdir. Eyni zamanda da cavabdeh də ailə büdcəsinə qazanc gətirmişdir. Cavabdehlə iddiaçı ayrı yaşayır. Qanunun tələbinə görə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 il müddətinə tərəf iddia qaldıra bilər.Odur ki, hazırda həmin əmlaklarda olan iddiaçının payının müəyyən edilməsini istəyir. Bu haqda ilkin olaraq X2 1 saylı Mediyasiya təşkilatına müraciət etmiş, lakin mediyasiyada bu haqda raziliq əldə olunmamışdır. Mediyasiya təşkilatı bu haqda arayış vermişdir va mediyasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. İddiaçının tələbi: Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri əmlaklarda: 1.ünvan 2i ünvanda yerləşən 0,08 hektar ölçüdə torpaq sahəsi və onun üzərində ümumi sahəsi 86,2 kvadratmetr, yaşayış sahəsi 58,2 kvadratmetr və yardımçi sahə 28 kvadratmetr olmaqla yaşayış evindən; 2.ünvan 2 kəndi ünvanında X1 notarial qaydada 15 mart 2017-ci il tarixli ANV-İ No ******* saylı bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasən alınmış 0,49 hektar ölçüdə həyətyanı torpaq sahəsindən;
3. Biləsuvar şəhəri Təyyarə meydanı ünvanda yerləşən 16 mənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 12 nömrəli 3 otaqlı ümumi sahəsi 79,91 kvadratmetr olan mənzil sahəsindən; iddiaçıya düşən paylarının müəyyən edilməsi və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdiyini bildirmiş, iddia ərizəsində göstərilən xüsusatlar üzrə izahat vermiş və irəli sürülən tələblərin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə etdiyini bildirmiş, iddia ərizəsində göstərilən xüsusatlar üzrə izahat vermiş və irəli sürülən tələblərin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsində göstərilən əmlakların birgə nikah dövründə əldə edildiyini bildirmiş, iddia tələbini yalnız payların müəyyən edilməsi hissəsinə etiraz etmədini qeyd edərək, həmin əmlakların satılmasına razı olmadığını göstərmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Masallı 1 saylı mediasiya təşkilatının 30 may 2024-cü il tarixli, MŞM/MT014/2024-00733 nömrəli arayışına əsasən Cavabdeh adıçəkilən sessiyada iştirak etməmişdir. 424865 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə” yə əsasən tərəflərin nikahına 17 aprel 2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 09 fevral 2024-cü il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* seriyalı 05 iyun 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışna və “Elektron informasiya məlumat sistemi”ndən əldə olunmuş məlumata əsasən ünvan 2 kəndi ünvanında yerləşən fərdi yaşayış evi (ümumi sahəsi 86.2 kvadratmetr, fərdi yaşayış evinin tərkibində olan su hovuzu, hamam ayaqyolu 30 kvadratmetr) Cavabdeh tam mülkiyyətindədir. 15 mart 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bağırov X3 rayonu Amankənd kəndi ünvanında yerləşən 0,49 ha olan torpaq sahəsini almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Biləsuvar rayonunda inşa olunmuş 16 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə 08 noyabr 2010-cu il tarixli 11/7-143 nömrəli əmrlə yaradılmış komissiyanın 08 aprel 2011-ci il tarixli iclasının qərarından çıxarışa əsasən Cavabdeh ailə tərkini 5 nəfər olmaqla 3 otaqlı ümumi sahəsi 79,91 kvadratmetr, faydalı sahəsi 41,58 kvadratmetr olmaqla 3-cü mərtəbədə yerləşən 12 nömrəli mənzil verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsi tərəfindən verilmiş 030309 nömrəli 19 noyabr 2019-cu il tarixli vəsiqədən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlliliyi müəyyən edilmiş şəxsdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır; 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.1-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir; 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründa, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi baırədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu amlakda ər-arvadin paylarının müəyyən olunması məhkəmə qaydasında hayata kecirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa,onlarin ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarı. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar onların ümumi əmlakının dairəsinə daxil olur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi) Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, irəli sürülmüş iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225 və Ailə Məcəlləsinin 32-ci maddəsi təşkil edir. İddia ərizəsinin mahiyyətindən görünür ki, irəli sürülən tələbdə üç daşınmaz əmlak üzrə payların müəyyən edilməsi nəzərdə tutulub: 1.ünvan 2i ünvanda yerləşən 0,08 hektar ölçüdə torpaq sahəsi və onun üzərində ümumi sahəsi 86,2 kvadratmetr, yaşayış sahəsi 58,2 kvadratmetr və yardımçi sahə 28 kvadratmetr olmaqla yaşayış evi; 2.ünvan 2 kəndi ünvanında X1 notarial qaydada 15 mart 2017-ci il tarixli ANV-İ No ******* saylı bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasən alınmış 0,49 hektar ölçüdə həyətyanı torpaq sahəsi;
3. Biləsuvar şəhəri Təyyarə meydanı ünvanda yerləşən 16 mənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 12 nömrəli 3 otaqlı ümumi sahəsi 79,91 kvadratmetr olan mənzil sahəsi; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və həmçinin, Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən, eləcə də tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan müəyyən olunur ki, mübahisə predmetini təşkil edən hər üç daşınmaz əmlak birgə nikah dövründə əldə olunmuşdur. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, ər-arvad ailə şəkilində ümumi təsərrüfat apardıqları üçün onların hər birinin qazandıqları əmlak ayrıca sübutetməyə ehtiyac olmadan onların ümumi birgə əmlakı sayılır. Hətta, Ailə Məcəllənin 32.3-cü maddəsi müəyyən edir ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Bu baxımdan Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri əmlakın ər-arvadın ümumi birgə mülkiyyət sayılması üçün iki şərt nəzərdə tutmaqla yanaşı, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair prezumpsiyanı nəzərdə tutmuşdur. Prezumpsiya dedikdə, əksi sübut edilməyənədək mötəbər sayılan ehtimal başa düşülür. Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələrindəki qanuni prezumpsiya baxımından əmlakın nikah dövründə əldə olunmasının sübuta yetirilməsi kifayət edir ki, prezumpsiyanın nəticəsi kimi həmin əmlak ümumi birgə mülkiyyət kimi qəbul olunsun. Başqa sözlə, əksi sübuta yetirilməyənədək, birgə nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəf paylarını müəyyən edilməsini istədiyi daşınmaz əmlakların tərəflərin birgə nikahları dövründə əldə etdiyini sübuta yetirə bilmişdir. Cavabdeh tərəf bu halı təkzib etməyərək həmin əmlakların birgə nikah dövründə əldə edildiyini təsdiq etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə işin mübahisəsiz halları olaraq qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu üçün, həmçinin, məhkəmə iclaslarının fasiləsiz audio və video yazısının aparılması əsası ilə iddiaçı tərəfin iddia tələbinin predmetini təşkil edən daşınmaz əmlakların birgə nikah dövründə əldə edilməsinə dair hissəsində etiraf etməsini əks tərəfin sübutetmə yükündən azad olması və işin mübahisəsiz halları olaraq məhkəmə tərəfindən qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ünvan 2 ünvanda yerləşən 0,08 hektar ölçüdə torpaq sahəsi və onun üzərində ümumi sahəsi 86,2 kvadratmetr, yaşayış sahəsi 58,2 kvadratmetr və yardımçi sahə 28 kvadratmetr olmaqla yaşayış evindən, ünvan 2 kəndi ünvanında yerləşən 0,49 hektar ölçüdə həyətyanı torpaq sahəsindən və Biləsuvar şəhəri Təyyarə meydanı ünvanda yerləşən 16 mənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 12 nömrəli 3 otaqlı ümumi sahəsi 79,91 kvadratmetr olan mənzil sahəsindən ½ payın müəyyən edilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, sadalanan daşınmaz əmlaklara İddiaçı ilə Cavabdeh payları bərabər (1/2) müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütəasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki iş materiallaından görünür ki, Cavabdeh müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməli və məhkəmədə iddia qaldırılmasına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Tərəflər arasında birgə nikah dövründə əldə olunmuş, ünvan 2i ünvanda yerləşən 0,08 hektar ölçüdə torpaq sahəsi və onun üzərində ümumi sahəsi 86,2 kvadratmetr, yaşayış sahəsi, ünvan 2 kəndi ünvanında yerləşən 0,49 hektar ölçüdə həyətyanı torpaq sahəsi və Biləsuvar şəhəri Təyyarə meydanı ünvanda yerləşən 16 mənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 12 nömrəli 3 otaqlı ümumi sahəsi 79,91 kvadratmetr olan mənzil sahəsi üzərində bərabər olmaqla ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən olunsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
HAKİM: Mədinə Rəsulova