Məhkəmə qərarları › İş №2(022)-921/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-921/2023

03.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-921/2023 03.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Əbdülkərim oğlunun Cavabdeh İmanverdi oğlunun və onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Əbdülkərim oğlunun Cavabdeh İmanverdi oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əbdülkərim oğlu Cavabdeh İmanverdi oğluna qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 24000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əbdülkərim oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh 23 yanvar 2017-ci il tarixdən 17 mart 2017-ci il tarixədək tutulduğu və həbsdə olduğu 1 ay 22 gün müddət, 17 mart 2017-ci il tarixdən 30 avqust 2017-ci il tarixədək ev dustaqlığında olduğu 5 ay 3 gün müddət, ümumilikdə 7 ay 5 gün müddəti nəzərə alınaraq və onun hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Cavabdeh qəti olaraq 6 il 4 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzasina məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilərək, ona 2 il sınaq müddəti təyin edilmişdir. Sınaq müddəti ərzində üzərinə cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. Cavabdeh barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi barədə hökm çıxarılmışdır.O, məhkəmə gedişində 21 iyun 2017-ci il tarixdə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət etmiş və ərizədə qeyd etmişdir ki, Cavabdeh ona dəymiş zərəri ödəmiş və heç bir şikayət və tələbi yoxdur. Lakin, Cavabdeh qohumları yenə də onu aldadaraq dələduzluq əməllərinə əl ataraq ondan 4 ay möhlət istəmişlər və o, bunlara inanaraq bu ərizəyə imza etmişdir. Amma ona heç bir zərər bu günədək ödənilməmiş və hökmdən sonra Cavabdeh telefon zəngərinə belə cavab verməmişdir.Sonuncu məhkəmə prossesi xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən keçirilmiş və 1 (103)- 900/2020 nömrəli qərar verilərək onun apellysaiya şikayəti qismən təmin edilmişdir.Qeyd olunan qərardanda görünür ki, Cavabdeh ondan 24000 manat pul alıb geri qaytarmamışdır.Odur ki, Cavabdeh 24000 manat pulunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Əbdülkərim oğlu izahatında iddia tələbini müdafiə etdiyini, ona görə də iddia təlbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh İmanverdi oğlu izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı ondan 24000 (iyirmi dörd min) manat məbləğində pul tələb edir. İddiaçı sübutetmənin əsası kimi Bakı Apellyasiya Məhkəməsinin l(103)-900/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına istinad edir və bildirir ki, ona dəymiş zərərin tərəfindən ödənilməsinə dair notarial qaydada təsdiq edilmiş ərizəni o xx.xx.2017-ci il tarixdə məhkəməyə təqdim etmiş, həmin vaxt guya onun qohumları onu aldadaraq, etibarından sui istifadə etməklə, ondan 4 ay möhlət istəmişlər və o həmin ərizəni yazaraq məhkəməyə təqdim etmişdir.İddiaçının öz ərizəsində göstərdiyi bu dəlillər işin faktiki hallarına uyğun gəlmir. Belə ki, iddiaçının hüquq mühafizə orqanlarına yazdığı ilk ərizədə ondan ümumilikdə 24000 (iyirmi dörd min) manat pul aldığı və həmin məbləğdən 3500 (üç min beş yüz) manatını geri qayardığını göstərilmişdir. Yəni hələ 2017-ci ildə iddiaçı şikayətə başladığı vaxt ona qarşı 20500 (iyirmi min beş yüz) manat məbləğində tələblə çıxış etmişdir. 2017-ci ildə barəsində cinayət işi başlandıqdan sonra onun barəsində həbs qətimkan tədbiri seçilmiş və o, həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair məhkəməyə müraciət etdiyi zaman iddiaçıya 5000 (beş min) manat ödəniş həyata keçirmişdir. Məhz tərəfindən ziyanın ödənilməsinə dair hərəkətlər edildiyi əsaslara görə məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçmişdir. Həmin vaxt iddiaçı məhkəməyə ziyandan 5000 manat ödənilməsi barədə ərizə də vermişdir. Sonradan cinayət işi çərçivəsində tərəfindən iddiaçıya 5500 manat pul da ödənilmiş və iddiaçı məhkəməyə ziyanın tam ödənilməsinə, ona qarşı heç bir iddia və ya tələbinin olmamasına dair notarial qaydada təsdiqlənmiş ərizə də təqdim etmişdir. Həmin vaxt iddiaçı birbaşa məhkəmə zalında ziyanın tam ödənilməsinə dair əlavə bir ərizə də yazaraq məhkəməyə təqdim etmişdir. Daha sonra iddiaçı məhkəmə qərarından apellyasiya şikayəti verərək aldadıldığını bildirmiş və 24000 manat ziyanın ona ödənilmədiyini bildirmişdir.Hazırda iddiaçı 24000 (iyirmi dörd min) manat ziyan tələb edir. Aşağıdakı dəlillərdən görünür ki, iddiaçının tələbi əsassızdır. İddiaçının ilkin şikayət ərizəsində ziyanın ödənilməmiş hissəsinin 20500 manat olması öz təsdiqini tapır. Deməli 24000 manat tələb əsassızdır, onun barəsində aparılmış cinayət işi çərçivəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair məhkəmə iclasında ziyandan 5000 manat ödənilməsinə dair mötəbər sübutlar mövcuddur. Deməli həmin vaxt ziyanın ödənilməmiş hissəsi 15500 manat olmuşdur.İddiaçının məhkəməyə təqdim etdiyi ziyanın tam ödənilməsinə dair xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi olmuşdur ki, həmin ərizədə iddiaçı ziyanın tam ödənilməsi və hər hansı iddia, tələbinin olmamasını bildirmişdir. İddiaçı xx.xx.2017-ci il tarixli ərizəni 2017-ci ilin sonlarından etibarsız hesab etsə də onu mübahisələndirməmiş və həmin vaxtdan artıq 6 il vaxt keçmişdir. Pulun alındığı və iddiaçının aldadıldığını bilməsi vaxtı isə 2012-ci ilə təsadüf edir ki, həmin vaxtdan artıq 10 il keçmişdir. İddiaçının şikayəti üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyi əsası ilə xitam verilmişdir. Bu qədər vaxt ötürüldükdən sonra iddiaçının mülki qaydada tələb irəli sürərək ondan 24000 manat ziyan tələb etməsi öz-özlüyündə əsassızdır.İddiaçı ilkin şikayətində onun tərəfindən ona qarşı dələduzluq etdiyini bildirmişdir. Bir halda ki, o, iddiaçının etibarından sui-istifadə edərək, ona qarşı dələduzluq etmişdirsə, bu halda ziyan tam ödənilmədiyi halda iddiaçı ziyanın ödənilməsinə dair ərizəni nəyə güvənərək yazardı? Bu dəlil də onu təsdiq edir ki, iddia tələbi əsassızdır. Apellyasiya məhkəməsinin qərarında onun iddiaçı qarşısında 24000 manat məbləğində ödənilməmiş məbləğin qalması müəyyən edilmir. Mülki Prosessual Məcəllənin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyati hissəsində məcburidir (MPM 82.4-cü maddə). Qanunvericiliyin bu normasına əsaslanaraq, iddiaçının istinad etdiyi cinayət işi materialları üzrə hadisənin baş verməsinin sübuta yetirildiyini bildirmək mümkündür. Həmin cinayət işi üzrə mülki iddia olmadığından məhkəmə yekun qərarında borcun olub olmaması və borcun məbləği barədə konkret nəticəyə gəlməmişdir. Hesab edir ki, hazırki vəziyyətdə iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin arxivindən l(101)-926/2017 saylı iş üzrə X1 ilkin şikayət ərizəsinin, Cavabdeh İmanverdi oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarının, ittiham aktının surətlərinin əldə edilməsi zərurəti vardır. Qeyd edilən sənədlərdən görünür ki, iddiaçı ilkin şikayətində ondan ümumilikdə 24000 manat aldığını və həmin məbləğdən 3500 manat hissəsini qaytardığını, qalan 20500 manat pulunun qaytarılmadığını bildirmişdir. Bundan başqa ittiham aktında və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarında onun Namiq Almasova əlavə olaraq 5000 manat ödəməsi və məhz ziyanın bir hissəsinin ödənilməsi səbəbindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi zərurətinin olması öz təsdiqini tapır.Əgər onun iddiaçı qarşısında ödənilməmiş borcu qalsaydı, onda o cinayət işi çərçivəsində ona qarşı mülki iddia tələbi irəli sürərdi. Bir halda ki, o mülki iddia irəli sürməyib, deməli iddiaçıya onun borcu ödənilmişdir. İddiaçı kifayət qədər savadlı bir şəxsdir və zamanında ona qarşı mülki iddia qaldırmamasına dair dəlil də onun ziyanının tam ödənilməsini təsdiq edir. Eyni zamanda qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsində onun bu hüququ məhkəmə tərəfindən ona izah edilmişdir. O bu hüququndan tam məlumatlı olmuşdur.İddiaçının notarial qaydada təsdiq etdiyi ziyanın tam ödənilməsinə dair ərizə mövcuddur. Hesab edirik ki, bu ərizə bir əqddir. Mülki qanunvericiliyin tələbinə görə birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. İddiaçının mövqeyinə görə həmin əqd aldatma nəticəsində bağlanılmış əqddir. Nə qədər ki, həmin ərizə məhkəmə qaydasında etibarsız hesab edilməyib, deməli qüvvədədir. İddiaçı bu iddiadan əvvəl məhkəmədə həmin ərizənin etibarsızlığını mübahisələndirməli və ərizənin etibarsız sayılmasına dair qüvvəyə minmiş məhkəmə qərarı əsasında pul tələbi irəli sürə bilərdi. İddia tələbinin əsassısızlığına dair tərəfindən qeyd edilən dəlillər mötəbər sübutlarla öz təsdiqini tapır. Həmin sübutlara əsaslanaraq hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Əks halda belə çıxır ki, istənilən bir şəxs borcu və yaxud da ziyanı aldıqdan bir müddət sonra yazdığı ərizəni etibarsız hesab edə bilər və yenidən pul tələbi irəli sürə bilər.Odur ki, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, cavabdehi və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin 18-ci maddəsində göstərilir ki, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin 4(003)-30/2017 saylı qərarından görünür ki, İddiaçı Əbdülkərim oğlunun notarial qaydada təstiq edilmiş ərizəsində Cavabdeh İmanverdi oğlunun ona dəymiş 24000 manat ziyandan 8500 manatını ödəməsi və 15500 manatı isə istintaq dövrü zamanı ödəməsinə etirazının olmaması göstərilmişdir. Ona görə də məhkəmə Cavabdeh İmanverdi oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbirinin «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatəti təmin edərkən işin digər halları ilə yanaşı, zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən, yəni 8500 manat ödənilməsini nəzərə almışdır. İş materiallarında olan Cavabdeh İmanverdi oğlunun xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş Xəzər rayon polis idarəsinə vermiş olduğu ərizəsindən görünür ki, o, İddiaçı Əbdülkərim oğluna 15500 manat pul borcu olduğunu və həmin məbləği 4 ay müddətinə ödəyəcəyinə söz vermişdir. İş materiallarında olan İddiaçı Əbdülkərim oğlunun xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, o, ərizə verərək Cavabdeh İmanverdi oğlundan heç bir tələbi və iddiası olmadığını və Cavabdeh İmanverdi oğlu tərəfindən ziyanın ona tam ödənilməsini göstərmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(103)-900/2000 saylı Qərarında göstərilmişdir: «Məhkəmə kollegiyası qeyd edir ki birinci və apellyasiya instansiya məhkəmələrinin məhkumun barəsində CM-nin 70-ci maddəsinin tətbiqinə əsas verən istinad etdikləri yeganə halın (zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödənilməsi) əsaslı olması təsdiq edilmir. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxs X1 21 iyun 2017-ci il tarixli ərizəsində ona dəymiş maddi ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxs Cavabdeh İmanverdi oğlundan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs X2 və onun nümayəndəsi, Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, Cavabdeh ailə üzvləri zərərçəkmiş şəxs İddiaçı vurduğu ziyanı ödəyəcəklərini öhdələrinə götürdüyündən o, ərizə yazmış, lakin vurulmuş ziyan ödənilməmişdir. Əgər zərər ödənilibsə zərərçəkmiş şəxsin hökmdən apeİlyasıya şikayəti verərək zərərin ödəniməsini real təmin edilməsinin tələb etməsinin səbəbi nədir? Məhkəmə kollegiyası qeyd edir ki, işə baxa məhkəmələr məhkuma təyin edilmiş cəzanın şərti tətbiq edilməsi qənaətinə gələrkən zərərçəkmiş şəxs Namiq Älmasova vurulmuş zərərin real olaraq ödənilməsini araşdırmamış və cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqları halları əsaslandırmamışlar» Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(103)-900/2000 saylı qərarından görünür ki, Cavabdeh İmanverdi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-c i maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmü dəyişdirilmiş, zərərçəkimiş şəxsə vurulmuş zərərin ödənilməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti hesab edilərək ona 2 il sınaq müddəti təyin edilməsinə dair müddəalar hökmün nəticəvi hissəsindən xaric edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin yuxarıda qeyd olunan müəyyən edilmiş hallarından və iş materiallarına əlavə edilmiş cavabdehin ərizəsindən görünür ki, Cavabdeh İmanverdi oğlu 18 may 20017-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən onun İddiaçı Əbdülkərim oğluna 15500 (on beş min beş yüz) manat borcunun qaldığını, həmin məbləği 4 (dörd) ay ərzində- sentyabr ayının 20-ə qədər ödəyəcəyini, əgər həmin məbləği ödəməsə cinayət işinin icraatının yenilənməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarından görünür ki, cavabdehin iddiaçıya 15500 manat ödəyəcəyi barədə notarial qaydada təsdiq edilmiş 18 may 20017-ci il tarixli ərizə verəməsindən sonra onun qalan məbləği ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında Cavabdeh İmanverdi oğlu daha sonra iddiaçıya 5500 (beş min beş yüz) manat ödədiyini göstərsə də, nə həmin məbləğin nə də digər qalan məbləğin ödənilməsinə dair heç bir sübut təqdim edilməmişdir. Cavabdeh yalnız X1 Bakı Ağır Cinyətlər Məhkəməsinə ünvanlanmış ona vurulmuş ziyanın tam ödənilməsi, onun Cavabdeh İmanverdi oğlundan heç bir şikayət və tələbinin olmamasına dair xx.xx.2017-ci il tarixli ərizəsinə istinad edərək iddiaçıya tələb olunan pulu ödədiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh İmanverdi oğlundan 15500 manat alınaraq İddiaçı Əbdülkərim oğluna verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavbadeh Cavabdeh İmanverdi oğlundan 15500 (on beş min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Əbdülkərim oğluna verilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar