Məhkəmə qərarları › İş №2(022)-972/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-972/2023

17.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-972/2023 17.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azərişıq”Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi və bununla bağlı tərtib olunmuş 033631 saylı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC-nin onun barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış borcun silinməsi və bununla bağlı tərtib olunmuş 033631 saylı aktın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayon Bəydili kəndində yaşayır. Evinə qanunamüvafiq qaydada işıq xətti çəkilmiş və uzun illərdir ki, sayğac da quraşdırılmışdır. Hər ay 30-40 manatlıq elektrik enerjisindən istifadə edir və pulunu ödəyir. Son günlər həyətinə kanaldan su gətirmək üçün motora əlavə xətt şəkmişdir. O, evdə olmayan zamanı işıq idarəsinin əməkdaşları gəlib həmin xətti ləğv etmiş və akt yazmışlar. Akta görə guya o, 800 manat dəyərində işıqdan istifadə etmişdir. Halbuki o, bu xətti motora çəkmişdir və həmin xəttədən də cəmi bir neçə dəfə istifadə etmişdir.O, barəsində tərtib edilmiş həmin 033631 saylı Akti qanunsuz hesab edir. O, başa düşə bilmir, cavabdeh hansı metodla hesablama aparmışdır. Axı o, bilməlidir ki, o nə etmiş və nəyə görə və hansı əsasa görə cərimə edilmişdir.Ona verilən aktda isə hal şahidləri qrafasındakı şahidlər işıq idarəsinin işçiləridir. Halbuki, qanunun tələbinə görə aktın tərtibatı ona bildirilməli, o, imtina edərsə bu barədə akta qeyd yazılmalı və iki hal şahidi iştirak etməlidir. Görünür işıq idarəsi Azərbaycan Respulikasının qanunlarını qəbul etmir və öz yazdıqları qanunlarla işləyirlər.O, cavabdeh təşkilatın onu cərimə etməsinə dair 033631 saylı aktını əsassız və qanunsuz hesab edir. Odur ki, "xxxx" ASC-nin barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış borcun silinməsi və bununla bağlı tərtib olunmuş 033631 saylı aktın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu, «Azərişıq” ASC-nin əməkdaşlarının keçirilmiş reyd zamanı çəkiliş apardıqlarını göstərərək həmin video görüntüləri məhkəməyə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Bəşirov X3 rayonu Bəydili kəndi Fizuli küçəsi ev 15-də qeydiyyatdadır. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 11 iyul 2023-cü il tarixli NDM № 033631 saylı aktından görünür ki, abonent İddiaçı məxsus yaşayış evinə quraşdırılmış **********012141 kodu olan sayğaca baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş videoçəkilişdən də məlum olur ki, İddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərişıq ASC-nin elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə ona hesablanmış cərimə borcunun silinməsi və bununla bağlı barəsində tərtib olunmuş NDM № 033631 saylı aktın etibarsız hesab edilməsi tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi və bununla bağlı tərtib olunmuş NDM № 033631 saylı aktın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar