Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-984/2023 26.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərə görə pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ondan üzr istəməsi və mənəvi zərərə görə ondan 10.000 manat, dövlət rüsumuna görə ödədiyi 120 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərilmişdir ki, Cavabdehla bacanaqdır. O, həyat yoldaşından məhkəmə qərarına əsasən ayrılmışdır. 26 iyun 2023-cü il tarixdə saat təxminən 16 radələrində Cavabdeh onun evinə gəlmişdir. Bundan əvvəl isə Mehdi onun həyat yoldaşının mobil nömrəsinə zəng etmiş, bir neçə dəfə israrlı şəkildə zəng etməkdə davam etmiş, lakin yoldaşı həmin nömrəni tanıdığından telefonu açmamışdır. Onun belə zəngləri dəfələrlə təkrar olunmuşdur. O, cavabdehə bununla əlaqədar iradını bildirmişdir. Cavabdeh maşından düşərək onun üstünə gəlmişdir. Onun hərəkətlərindən hiss etmişdir ki, o, özündə deyil. O, Mehtiyə həyat yoldaşının telefonuna niyə zəng etməsini soruşduqda, cavabında Mehti “əcəb edərək zəng etmişəm, sən kimsən ki, arvadına zəng etməyi mənə qadağan edirsən. Sən mənimlə danışa bilməzsən, sən kişi deyilsən”. Onun özündə olmadığını hiss etdiyindən ona cavab verməmişdir. Həmin vaxt bütün ailə üzvləri və azyaşlı nəvələri həyətdə olmuşdur. Cavabdeh ucadan daşıdığı üçün nəvələri qorxuya düşərək ağlamışlar. O, cavabdehi bir təhər həyətdən çıxarıb darvazanı bağlamışdır. Mehdi küçədə onun, ailə üzvlərinmin və arvadının ünvanına nəlayiq sözlər işlətmişdir. “Sən kişi deyisən, mən sənə göstərərəm” kimi ifadələri ilə ailə üzvlərinin eşitdiyi tərzdə ona deyərək şərəf və ləyaqətini alçaltmışdır. Onun sakitləşmədiyini görərək DİN-nin 102 telefon xidmətinə müraciət etmişdir. Biləsuvar RPŞ-nin əməkdaşları gəlmiş, Mehdi Hüseynovun həyətinə basqın etməsi, onu və ailə üzvlərini, arvadını təhqir etməsi, azyaşlı nəvələrini qorxutması barədə polis əməkdaşlarına izahat vermişdir. Həmin polis əməkdaşları gedəndən sonra Mehti yenidən onun nömrəsinə zəng etmişdir. Telefonda onu nəlayiq sözlərlə təhqir etmişdir. İkinci dəfə yenə zəng etmiş, arvadı haqqında nəlayiq sözlərlər demişdir.O, cavabdehə iradını bildirəndən sonra onun ünvanına nəlayiq sözlər söyləmişdir. Mehti öz arvadını isə ağır formada təhqir etmişdir. Telefon danışıqları hamısı ailə üzvlərinin gözü qarşısında baş vermişdir. Onun dediyi bütün nəlayiq sözləri telefonunda qeydə almışdır. Çünki, bundan əvvəl də o, dəfələrlə onun mobil nömrəsinə zəng edərək ədəbsiz sözlərlə onu təhqir etmişdir. Mehti onun şərəfini, ləyaqətini, qururunu və kişiliyini ailə üzvlərinin yanında təhqir etmişdir. 02 iyul 2023-cü il tarixdə Cavabdeh yenidən evinə gəlmişdir. O, küçədə qonşu ilə söhbət edən zaman, cavabdeh yenə onu nəlayiq sözlərlə təhqir etmişdir. Oğluna verdiyi telefonu və qızının şəxsiyyət vəsiqəsini götürəcəyini bildirmişdir. Oğluna “mən sizi uşaqlıqdan məhrum edəcəyəm”demişdir. Daha sonra Mehti oğluna aldığı mobil telefonu və qızının şəxsiyyət vəsiqəsini aldıqdan sonra çıxıb getmişdir. Bir neçə saat keçəndən sonra polis əməkdaşları evinə gəlmiş və ona bildirmişlər ki, Mehti ondan şikayət etmişdir ki, guya onun maşınından 5000 manat pul oğurlamışdır. O, Mehtinin verdiyi guya onun avtomaşınından 5000 manat pulun oğurlanması barədə ərizəsi ilə tanış olmuş və dərhal polis əməkdaşlarına bildirmişdir ki, bu tamamilə yalan və böhtandır. Material araşdırmanın davam etdirilməsi üçün Biləsuvar RPŞ-nin TB-nə göndərilmişdir. Mehdi Hüseynovun yalan danışmasını, onu və baldızını şərləmək üçün DİN-nin 102 telefon xidmətinə məlumat vermiş və PB-nə ərizə təqdim edərək onların onun maşınından 5000 manat pul oğurlamaları barədə əvvəlcə ərizə və sonra isə izahat vermişdir. Lakin araşdırma zamanı Mehtinin maşınından pul oğurlanması sübut edilmədiyindən Mehti ərizə təqdim edərək, əsəbi olduğundan polis orqanlarına maşınından onun tərəfinizdən 5000 manat pulunun oğurlanması barədə məlumat verdiyini, sonradan isə həmin pulu maşında tapdığından şikayətindən imtina etdiyini göstərmişdir.Cavabdeh Polis orqanlarına həm şifahi, həm ərizə, həm də izahat formasında məlumat verməklə onu oğurluq cinayəti törətməkdə yalandan şərləməklə, şərəf və ləyaqətini alçaldan məlumatları bilə-bilə qəsdən yaymaqla, o cümlədən ailə üzvlərinin yanında onu təhqir edərək etik qaydalara əməl etməməklə, ona mənəvi zərər vurmuşdur. Sonda iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmədə iddianı qəbul etmədiyini bildirərək, əsəbi olduğundan iddiaçının şərəf və ləyaqətini alçaldıcı ifadələr işlətməsini, lakin sonradan ondan üzr istəyərək bağışlanmasını xahiş etdiyini göstərdi.Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 icraatında olan HK-1/200 nömrəli material üzrə «cinayət işi başlanmasının rədd edilməsi barədə» 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, İddiaçı əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar dərc edilmişsə, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.” Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə maddi və mənəvi zərər vurulur. Həmin qərarının 1-ci hissəsinə əsasən Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərhi” ilə bağlı hüquqi mövqeyinin işin müəyyən edilmiş faktiki halları üzrə tərəflərin qarşılıqlı münasibətlərinə tətbiqi məhkəməyə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibət bildirərkən belə nəticəyə gəlməyə əsas verir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Ona görə də mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir ki, o, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Hazırkı tələb üzrə yaranmış münasibətlərə gəlincə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ilə təelefon danışığı zamanı cavabdehin iddiaçının ünvanına nəlayiq ifadələr işlətməsi İddiaçı zərərçəkmiş kimi şüuruna təsir göstərməklə onda mənfi psixoloji reaksiyaya səbəb olmuş, onun şəxsiyyəti təhqir olunmuş, sarsıntı, iztirab keçirmiş və bununla da mənəvi təhqirə məruz qalaraq hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, -Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxs həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə İddiaçı vurulmuş mənəvi zərərin məbləğini müəyyən edərkən belə qənaətə gəlir ki, cavabdeh tərəfindən onun şərəf və ləyaqətinin alçaldılması nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində elə bir məbləğdə pul vəsaiti tutulmalıdır ki, həmin məbləğ cavabdehi hədsiz ağır maddi məhrumiyyətlərə məruz qoymasın. İşdə olan sübutlarla təsdiq olunur ki, Cavabdeh ifadələrində İddiaçı şərəf və ləyaqətini ləkələyən ifadələr işlətməklə,həmin şəxsə mənəvi zərər vurmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində Cavabdeh 1000 (bir min) manat məbləğdə pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, 100 manat məbləğində pul vəsaiti cavadbehdən iddiaçının xeyrinə tutulmaldır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğdə pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 (yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-984/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-984/2023
26.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver