Məhkəmə qərarları › İş №2(022)-985/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-985/2023

15.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-985/2023 15.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi vəkil X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qrşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, əsas borca görə 5537 manat, hüquqi yardıma görə vəkilin bank hesabına ödədiyi 500 manatın, dövlət rüsumuna görə ödədiyi 75 manatın, cəmi 6112 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ********** qeydiyyat Şəhadətnaməsinə (VÖEN) əsasən həyətində yerləşən plastik qapı-pəncərə sexində usta kimi işləyir. 2021-ci ilin sentyabr ayında Cavabdeh onun işlədiyi sexə gələrək plastik pəncərə materialı və şüşə materialı şifariş vermişdir. Sifariş verdiyi mallar hazır olandan sonra pulunu hissə-hissə vermək şərti ilə həmin malları götürmüşdür. Bu minvalla 2021-ci ilin dekabr ayına kimi hazır plastik pəncərələrin pulunu hissə-hissə ödəmək şərti ilə ona vermişdir. 2022-ci ilin yanvar ayında yenidən cavabdeh ondan hazır mal götürmək üçün müraciət etmişdir. Ona bildirmişdir ki, nisiyə verdiyi malların pulunu tam ödəyəndən sonra ona nisiyə mal verə bilər. Lakin onun böyük qardaşı X3 yanına gələrək bildirmişdir ki, “Firudinin vəziyyəti ağırdır, ona kömək et, nisiyə mal ver, həm özü dolansın, həm də sənin pulunu qaytarsın. Borcu çoxdur, onu vəziyyətdən çıxart. Əgər malların pulunu Firudin verməsə, mən zamin dururam və pulu mən ödəyəcəyəm”. Bundan sonra yenidən ona pulunu hissə-hissə ödəməklə nisiyə plastik material və hazır pəncə vermişdir. Bu müddət ərzində, yəni 2022ci ilin noyabr ayına qədər olan müddət ərzində ona pulunu hissə-hissə ödəmək şərti ilə nisiyə mal və material vermişdir. Pulun müəyyən hissəsini ödəsə də, həmin ilin dekabr ayında cavabdehin ona olan borcu 7.333 manat olmuşdur. Ona bildirmişdir ki, borcunu ödə, yenə də sənə nisiyə mal-material verim. Lakin Cavabdeh pulunu vermədiyindən onun qanunsuz hərəkətləri barədə Biləsuvar rayon PŞ-nə şikayət etmişdir. Polisdə araşdırma aparılarkən cavabdeh ona 5000 manat borcu olmasını etiraf etmişdir. Aralarında olan haqq-hesablardan, o cümlədən telefon danışıqlarından ona 5537 manat borcu olmasını təsdiq etmişdir. Buna görə də cavabdehin hazırda ona borclu olduğu 5537 manat pulu tələb etməyə zərurət yaranmışdır. İddiaçı nümayəndəsi vəkil X2 da eyni məzmunda izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbini qismən qədul edərək ifadəsində göstərmişdir ki, özü qapıpəncərə ustasıdır. Belə ki, iddiaçıdan 7333 manat dəyərində pəncərə üçün plastik material götürmüş və borcunu hissə-hissə qaytarmışdır.Hazırda onun iddiaçıya 5 min manat borcu qalmışdır. Qalan borcunu da hər ay hissə-hissə qaytaracaqdır. İşin müəyyən edilmiş hallarından görünür ki, həm İddiaçı (VÖEN: **********) və həm də Cavabdeh iş üzrə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən (VÖEN:**********) vergi ödəyicisi kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hazırki iş üzrə mübahisənin subyektlərindən görünür ki, Cavabdeh fərdi sahibkar statusuna malk olmaqla sahibkarlıq fəaliyyətini həyata keçirir, iddiaçı özü də fərdi sahibkar kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının məzmunundan da göründüyü kimi iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi araşdırılarkən məhkəmə iddia ərizəsinin prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini, o cümlədən iddia ərizəsinin baxılmasının məhkəmə aidiyyətini də müəyyən edə bilər. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 13-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Belə ki, işdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında portaldan çıxarışdan görünür ki, Cavabdeh vergi ödəyicisidir və ********** saylı onun vergi ödəyicisi kimi elektron nömrəsi vardır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əsas borca görə 5537 manat, hüquqi yardıma görə vəkilin bank hesabına ödədiyi 500 manat, dövlət rüsumuna görə ödədiyi 75 manat, cəmi 6112 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə iddia ərizəsinə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı əsas borca görə 5537 manat, hüquqi yardıma görə vəkilin bank hesabına ödədiyi 500 manat, dövlət rüsumuna görə ödədiyi 75 manat, cəmi 6112 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar