Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-415/2024 18.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil Şaiq oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Nümayəndə və Cavabdeh2 qarşı istifadə hüququnun itirilmiş hesab edilməklə xitam verilməsi tələbinə dair mülki işə 18 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Nümayəndə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Nümayəndə və Cavabdeh2 onun mülkiyyətində olan Qazax şəhəri Azadlıq küçəsi ev 150 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməklə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax şəhəri Azadlıq küçəsi ev 150 ünvanında yerləşən ev onun mülkiyyətindədir. Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli, **********76-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi bu mənzil tam olaraq mülkiyyət hüququ ilə ona məxsusdur. Bu evdə o, qızı və oğlu qeydiyyatdadır. Onun birinci nikahından doğulmuş xx.xx.1997-ci il təvəllüdlü Nümayəndə Cürışüd oğlu və xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 05 iyul 2004-cü il tarixdən sonra anası X6 ilə evdən çıxıb getmişlər və həmin tarixdən də bu evdə yaşamırlar. Cavabdehlər bu vaxtadək bu evdə formal olaraq qeydiyyatda qalmışlar. Bu şəxslər neçə illərdir Bakı şəhərində yaşayırlar. Onun evinin yaşayış sahəsindən istifadə etmirlər. Bu şəxslərin onun mənzilində heç bir əşyası yoxdur. Cavabdehlərin formal qeydiyyatı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Bu hallar onu göstərir ki, bu şəxslərin bu evdən istifadəsinə belə ehtiyacları olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, cavabdehlər Nümayəndə və Cavabdeh2 onun mülkiyyətində olan Qazax şəhəri Azadlıq küçəsi ev 150 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməklə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, qeyd olunan ev tam olaraq mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlər iddiaçının birinci nikahından olan övladlarıdır. Nikah pozulduqdan sonra uşaqlar anaları ilə birlikdə Bakı şəhərinə köçmüşlər və halhazıradək orada yaşayırlar. Cavabdehlər artıq 20 ildir ki, həmin evdə yaşamırlar, evdən istifadə etmirlər. Odur ki, iddianın tam təmin olunmasını xahiş edirəm. Əvvəlki məhkəmə iclasında cavabdeh, eyni zamanda Cavabdeh2 nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, həqiqətən bacısı və o atasına məxsus evdə qeydiyyatdadırlar. O, anadan olan vaxt atası həbsdə olmuşdur. 2004-cü ildə valideynlərinin arasında olan nikah pozulmuşdur və həmin vaxt onlar həmin evdən çıxmışlar. Artıq 20 ildir ki, həmin evdə yaşamırlar. Həmin vaxtdan sonra atası onlarla maraqlanmamış, onlarla heç bir əlaqəsi olmamışdır. Onlar 1 saylı xüsusi internat məktəbində təhsil almışlar. Hazırda xalasının evində yaşayırlar, həmin evin sənədləri olmadığından həmin evə qeydiyyata düşə bilmir. Qeydiyyata düşmək üçün başqa yeri yoxdur. Hazırda bacısı ailə qurub ər evinə köçmüşdür. Onun həmin evdən heç bir tələbi yoxdur, vaxtı çatanda evdən qeydiyyatdan çıxacaq. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, İddiaçı onun qonşusudur və o türmədən çıxandan sonra uşaqları anası ilə birlikdə getmişlər və indiyə kimi həmin evə qayıtmamışlar. Bu müddət ərzində İddiaçı anası vəfat etmiş, onun yas mərasiminə belə gəlməmişlər. Qeyd olunan evdə İddiaçı tək yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, İddiaçı onun qonşusudur. Sonuncu birinci həyat yoldaşından boşandıqdan sonra onun uşaqlarını həmin evdə görməmişdir. İddiaçı anasının, bacısının yas mərasimində onlar iştirak etməmişlər. Hazırda İddiaçı həmin evdə 2-ci ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirmişdir ki, İddiaçı onun qonşusudur. Cümşüd birinci həyat yoldaşından boşandıqdan sonra uşaqları anası ilə getmişdir. Həmin vaxtdan sonra uşaqları həmin evdə görməmişdir. Hətta İddiaçı anasının, bacısının yas mərasimində onlar iştirak etməmişlər. Hazırda İddiaçı həmin evdə 2-ci ailəsi ilə birlikdə yaşayır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qazax şəhəri Azadlıq küçəsi ev 150 ünvanında 0,0749 ha torpaq sahəsində yerləşən 53.2 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə tam olaraq İddiaçı adına qeydə alınmışdır. Qazax Rayon Məhkəməsinin 05 iyul 2004-cü il tarixli 2-113-2004 saylı qətnaməsinin surətindən görünür ki, X6 ilə İddiaçı arasındakı 26 mart 1993-cü il tarixli 35 nömrəli nikah qeydiyyatının popzlması qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Qazax şəhəri Azadlıq küçəsi ev 150 ünvanda yerləşən fərdi yaşayış evində İddiaçı, X1, X2, Nümayəndə, Cavabdeh2, X9 və X5 qeydiyyatdadırlar. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanda 0,0749 ha torpaq sahəsində yeləşən ümumi sahəsi 53.2 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Cavabdehlər Nümayəndə, Cavabdeh2 başqa ünvanda yaşasalar da, mübahisəli mənzildə qeydiyyatdadırlar. Cavabdehlər uzun müddətdir ki, daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşlər. Bu səbədən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi evdən istifadə hüququna xitam verilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin istifadə və mülkiyyət münasibətlərini tənzimləyən normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Kostitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Kostitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd edilir ki, “nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 262.6-cı maddəsinə əsasən əgər ixtiyarı verilmiş daşınmaz əşya üçün servituta hər cür maraq itmişdirsə, yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi ona xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, “qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.” Məhkəmə hesab edir ki, cavabdehlər Nümayəndə, Cavabdeh2 əvvəllər mübahisəli mənzildə yaşasalar da, sonradan daimi yaşamaq üçün başqa ünvana köçmüşlər və həmin tarixdən cavabdehlər mübahisəli mənzildə yaşamamışlar. Cavabdeh, eyni zamanda Cavabdeh2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatından da görünür ki, sonuncu dəfə 2004-cü il tarixdə mübahisəli mənzildə olmuşlar. Bu baxımdan məhkəmə cavabdehlərin mübahisəli mənzili tərk edərək yaşamaq üçün başqa yerə getməsini yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxması kimi qiymətləndirir və bu baxımdan hesab edir ki, cavabdehlər daimi yaşamaq üçün başqa yerə köçdükləri üçün mübahisəli mənzildən istifadə hüquqlarını itirmişlər. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Nümayəndə və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Qazax şəhəri Azadlıq küçəsi ev 150 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməklə istifadə hüquqlarına xitam verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-415/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-415/2024
18.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver