Məhkəmə qərarları › İş №2(023)-48/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-48/2025

29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-48/2025 29.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyan» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Cavabdeh tərəfindən onlara vurulmuş 10000 (on min) manat maddi zərər, 1000 (bir min) manat mənəvi zərər, eləcə də ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumunu alıb iddiaçıların xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 23:55 radələrində yaşadıqları Qazax şəhəri Heydər Əliyev prospekti ev 132-də yerləşən evlərinin qarşısında saxladığı onlara məxsus «CHANGAN» minik markalı **-RA- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili dayandığı yerdə **-CJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi törədilərək onlara məxsus avtomobilə arxa tərəfdən çırpılıb 8 metrədən çox qabağa tərəf sürüyərək yerini dəyişmişdir. Yol nəqliyyat hadisəsi zamanı onlara məxsus «CHANGAN» minik narkalı **-RA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ciddi ziyan dəymişdir. Cavabdeh hadisəni törədən zaman sərxoş vəziyyetdə olmuşdur. Ona görə ki, gecə vaxtı saat 23:55 radələrində küçədə tıxac olmur. Nədə ki, dumanlı hava şəraiti yox idi. Cavabdeh qanunsuz idarə etdiyi əslində anası Sevinc Cəfərovaya məxsus **-CJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qanunsuz olaraq heç bir hüququ olmadan idarə etmişdir. Bu barədə Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququnun xx.xx.2024-cü il tarixdə 06 (altı) ay müddə də məhdudlaşdırıldığı məlum olmuşdur. Çox maraqlıdır ki, bu qədər günahları olan Cavabdeh yol nəqliyyat hadisəsini araşdıran Qazax Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı baş leytenant Cabbar İmamquluyev tərəfindən yuxarıda qeyd etdiyi faktları gizlədərək saxtakarlığa yol verib, Cavabdeh cinayət məsuliyyətindən azad etmişdir. Cavabdehdən istər təhqiqat dövründə, istərsə də bu günə qədərki vaxtda bir neçə dəfə onlara dəymiş maddi zərəri ödəməsini tələb etsələr də məsuliyyətsizlik edərək zərəri ödəməmişdir. Dəfələrlə görüşüb bu barədə söhbət etməyə çağırsalar da, müxtəlif bəhanehər gətirərək gəlməmişdir və görüşməkdən yayınmışdır. Elə bu səbəbdən də Məhkəmədə, onlara vurulmuş maddi və mənəvi zərər tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışlar. Cavabdehin günahı üzündən avtomobil tam yararsız hala düşmüşdür. Ailəsinin avtomobilə olan ehtiyacı nə Cavabdeh, nə də ki, işi araşdıran təhqiqatçı baş leytenant X2 həmin boşluğu doldura bilmirlər. Yoldaşının silsilə müalicələrinə götürdüyü kreditləri və borcları ödəyib qaytara bilmir. Həyat yoldaşının yenidən yol nəqliyyat hadisəsi ilə əlaqədar həyəcanlanaraq stress keçirməsi onları yenidən müalicələrə və həkimlərə düçar edir. xx.xx.2024-cü il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia həcminin artırılması barədə ərizə göndərərək, Cavabdeh 14000 (on dörd min) manat maddi zərər, 1000 (bir min) manat mənəvi zərər, eləcə də ödənilmiş dövlət rüsumunu alıb iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Əvvəlki məhkəmə iclaslarında İddiaçı1 iddianı müdafiə edərək bildirdi ki, iş üzrə sığorta tərəfindən ödənilən 4625 manat və ziyan aktı əsasında hesablanmış 5740 manat ziyanla razı deyil. Ona görə də, ekspertizasının keçirilməsini xahiş etdi. Sonuncu məhkəmə iclasında isə ekspertiza rəyi əsasında müəyyənləşdirilən 5090 manat ziyanlada razı olmadığını qeyd etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək bildirdi ki, iş üzrə sığorta tərəfindən ödənilən 4625 manat və ziyan aktı əsasında hesablanmış 5740 manat ziyanla razı deyil. Ona görə də, ekspertizasının keçirilməsini xahiş etdi. Sonuncu məhkəmə iclasında isə ekspertiza rəyi əsasında müəyyənləşdirilən 5090 manat ziyanlada razı olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, avtomobilə dəymiş zərərin əvəzi qismində Paşa Sığorta tərəfindən 4625 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddianı qəbul etmir. İddiaçılar tərəfindən tələb olunan ziyanı ödəməyə maddi imkanı yoxdur. Ona görə də, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərk, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan cinayət işinin başlanılmasının rədd edilməsiu haqqında qərardan görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Paşa Sığortanın xx.xx.2024-cü il tarixl8i, 6847/C saylı məktubundan görünür ki, 10.07.224-cü il tarixində idarə olunan 01CJ 252 dövlətv qeydiyyat nişanlı Renault Tondar markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 tərəfindən idarə olunan ** RA *** dövlət qeydiyyat nişanlı Changan markalı avtonəqliyyat vasitəsi zərərə məruz qalmışdır. Qeyd olunan avtomobil üçün zərər təmir müəssisəsi tərəfindən ümumi 4625 manat məbləğində müəyyən olunmuşdur. İşdə olan ziyan aktından görünür ki, ** RA *** dövlət qeydiyyat nişanlı Changan markalı avtonəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixində baxış keçirilmiş və avtomobilə dəyən ziyan 5740 manat təşkil etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, 9/9415 nömrəli ekspert rəyindən görünür ki, nəzəri yolu ilə, iş materiallarında “Şəbnəm” Müstəqil kiçik müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən “Changan Azərbaycan” ehtiyat hissələrinin rəsmi dillerində olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxlışlı “Changan” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobuilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5090 manat müəyyən edilir. Dəyişməli hissələrinin qiyməti 3240 manat, təmir-bərpa işlərinin qiyməti 1850 manat . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə» Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, «Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir». «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 4-cü bəndinə məhkəmələrə izah edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bundan başqa, məhkəmə iddianı mənəvi zərərin əvəzi kimi 1000 manat pul tələbinə dair hissədə əsaslı hesab etmir. Belə ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçılar böyük mənəvi sarsıntı keçirdiyini əsas gətirərək səhhətində narahatlıqlar yarandığını iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir, ona görə də, məhkəmə hesab edir ki, belə mənəvi sarsıntının əlavə olaraq pul formasında kompensasiya edilməsi üçün hər hansı əsas yoxdur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş həqiqi halları və sübutların məcmusu ilə Cavabdeh xx.xx.2024-cü il tarixdə təqsirli (hüquqa zidd) hərəkətləri ilə İddiaçı1 mülkiyyətində olan “Changan” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5090 manat məbləğində maddi zərər vurduğu müəyyən edilir. Lakin Paşa sığorta tərəfindən iddiaçılara 4625 manat ödənilmişdir. Buna görə də məhkəmə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi qismində (5090-4625=465) 465 manat məbləğində pul tələbinə dair hissəniı əsaslı hesab edir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Changan” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində 465 manat məbləğində pul vəsaiti alınıb, İddiaçı1 və İddiaçı2 verilməlidir. Bundan başqa,Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 129 manat dövlət rüsumunun 30 manatı iddiaçıların xeyrinə tutulmalıdır. Bununla yanaşı, Cavabdeh 50 manat pul tutularaq iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 465 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 495 manat məbləğində pul vəsaiti alınıb, İddiaçı1 və İddiaçı2 verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 50 manat pul tutularaq iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar