Məhkəmə qərarları › İş №2(023)-642/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-642/2023

13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-642/2023 13.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi Qazax Rayon üzrə Maliyyə Şöbəsinin rəisi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya həbsdə qaldığı müddət ərzində maddi ziyana görə 106 (yüz altı min) manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi, dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 400000 (dörd yüz min) manat mənəvi ziyanın cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarını pozmaqla icraata qəbul edildiyindən, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında » Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 135 ünvanında yerləşdiyindən, hazırki mülki işə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar