Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-133/2024 02.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəf DƏDRX-nın Qax rayon şöbəsinə qarşı «birgə mülkiyyətdən özünə düşən 0.22 ha həyətyanı torpaq sahəsindən payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və maraqlı tərəf DƏDRX-nın Qax rayon şöbəsinə qarşı «birgə mülkiyyətdən özünə düşən 0.22 ha həyətyanı torpaq sahəsindən payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək DƏDRX tərəfindən verilmiş **********04-10301 reyestr nömrəli çıxarışa əsasən birgə mülkiyyətdən özünə düşən 0.073 ha torpaq sahəsinin naturada ayrılıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının özünə məxsus olan Qax rayonu Güllük kəndində evi və həmin evin yerləşdiyi 0.22 ha həyətyanı torpaq sahəsi vardır. Ev tək mülkiyyət hüququ ilə özünə məxsus olsa da, həyətyanı torpaq sahəsi birgə mülkiyyət hüququ ilə özünə və övladları Elşən və Cavabdeh2 məxsusdur. Özünə məxsus olan çıxarışda övladlarının adı qeyd olunmuşdur. Hazırda oğullarına özlərinə məxsus olan torpaq sahəsini ayırıb vermək istəyir. Eyni zamanda çıxarışda övladlarının adının qeyd edilməsi iddiaçıya mülkiyyətinə görə sərəncam vermək hüququnu məhdudlaşdırır. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDK və R PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. İddiaçı məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, səhhəti ilə əlaqədar olaraq danışa bilmir. İddia ərizəsini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, pasient İddiaçı əsas xəstəliyi Spastik hemiplegiya, Essensial (birincili) hipertenziya, Beyin infarktının nəticələri, Disfaziya və afaziya müəyyən edilmişdir. Qax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(024)-133/2024 saylı qərardadından görünür ki, mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən məhkəmə qərardadına cavab olaraq xx.xx.2024-cü il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, ƏMDK yanında DƏDRX-nın verdiyi **********04- 10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsindən İddiaçı payına düçən 1/3 hissəsinin naturada ayrılaraq iddiaçıya verilməsi məhkəməyə təqdim edilmiş yerquruluşu planında göstərildiyi kimi mümkündür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********04-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qax rayonu, Güllük kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.22 ha torpaq sahəsində və üzərindəki 79.50 kv.m yaşayış sahəsində hüququ rəsmiləşdirilən şəxs İddiaçı payı fərdi yaşayış evi tam və torpaq sahəsi ümumi birgə, digər hüquq sahibləri Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsində ümumi birgə payı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/3943 saylı rəydən görünür ki, ƏMDK yanında DƏDRXnin verdiyi **********04-10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsindən İddiaçı payına düçən 1/3 hissəsinin naturada ayrılaraq iddiaçıya verilməsi məhkəməyə təqdim edilmiş yerquruluşu planında göstərildiyi kimi mümkündür. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspetiza xərci 50 (əlli) manat təşkil edir. eManat ödəniş terminalı vasitəsilə ödənilmiş xx.xx.2023-cü il tarixli № 188832 nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, habelə mülkiyyət ilə əlaqədar digər hüquq normaları üzrə həll olunmalıdır. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllənin 213.1 və 213.2-ci maddələri). Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə diqqətə çatdırır ki, iddia tələbinin ümumi mülkiyyətdə olan payın ayrılması hissəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsidir. Həmin normada qeyd olunmuşdur ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. (Mülki Məcəllənin 220.1 və 220.3-cü maddələri). İş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi üzərində tərəflərin ümumi birgə mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. İddiaçı ümumi birgə mülkiyyətin mülkiyyətçisi kimi öz payının naturada ayrılmasını tələb etmişdir. Lakin iddiaçının payının naturada ayrılmasına dair ümumi birgə mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər razılıq verməmişdir. Ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması, həmin torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Eləcə də, ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması paylı mülkiyyətin digər mülkiyyətçilərinin əsaslı mənafelərinə qanunsuz müdaxiləyə səbəb olmur. Belə ki, iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 12 saylı Şəki Ərazi İdarəsinin verdiyi **********04-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsindən İddiaçı payına düçən 1/3 hissəsinin naturada ayrılaraq iddiaçıya verilməsi məhkəməyə təqdim edilmiş yerquruluşu planında göstərildiyi kimi mümkündür. Reyestr nömrəsi **********04-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən hüququ rəsmiləşdirilən şəxs İddiaçı payı fərdi yaşayış evi tam və torpaq sahəsi ümumi birgə, digər hüquq sahibləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsində ümumi birgə payı müəyyən olunmuşdur. Qax rayonu Güllük kəndində yerləşən 0.22 ha torpaq sahəsinin İddiaçı payına düşən 1/3 hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi tərtib olunmuş yerquruluşu planına uyğun mümkündür. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Hazırki iş üzrə verilmiş rəy də məhkəmə tərəfindən bu qeyd olunan Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə hesab edir ki, rəy əsaslıdır. Çünki mütəxəssis və ekspert rəyləri dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Məhkəmə diqqətə çatdırır ki, bu halların mövcudluğu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin tətbiqinə imkan verir və iddianın əsaslılığına dəlalət edir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməli və paylı mülkiyyət üzrə iddiaçıya məxsus hissə torpaq sahəsindən naturada ayrılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin qiymətləndirilməyən iddialar üzrə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Bundan başqa iş üzrə ekspertiza xərcinin əvəzi kimi 50 (əlli) manat pul cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********04-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qax rayonu, Güllük kəndində yerləşən 0.22 ha torpaq sahəsindən İddiaçı payına düşən 1/3 hissə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib olunmuş yerquruluşu planına uyğun naturada bölünüb ayrılsın. (Naturada bölünmənin yerquruluşu plan-sxemi mütəxəssis rəyinə əlavə edilmişdir.) İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat pul İddiaçı özünə aid edilsin. İş üzrə ekspertiza xərci cavabdehlərə aid edilməklə, 50 (əlli) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tululub Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kod-142595, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X1, kodu 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab- AZ34CTRE********************) saylı hesabına keçirilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-133/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-133/2024
02.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver