Məhkəmə qərarları › İş №2(024)-220/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-220/2025

24.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-220/2025 24.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Ayişə Məcid qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR hüquqi şəxsi 12 №li Şəki Ərazi İdarəsinə qarşı «paylı mülkiyyətdən olan torpaq sahəsinin naturada ayrılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR hüquqi şəxsi 12 №li Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyət hüququ əsasında ona, mərhum valideynləri X5 və X2 verilmiş 0.1031 ha torpaq sahəsinin onun payına düşən hissəsinin, yararsız vəziyyətə düşmüş yardımçı tikililər nəzərə alınmadan, naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə vəsatət təqdim edərək torpaq sahəsinin naturada yalnız 4/8 hissəsinin iddiaçıya ayrılmasını və hissəyə dair bölgü aktının tərtib edilməsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, onun mülkiyyətinə həmin əmlak vərəsəlik əsasında keçmişdir. Valideynlərinin iki ədəd vərəsəsi vardır: o və cavabdeh bacısı. Cavabdeh hazırda miras əmlakı öz adına sənədləşdirmək istəmir. Bacısının ümumiyyətlə həmin həmin əmlakı istifadə etməsini istəmir. Hazırda o əmlakdan istifadə edə bilmir. Həmin evi bacısı kirayəyə verib. Özü faktiki olaraq Bakı şəhərində yaşayır. Həmin torpaq sahəsində tövlə və talvar vardır. Həmin köməkçi tikililər cavabdeh tərəfindən yararsız vəziyyətə salınmışdır və onları təyinatı üzrə istifadə etmək mümkün deyildir. O da aralarında əlavə mübahisə olmaması yalnız torpaq sahəsinə ayrıca Çıxarış alaraq, gələcəkdə orada özünə ev tikmək istəyir. Öz mülkiyyətindən qanuna müvafiq qaydada istifadə etmək istəyir. Ona məxsus olan torpaq sahəsinin paylı mülkiyyətdə olması ona həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməkəyə çətinlik yaradır. Cavabdehlə torpqağa sahəsinin naturada ayrılıb ona məxsus hissənin ona verilməsi ilə bağlı razılığa gələ bilmir. O, həmin torpaq sahəsindən payının ayırmaq və öz adına DƏDRX-dən çıxarış almaq istəyir. Lakin cavabdeh notariat ofisinə və DƏDRX-in Qax rayon Şöbəsinə gəlməkdən imtina edirlər. Bu səbəbdən o məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinin həcminin azaldılması barədə vəsatət onunla əsaslandırılmışdır ki, iş üzrə müvəkkili mülkiyyətində olan torpaq sahəsi ilə bağlı iddia irəli sürmüşdür. Məhkəmə iclası zamanı, o cümlədən əmlaka baxış keçirilərkən müəyyən olunmuşdur ki, torpaq sahəsində yerləşən tikililərin yerləşmə planı elə xarakterizə olunur ki, müvəkkilimin torpaq sahəsinin bir hissəsinin naturada ayrılması mümkündür. Bununla əlaqədar, onlar daha əvvəl iddia tələbinin azaldılmasına dair məhkəməyə müraciət etmişlər. Lakin həmin müraciətdə tələbin dəqiqləşdirilməsi tam şəkildə əks etdirilməmişdir. Əmlaka yerində baxış nəticəsində də aydın olmuşdur ki, baxmayaraq ki, mübahisəli torpaq sahəsində müvəkkili 8/5 paya malikdir, torpaq sahəsinin faktiki yerləşməsi və istifadəsi imkan verir ki, yalnız 8/4 hissə naturada ayrılması mümkündür. Bu səbəbdən, torpaq sahəsinin naturada yalnız 8/4 hissəsinin müvəkkilinə ayrılmasını və bu hissəyə dair bölgü aktının tərtib edilməsini təmin edilməsini xahiş edirlər. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçının və cavabdehin valideyinləri ilə birlikdə torpaq sahəsi və yaşayış evi vardır. Hazırda iddiaçı istəyir ki, özünün mülkiyyətində olan torpaq sahəsini naturada ayırsın. Öncə müraciət etmişdir ki, iddiaçının torpaq sahəsinin 5/8 hissəsi naturada ayrılsın. Lakin mütəxəssislə birlikdə ölçmə işləri aparılarkən müəyyən edilmişdir ki, 5/8 hissənin ayrılması mümkün olmayacaqdır. Ona görə də, torpaq sahəsini 4/8 hissəsinin naturada ayrılıb iddiaçıya verilməsini xahiş etmişlər. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Mütəxəssis torpaq sahəsinin 5/8 hissəsinin naturada bölünməsinin mümkün olmaması barədə rəy vermişdir. Torpaq sahəsindən pay içərinisindən payın azaldılması barədə iddia tələbinin həcminin azldılması barədə ərizə verilməsi qanunauyğun hesab etmir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında 04 avqust 2021-ci il tarixli, ********** №li, **********66-10301reyestr №li Çıxarışın surətindən görünür ki, Qax rayonu, Qaysarlı kəndində yerləşən 0.1031 ha torpaq sahəsinin 1/8 hissəsi X3, 2/8 hissəsi X1 və 5/8 hissəsi İddiaçı, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin isə 1/2 hissəsi X3, 1/2 hissəsi isə İddiaçı paylı mülkiyyətindədir. AZ-İ № 961719 №li ölüm haqqında şəhadətnamənin təkrarından görünür ki, X6 24 yanvar 2015-ci ildə ölmüşdür. AZ-İ № 961720 №li ölüm haqqında şəhadətnamənin təkrarından görünür ki, X7 27 iyul 2017-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in verdiyi 12 №li Şəki Ərazi idarəsinin verdiyi 16 sentyabr 2025ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında 04 avqust 2021-ci il tarixli, ********** №li, **********66-10301 reyestr №li Çıxarışa əsasən Qax rayonu, Qaysarlı kəndində yerləşən 0.1031 ha torpaq sahəsinin payları İddiaçı fərdi yaşayış evi 1/2 hissə, X3 torpaq sahəsində 1/8 hissə, fərdi yaşayış evində 1/2 hissə və X1 torpaq sahəsində 2/8 hissədir. Fərdi yaşayış evi iki mərtəbədən və iki yaşayış otağından ibarətdir. Otaqlar alt üst olduğundan fərdi yaşayış evinin bir girişi olduğundan evin iki hissəyə bölünməsi mümkün deyildir. Fərdi yaşayış evinin iki hissəyə bölünməsi mümkün olmadığı üçün X4 fərdi yaşayış evi 1/2 hissə və torpaq sahəsi 1/8 hissə, İddiaçı fərdi yaşayış evi 1/2 hissə və torpaq sahəsi 5/8 hissəsinin naturada bölünməsi mümkün deyildir. X1 torpaq sahəsinin 2/8 hissə payının müəyyən edilməsi mümkündür. Bölgü sxemi əlavə olunub. 2.Fərdi yaşayış evi iki mərtəbədən və iki yaşayış otağından ibarətdir. Otaqlar alt üst olduğundan fərdi yaşayış evinin bir girişi olduğundan evin iki hissəyə bölünməsi mümkün deyidir. Qeyd: Cavabdeh həyətyanı torpaq sahəsinə iki formatda bölgü sxemi hazırlanıb. Məhkəmə hansını uyğun görsə onu əsas götürə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında 04 avqust 2021-ci il tarixli, ********** №li, **********66-10301 reyestr №li Çıxarışa əsasən Qax rayonu, Qaysarlı kəndində yerləşən 0.1031 ha torpaq sahəsinin 1/8 hissəsi X3, 2/8 hissəsi X1 və 5/8 hissəsi İddiaçı, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin isə 1/2 hissəsi X3, 1/2 hissəsi isə İddiaçı paylı mülkiyyətindədir. İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR hüquqi şəxsi 12 №li Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyət hüququ əsasında ona, mərhum valideynləri X5 və X2 verilmiş 0.1031 ha torpaq sahəsinin onun payına düşən hissəsinin, yararsız vəziyyətə düşmüş yardımçı tikililər nəzərə alınmadan, naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə tələbə münasibət bildirərək qeyd edir ki, iş üzrə alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi idarəsinin verdiyi mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında 04 avqust 2021-ci il tarixli, ********** №li, **********66-10301 reyestr №li Çıxarışa əsasən Qax rayonu, Qaysarlı kəndində yerləşən 0.1031 ha torpaq sahəsinin payları İddiaçı fərdi yaşayış evi 1/2 hissə, X3 torpaq sahəsində 1/8 hissə, fərdi yaşayış evində 1/2 hissə və X1 torpaq sahəsində 2/8 hissədir. Fərdi yaşayış evi iki mərtəbədən və iki yaşayış otağından ibarətdir. Otaqlar alt üst olduğundan fərdi yaşayış evinin bir girişi olduğundan evin iki hissəyə bölünməsi mümkün deyildir. Fərdi yaşayış evinin iki hissəyə bölünməsi mümkün olmadığı üçün X4 fərdi yaşayış evi 1/2 hissə və torpaq sahəsi 1/8 hissə, İddiaçı fərdi yaşayış evi 1/2 hissə və torpaq sahəsi 5/8 hissəsinin naturada bölünməsi mümkün deyildir. X1 torpaq sahəsinin 2/8 hissə payının müəyyən edilməsi mümkündür. Bölgü sxemi əlavə olunub. Fərdi yaşayış evi iki mərtəbədən və iki yaşayış otağından ibarətdir. Otaqlar alt üst olduğundan fərdi yaşayış evinin bir girişi olduğundan evin iki hissəyə bölünməsi mümkün deyidir. Cavabdeh həyətyanı torpaq sahəsinə iki formatda bölgü sxemi hazırlanıb. Məhkəmə hansını uyğun görsə onu əsas götürə bilər. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələri). İddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 qzının yenidən ekspertiza təyin edilməsi barədə vəsatəti məhkəmə tərəfindən təmin olunmamışdır. Məhkəmə diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Hazırki iş üzrə verilmiş rəy də məhkəmə tərəfindən bu qeyd olunan Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə hesab edir ki, mütəxəssis tərəfindən verilmiş rəylə iddia tələbnidə qeyd olunan torpaq sahəsinin naturada bölünməsinin mümkün olmadığı üçün məhkəmə tələbin sübuta yetirilməməsi qənaətinə gəlmişdir. Mütəxəssis rəyi dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçılar və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə foto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Məhkəmə diqqətə çatdırır ki, bu halların mövcudluğu isə Mülki Məcəllənin 220-ci maddəsinin tətbiqinə imkan verir və iddianın əsassızlığına dəlalət edir. Tətbiq edilən hüquq: Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 6.6-cı bəndində qeyd olunmuşdur ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsi Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyət hüququnun yaranması üçün hər şeydən əvvəl şəxsin özünə məxsus əmlakı olmalıdır. Şəxsin müəyyən əmlakı olmalıdır ki, onunla hər hansı bir münasibətə girə bilsin. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ saxlanılır. Lakin əşyanın tətbiq edilməməsi və ya ona qulluq edilməməsi ictimai münasibətlərə toxunarsa müəyyən hüquqi nəticələr yaradır. Belə olan halda mülkiyyətçinin üzərinə həmin baxımsız əmlakdan istifadə etmək, ona qulluq göstərmək və saz vəziyyətdə saxlamaq vəzifəsi qoyula bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddənin məzmunundan görünür ki, ümumi mülkiyyət hər hansı bir əşyanın mülkiyyət hüququ əsasında iki və ya bir neçə şəxsə mənsub olması deməkdir. Bu halda bir əşyaya eyni zamanda bir neçə şəxsin mülkiyyət hüququ olur ki, mülkiyyətin çoxsubyektli forması yaranır. Ümumi mülkiyyətin bu spesifik xüsusiyyəti onu təksubyektli mülkiyyət formalarından fərqləndirir. Vahid subyekti olan fiziki və hüquqi şəxslərin, dövlətin və bələdiyyələrin mülkiyyətindən fərqli olaraq ümumi mülkiyyət bir neçə subyektə mənsub olur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Hmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin maddədə göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə toplanmış sübutlara hüqquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR hüquqi şəxsi 12 №li Şəki Ərazi İdarəsinə qarşı «paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması» tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar