Məhkəmə qərarları › İş №2(024)-26/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-26/2024

11.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-26/2024 11.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı və Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «torpaq sahəsindən və evdən payın naturada ayrılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinə qarşı «torpaq sahəsindən və evdən payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmiş, ünvan 1 ünvanında 0.0784 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 125.5 kv.m evin və torpaq sahəsinin özünün mülkiyyətində olan hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən ünvan 2 ünvanında 0.0784 ha torpaq sahəsində yerləşən umumı sahəsi 295.6 kv.m ev qeydiyyata alınmışdır. Torpaq sahəsinə mülkiyyətçilərdən Cavabdeh və özünün payları vardır. Həmçinin evə dair mülkiyyətçilərdən Cavabdeh 5/12, onun isə 7/12 hissə payları vardır. Hazırda digər mülkiyyətçi ilə evin istifadəsinə dair bəzi mübahisələr yaranmışdır. Həmçinin özünə aid mülkiyyətindən daha səmərəli istifadə etmək üçün paylı mülkiyyətində olan əmlak payının ayrılmasını istəyir. Cavabdehə torpaq sahəsinin payına uyğun olaraq naturada ayrılmasına dair müraciət etməsinə baxmayaraq, nəticə vermədiyi və mübahisə olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, paylı mülkiyyətdə olan evin və torpaq sahəsinin naturada ayrılmasını istəyir. Özü və cavabdeh həmin evdə, bir tavanın altınada yaşayırlar. Hazırki iddia tələbi ilə müraciət etməsinin səbəbi torpaq sahəsindən və fərdi yaşayış evindən onun payına düşən hissəsinə mülkiyyəti təsdiq edən çıxarış almaq istəməsidir. Mütəxəssisin və ekspertin rəyi ilə razı deyildir. Ev və torpaq sahəsi naturada bölünməlidir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, cavabdehlə bir binada yaşayırlar. Ev atasından qalmışdır. Fərdi yaşayış evi 2 mərtəbəli və 4 otaqdan ibarətdir. Ev 1955-ci ildə inşa olunmuş, aşağı mərtəbəsi qaraj olmuş, 1979-cu ildə ildə isə qarajı yaşayış sahəsinə çevirmişlər. 4 otağın 3 otağı qardaşının, 1 otağı isə onun istifadəsindədir. O ailəsi ilə birlikdə evin ikinci mərtəbəsində yaşayır. Artırma etmişdir və evin sahəsi artmışdır. Problem də həmin otaqla bağlı yaranmışdır. 1979-cu ildə həmin sahə artırıldığı üçün sənəddə qeyd olunmamışdır. Həyət də həmçinin dəqiq yarıbayarı bölünməlidir. Onun və iddiaçının təsərrüfatı ayrıdır. İddiaçının oğlu həyətdə ev tikmişdir və ümumi sənəd lazımdır. Evi və torpaq sahəsini öz razılıqlarına əsasən aralarında bölmüşlər. Bölgü əsasında də sənəd verilməsini istəyirlər. Evdən və torpaq sahəsindən payların iddiaçının və özünün hazırda faktiki istifadə etdikləri qaydada naturada ayrılmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, ölçü işləri aparmağa gələn əməkdaş ölçü işləri aparması barədə onlara məlumat verməmişdir. Ona görə də, qeyri-mütənasiblik yaranmışdır. Mütəxəssis lazımsız yerləri də ölçüb getmişdir. Mütəxəssis tərəfindən ölçü işləri aparılan zaman ölçü sənədinin uyğun gəlmədiyi müəyyən olmuşdur. Çünki onlar sənədsiz yeri ölçmüşlər. Ona görə də qeyrimütənasiblik yaranmışdır. İddiaçı iddia ərizəsində yazmışdır ki, onun evinin üstündə qaynının evi vardır. Lakin bilinmir ki, iddiaçının qeyd etdiyi ev özünə, yoxsa cavabdehə düşür. Qayınatasından 4 otaq miras qalmışdır. Qayınatası özü vəsiyyət etmişdir və hər kəs bilir ki, ev bölünərkən bir alt bir üst bir oğula, bir alt bir üst isə digərinə verilməlidir. Yox əgər razılığa gəlirlərsə üst mərtəbələr bir nəfərə, alt mərtəbələri isə digərinə olsun. Qayınatası belə bir bölgünün olacağını demişdir. Ona görə də iddiaçı açıqlamır ki, məsələ belədir. Çünki məsələ həmin o birinci mərtəbədəki evin məsələsidir və hələ bilinmir ki, həmin yaşayış sahəsi onlara, yoxsa qaynına düşəcək. Qayınanasının da vəsiyyəti vardır ki, evdən ona düşən payı oğlu Cavabdeh verir. Onlara torpaq düşən yerdə qayınatası qaraj tikmişdir. Həmin qarajın üst mərtəbəsində özlərinə düşən otaq vardır. Həmin evin yarısını qayınatası qarajın üstü ilə birlikdə eyvanı və evi artırmışdır. Sənəddə həmin tikililər qeyd olunmayıb. Mütəxəssis gəlib ölçü işləri aparanda qeyd etdiyi sahələri də ölçmüşdür. Altdakı ev cavabdehə düşməklə iddianın təmin edilməsinə etiraz etmir. İş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsi üçün hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********69-10301 olan çıxarışın surətindən görünür ki, ünvan 4, Yeni qaydalarla AZ-3400, ünvan 3 ünvanında yerləşən 0.0784 ha torpaq sahəsi və üzərində yerləşən 125.5 kv.m fərdi yaşayış evi Cavabdeh (5/12 hissə fərdi yaşayış evi və ½ hissə torpaq sahəsi) və İddiaçı (7/12 hissə fərdi yaşayış evi və ½ hissə torpaq sahəsi) paylı mülkiyyətindədir. Reyestr nömrəsi **********69-10301, inventar nömrəsi 1141, tərtib edilmə tarixi xx.xx.2022-ci il olan fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 4, Yeni qaydalarla AZ-3400, ünvan 3 ünvanında yerləşən 0.0784 ha torpaq sahəsi və üzərində yerləşən 125.5 kv.m fərdi yaşayış evinin hüquq subyektləri Cavabdeh (5/12 hissə fərdi yaşayış evi və ½ hissə torpaq sahəsi) və İddiaçıdur (7/12 hissə fərdi yaşayış evi və ½ hissə torpaq sahəsi). 0.0021 ha torpaq sahəsi zəbt olunmuşdur və sənədin verilməsinə əsas Qax rayon NO-nin xx.xx.2022-ci il tarixli reyestr 2v-164 saylı QÜVHH şəhadətnaməsidir. Fərdi yaşayış evi iki dəhliz, üç köməkçi otaq, iki şüşəbənd, iki yaşayış otağından ibarətdir. Qax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(024)-396/2023 saylı qərardadından görünür ki, mülki iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 12 saylı Şəki Ərazi İdarəsinin 08 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Daşınmaz əmlakın reyestr nömrəsi **********69-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0.0784 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125.5 kv.m evin iddiaçının paylı mülkiyyətində olan 5/12 hissəsi və torpaq sahəsinin iddiaçının paylı mülkiyyətində olan ½ hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi mümkün deyil. Ona görə ki, Cavabdeh məxsus evin ikinci mərtəbəsində yerləşən otaq İddiaçı birinci mərtəbəsindəki otağın üstündə yerləşir. Həmin torpaq sahəsi ½ hissəyə bölünməsi mümkün deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/2333 saylı rəydən görünür ki, məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardad ilə birlikdə Mərkəzə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən Daşınmaz əmlakın reyestr nömrəsi **********69-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0.0784 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125.5 kv.m evin iddiaçının paylı mülkiyyətində olan 5/12 hissəsi və torpaq sahəsinin iddiaçının paylı mülkiyyətində olan ½ hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi mümkün deyil. Ona görə ki, Cavabdeh məxsus evin ikinci mərtəbəsində yerləşən otaq İddiaçı birinci mərtəbəsindəki otağın üstündə yerləşir. Həmin torpaq sahəsi ½ hissəyə bölünməsi mümkün deyil. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakdan payın ayrılması ilə bağlı yaranmış mübahisədir və aşağıdakı hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllənin 213.2-ci maddəsi). Məhkəmə göstərir ki, iddia tələbinin ümumi mülkiyyətdə olan payın naturada bölünüb ayrılması hissəsinin hüquqi əsasını təşkil edən norma Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsidir. Həmin normada qeyd olunmuşdur ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri) İşin mübahisəsiz halıdır ki, ünvan 4, Yeni qaydalarla AZ-3400, ünvan 3 ünvanında yerləşən 0.0784 ha torpaq sahəsi və üzərində yerləşən 125.5 kv.m fərdi yaşayış evi Cavabdeh (5/12 hissə fərdi yaşayış evi və ½ hissə torpaq sahəsi) və İddiaçı (7/12 hissə fərdi yaşayış evi və ½ hissə torpaq sahəsi) paylı mülkiyyətindədir. Qeyd olunmalıdır ki, vahid daşınmaz əmlak üzrə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Ona görə də məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Bununla belə ekspert tərəfindən xx.xx.2024-cü il tarixli, 10/2333 saylı rəy verilərək göstərilmişdir ki, məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardad ilə birlikdə Mərkəzə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən Daşınmaz əmlakın reyestr nömrəsi **********69-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0.0784 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125.5 kv.m evin iddiaçının paylı mülkiyyətində olan 5/12 hissəsi və torpaq sahəsinin iddiaçının paylı mülkiyyətində olan ½ hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi mümkün deyil. Ona görə ki, Cavabdeh məxsus evin ikinci mərtəbəsində yerləşən otaq İddiaçı birinci mərtəbəsindəki otağın üstündə yerləşir. Həmin torpaq sahəsi ½ hissəyə bölünməsi mümkün deyil. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir (Mülki Məcəllənin 135.1 və 135.4-cü maddələri). Mülki Məcəllənin 135.10-cu maddəsində qeyd olunmuşdur ki, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Məhkəmə qeyd edir ki, ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir (tərkib) hissəsinin mülkiyyətçisi deyil, əşyanın bütövlükdə üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Yəni əşyanın tərkibinə daxil olan hissə hansısa pay sahibinin mülkiyyət hüququndakı payına uyğun gəlsə belə, həmin hissə tərkib hissə statusunu itirmədən, yəni ayrıca və müstəqil əşya halına gəlmədən fərdi mülkiyyət predmeti hesab edilmir. Hazırkı işdə cavabdeh və onun nümayəndəsi daşınmaz əmlakın hazırkı mövcud vəziyyətdə istifadə etdikləri qaydada bölünməsinə etiraz etmədiklərini bildirsələr də, vahid daşınmaz əmlak üzrə iddiaçının payının naturada ayrıla bilməsinin mümkün olmaması ekspert rəyində göstərilmişdir. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara mülki qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi sübuta yetirilmədiyindən rədd edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Konstitusiya Məhkəməsi Plenumunun“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi rədd edilsin. İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi idarəsinə qarşı «torpaq sahəsindən və evdən payının naturada ayrılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adı-X1, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab- AZ34CTRE********************).hesabına köçürülsün. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar