Məhkəmə qərarları › İş №2(024)-312/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-312/2025

17.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-312/2025 17.04.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Şəki şəhər 1 saylı Mediasiya Təşkilatına qarşı «Barışıq Sazişinin 3 və 4-cü şərtlərinin etibarsız hesab edilməsi» tələbinə dair mülki açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh və maraqlı şəxs Şəki şəhər 1 saylı Mediasiya Təşkilatına qarşı «Barışıq Sazişinin 3 və 4-cü şərtlərinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki şəhər 1 saylı X2 rayon nümayəndəliyində Cavabdeh ilə aralarında bağlanmış 25 iyul 2024-cü il tarixli, MŞŞ/MT0118/2024-01296 №li Barışıq Sazişinin 3 və 4-cü şərtlərinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha girməklə ailə qurmuşlar. Həmin nikahdan 27 may 2023-cü il tarixdə doğulmuş Gülçin adlı bir övladı vardır. Əvəllər ailədə münasibətləri səmimi mehriban olmuşdur. Sonradan yaranmış sözsöhbətlər münasibətlərinin pozulmasına səbəb olmuş və onlar ayrılmalı olmuşlar. Sonradan aralarında olan nikah Zaqatala rayon Məhkəməsinin e-2(033)152/2025 №li, 07 yanvar 2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Aralarında olan nikahın pozulması üçün cavabdeh ilkin olaraq mediasiya təşkilatına müraciət etmişdir. Regionda fəaliyyət göstərən Maraqlı şəxs dəvəti ilə 25 iyul 2024-cü il tarixdə yaşadığı Zaqataia rayonunda Şəki şəhər 1 saylı mediasiya təşkilatının Zaqataia rayonunda fəaliyyət göstərən mediatoru X3 ofisinə gəlmiş, Cavabdeh orada olmuşdur. Mediator Cavabdeh aralarında olan nikahın pozulmaq istədiyini bildirdi. Əlavə olaraq bildirdi ki, nikah məhkəmədə pozulsun, Xaliq uşağı ona verir, amma şərtləri vardır. Belə ki, aliment tələb etməyəcəkdir və uşaq ayın 15 günü səndə 15 gün isə Xaliqdə qalacadır. O, bu təklifə razı olmadığını bildirmişdir. Onun etirazından sonra Cavabdeh onu hədələyərək bildirdi ki, bu şərtləri qəbul edib mediatorun tərtib etdiyi müqaviləni imzalamasa, onu biabır edəcək. Bütün qohum əqrəbalarına onun düzgün qadın olmadığını, ona xəyanət etdiyini hamıya söyləyəcəkdir. Biabır olmaq istəmirsə o dediklərini etsin. Onun telefonda olan mesaylarını valideynlərinə, dostlarına bütün tanışlarına göstərəcək və məhkəmədə bunları təqdim edib uşağı onun əlindən alacaqdır. Onu yaxşı tanıdığından bu hərəkətləri edəcəyinə əmin olduğundan hansı sənədi verdilər imzalamış və mediator ondan bu xidmətə görə pul almışdır. Beləliklə cavabdehin hədə qorxusu altında o 25 iyul 2024-cü il tarixli MŞŞ/MT018/2024-01296 saylı Barışıq sazişini imzalamış və mediatora 60 (altmış) manat pul ödəmişdir. Bağlanmış barışıq Sazişinin şərtləri:

1. mediasiya zamanı tərəflər mediasiya edilən nikahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, nigahın davam etdirilməsində razılığa gələ bilmədilər və bu səbəbdən nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəldilər.

2. mediasiya zamanı tərəflər, mediasiya edilən uşağın himayəyə verilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları 27 may 2023-cü il təvvəlüdlü X4 18 yaşı tamam olana kimi anası İddiaçı yanında qalmaqla onun himayəsinə verilməsinə razılığa gəldilər.

3. Mediasiya zamanı tərəflər, mediasiya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları 27 may 2023-cü il təvəllüdlü X4 18 yaşı tamam olana kimi İddiaçı Cavabdeh aliment tələb etməyəcəyinə razılığa gəldilər.

4. Mediasiya zamanı tərəflər, mediasiya edilən uşaqla atanın ünsiyyət hüququnun tanınması tələbi ilə ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları 27 may 2023-cü il təvəllüdlü X6 ilə atası Cavabdeh hər ayın 1-dən 15-nə kimi bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəldilər. Bağlanmış Barışıq sazişinin 3, 4-cü bəndlərini qanunsuz hesab edir və Sazişin həmin bəndləri etibarsız hesab edilməklə ləğv edilməlidir. Belə ki, uşağın 18 yaşı tamam olana kimi Cavabdeh onunla nikahdan doğulmuş X1 üçün alimentin Cavabdeh tələb edilməməsi uşağın mənafeyinə ziddir. Barışıq sazişindən öncə mediator uşağın azyaşlı körpə olmasını nəzərə alıb bu haqda adiyyatı üzrə İcra hakimiyyətinin Qəyyumluq və Himayə şöbəsindən rəy almalı idi.Lakin belə bir rəy yoxdur. Bundan başqa Sazişin 4-cü bəndində qeyd olunan birgə nikahdan doğulmuş uşaqları 27 may 2023-cü il təvəllüdlü X6 ilə atası Cavabdeh hər ayın 1-dən 15-nə kimi bir yerdə olmaqla ünsiyyətdə olmaq kimi şərti ilə bağlı qanunvericiliyin tələbinə əsasən körpə uşağın sazişdə qeyd olunan müddətlərdə açasında qalmasının nə qədər məqsədə müvafiq olub olmasının müəyyən edilməsindən ötəri adiyyatı üzrə İcra hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının rəyini almalı idi. Lakin belə bir rəy yoxdur. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, barışıq Sazişində 4 nəfərin mediator X7, Cavabdeh, onun nümayəndəsi X5 və İddiaçı imzası vardır. Lakin qeyd etmək istərdi ki, Cavabdeh nümayəndəsi X5 həmin mediasiya prosessində iştirak etmirdi. Nümayəndə kimi onun bu prosesdə iştirakının qanuniliyi yoxlanılmalıdır. Qeyd edir ki, bu saziş tərəfindən hədə və təhdid altında imzalanmışdır. Cavabdehin bu təhdidlərindən qurtulmaqdan ötəri o qeydiyyatda olduğu yaşadığı evi tərk edərək başqa yerdə məskunlaşmağa məcbur olmuşdur. Tərəflər arasında nikah məhkəmədə pozularkən həmin nikahdan doğulmuş uşaqların rəyi soruşulur, yox əgər uşaq və ya uşaqlar azyaşlıdırsa və ana uşaqları yanında qalmasını istəyirsə onda azyaşlı uşaq anasının yanında saxlanılır. Bunun üçün İcra hakimiyyətinin Qəyumluq və Himayə komissiyasının rəyi alınır. Lakin bu məsələlərin məhkəmə müstəvisinə çıxmaması üçün cavabdehin ona qarşı etmiş olduğu hədələri və təhdidi səbəbindən bu sazişi imzalamağa məcbur edilmişdir. 25 iyul 2024-cü il tarixli Barışıq sazişi Mülki Məcəllənin tələblərinin kobud şəkildə pozulmaqla bağlanmışdır. Həmin sazişin 3 və 4 bəndlərini etibarsız hesab edir. Mülki Məcəllənin 6.1-ci maddəsində mülki qanunvericiliyin prinsipləri aşağıdakı kimi müəyyən edilmişdir. 6.1.1 mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2 mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5 müqavilələr azadlığı; 6.1.7 mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8 pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9 mülki hüquqların məhkəmə müdafiəsi. Göründüyü kimi Saziş bağlanılarkən Mülki Məcəllənin qeyd olunan prinsiplərinə əməl edilməmiş və kobud şəkildə pozulmuşdur. Sazişin 3 və 4 şərtləri qeyd etdiyi kimi uşağın mənafeyinə ziddir.Belə ki, həmin şərtlər əsasında uşaq maddi təminatından qanunsuz olaraq məhrum edilmiş və eyni zamanda körpə yaşında sabit uşaq reyimində saxlanıması qaydalarından (qidalanmaq, yuxu saat arı,gigiyeniyası və sair) da məhrum olmuşdur. Qeyd olunduğu kimi onlar ayrı-ayrı rayonlarda, o Zaqatala, cavabdeh isə Qax rayonunda yaşayır. 1 yaş 7 aylıq çağa yaşında uşaq yollarda qalmış olur. Barışıq Sazişi bağlandığı vaxtlarda isə 1 yaşı var idi. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərti i əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 333.4.-ci maddəsinin tələbinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcbureimə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Mülki Məcəllənin 339.6-ci maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd etdiyi kimi cavabdehin ona qarşı olan təhdid və təzyiqindən yaşayış yerini dəyişmək məcburiyətində qalmışdır. Hesab edir ki, yeni yaşayış yerində ona təzyiq və zorakılıq edə bilməz. Bu vəziyyəti yəqin etdiyindən barışıq sazişinin 3 və 4 şərtlərinin etibarsızlığı haqda məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq göstərdi ki, o barışıq sazişinin 3 və 4-cü bəndlərinin ləğv edilməsini istəyir. Çünki sazişi hədə-qorxu altında imzalamışdır. Mediasiya təşkilatında ona uşağın bir ay atada qalması təklif olunmuş, razılaşmamışdır. Bundan sonra uşağın 15 gün atada qalması təklif olunduqda da etiraz etmişdir. Uşağı görmək üçün gəlib-getməsini, istəsə də 1-2 gün uşağı aparmasını, 15 gün atada qalarsa uşağın yolda-izdə qalacağını demişdir. Lakin mediator isə əmələ gəlmədiyini belə olmalı olduğunu demiş və ona imza etdirmişdir. O da qaydaqanun bilmədiyi üçün məcbur şəkildə imzalamışdır. Uşaq körpədir və yolda-izdə qalır. Uşağın 15 gün atada qalmasını istəmir. Boşanmalarının səbəbi isə yola gedə bilməmişlər. Cavabdeh ona şər atır və telefonla yazışmaları barədə göstərdikləri ilə bağlı deyir ki, onun mobil telefonunu cavabdehin anası ondan alıb ona verməmiş, sonradan da həmin yazışmalar ortaya çıxmışdır. O da qanun qaydanı bilmədiyi üçün ona hədə-qorxu gəlmişlər ki, aliment tələb etsə onu biabır edəcəklər. Cavabdeh aliment vermir, uşağa baxmır, heç bir köməklik etmir. Bir ildir onun evindən çıxmışdır. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, mediator heç bir şeyi özündən deməmişdir. Olan şeylər deyilmişdir. Boşanmasının səbəbi isə iddiaçının hazırkı kürəkəni ilə yazışarkən tutmuşdur. Belə ki, iddiaçının «Whatsap» proqramını öz mobil telefonuna skan etmiş, yazışmalar onun mobil telefonuna gəlmişdir. ddiaçı şər olduğunu deyir, o zaman şərin birini desin. Təklif edirəm ki, uşaq məktəbə gedənə qədər 15 gün o, 15 gün isə iddiaçı uşağa baxsın. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Şəki şəhər 1 saylı Mediasiya Təşkilatının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Şəki şəhər 1 saylı Mediasiya Təşkilatının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin halları

Qax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 843940 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı birgə nikahından 27 may 2023-cü il təvəllüdlü X6 doğulmuşdur.

Şəki şəhər 1 saylı Mediasiya Təşkilatının mediatorunun təsdiq etdiyi Cavabdeh ilə aralarında bağlanmış MŞŞ/MT0118/2024-01296 №li, 25 iyul 2024-cü il tarixli Barışıq Sazişinin 1-ci bəndindən görünür ki, mediasiya zamanı tərəflər mediasiya edilən nikahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, nikahın davam etdirilməsində razılığa gələ bilmədilər və bu səbəbdən nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəldilər. Sazişin 2-ci bəndindən görünür ki, Mediasiya zamanı tərəflər, mediasiya edilən uşağın himayəyə verilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları 27 may 2023-cü il təvvəlüdlü X4 18 yaşı tamam olana kimi anası İddiaçı yanında qalmaqla onun himayəsinə verilməsinə razılığa gəldilər. Sazişin 3-cü bəndindən görünür ki, Mediasiya zamanı tərəflər, mediasiya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar birgə nikahdan doğulmuş uşaqları 27 may 2023-cü il təvəllüdlü X4 18 yaşı tamam olana kimi İddiaçı Cavabdeh aliment tələb etməyəcəyinə razılığa gəldilər. Sazişin 4-cü bəndindən görünür ki, Mediasiya zamanı tərəflər, mediasiya edilən uşaqla atanın ünsiyyət hüququnun tanınması tələbi ilə ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları 27 may 2023-cü il təvəllüdlü X6 ilə atası Cavabdeh hər ayın 1-dən 15-nə kimi bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəldilər. Zaqatala Rayon Məhkəməsinin 2(033)-152/2025 №li, 07 yanvar 2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 01 iyun 2022-ci il tarixdə Qax RİHB-nın Zəyəm kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış 04 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir.

Tətbiq edilən hüquq

«Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01/2024 №li, 23 fevral 2024-cü il tarixli Qərardadı. Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 881.1-ci və 881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. (23-cü bənd). Barışıq sazişi eyni zamanda, «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun (bundan sonra-«Mediasiya haqqında» Qanun) 1.0.7-ci maddəsində və «İcra haqqında» Azərbaycan Respublikasıın Qanununun (bundan sonra-«İcra haqqında» Qanun) 20.1.2-ci maddəsində nəzərdə tutulmuşdur. (24-cü bənd). Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə-hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. (25-ci bənd). Qanunvericilikdə barışıq sazişinin digər formaları da nəzərdə tutulmuşdur. Belə ki, tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi yazılı formada bağlanır («Mediasiya haqqında» Qanun, maddə 33.1). Məhkəmənin təsdiqlədiyi barışıq sazişi isə protokol şəklində tərtib olunur (Mülki Məcəllə, maddə 881.3). (29-cu bənd). Belə ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Eyni yanaşma «Mediasiya haqqında» Qanunun 34.5-ci və Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddələrində əks olunmuşdur (45-ci bənd). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli qərarında oxşar məsələ ilə bağlı göstərilmişdir ki, «məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsinin, ödəniş qəbzinin iddiaçı tərəfindən imzalanıb-imzalanmadığının, ümumiyyətlə, mübahisə predmeti olmaması, mülki iş üzrə iddia tələbinin isə məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsi nəzərə alınmamışdır. ...Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər”. (51-ci bənd). Barışıq sazişinin iradə zədələnməsi və digər səbəblərdən etibarsız olması ilə bağlı dəlillərin məhkəmə qərardadından verilən şikayət çərçivəsində araşdırılması da hüquqi baxımdan mümkün deyil. (52-ci bənd). Çünki şikayət icraatı ancaq məhkəmə aktına qarşı istifadə oluna bilən prosessual yoldur (53-cü bənd). Barışığın təsdiq edilməsi və işə xitam verilməsi prosessual fəaliyyət olduğu üçün bu barədə qərardaddan şikayət də prosessual səbəblərdən dolayı verilə bilər. Belə səbəblər dedikdə, prosessual hüquq qaydalarının yanlış tətbiq edilməsi nəzərdə tutulur. Ona görə də şikayət icraatında maddi hüquqi fakt olan barışıq sazişi deyil, onu təsdiqləyən və prosesi sonlandıran məhkəmə aktının prosessual tələblərə (xüsusən, bu qərarın 46-cı bəndində sadalanan şərtlərə) uyğun qəbul edilib-edilmədiyi yoxlanılır. Bu zaman tətbiq edilən hüququn prosessual normalar olması səbəbindən şikayətə baxan məhkəmənin araşdırma predmetini təsdiqetmənin MPM-ə uyğun aparılıb-aparılmaması təşkil edir. Odur ki, həmin araşdırma nəticəsində çıxarılan qərar barışıq razılaşmasının deyil, məhkəmə aktının qanuniliyinin yoxlanılması ilə bağlı olur. Əgər məhkəmə aktı prosessual qaydalara uyğun olmadan çıxarılmışsa, ləğv edilir. Bu halda mülki işin icraatı təzələnir, mübahisəyə yenidən baxılmasına prosessual imkan yaranır. (54-cü bənd). Beləliklə, məhkəmə tərkibi göstərilən hüquqi mövqelərə əsasən bu nəticəyə gəlir ki, məhkəmənin barışığı təsdiq və ya bundan imtina etməsi, yaxud qərardaddan şikayət verilməsi tamamilə prosessual hərəkətlərdir. Ona görə də qərardaddan şikayət verilərkən sazişi təsdiqləyən məhkəmə aktının prosessual tələblərə uyğun çıxarılmadığına istinad oluna bilər. Şikayət icraatında aparılan araşdırmanın həddi həmin dəlillər əsasında qərardadın yoxlanılması ilə məhdudlaşır. (55-ci bənd). Bu səbəbdən məhkəmə aktından şikayət vermək imkanı barışıq sazişinin özünün etibarsızlığına dair maddi hüquqi əsaslarla iddia qaldırmaq hüququna təsir etmir. Çünki barışıq razılaşması tərəflərin anlaşması ilə bağlanır və məhkəmənin bu barədə, yəni barışığın daxili tərəfinə dair verilmiş bir qərarı olmur. Barışığın daxili tərəfini təşkil edən razılaşma (saziş) ancaq maddi hüquq əsasında yoxlanıla bilər. Ona görə də iradəsi zədələnmiş, yaxud digər əsasla barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ayrıca iddia qaldırmaq hüququna malikdir. Belə iddiaya məhkəmə tərəfindən ümumi qaydada baxılmaqla barışıq razılaşmasının etibarsız sayılıb sayılmamasına hüquqi qiymət verilməlidir. (56-cı bənd). Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. (57-ci bənd). Əqdin etibarsız sayılmasına əsas olan hallar Mülki Məcəllənin 339-347-ci və digər maddələrində göstərilmişdir. Həmin əsaslardan biri olduqda, qanunverici hər hansı meyara görə fərq qoymadan, hüququ pozulan şəxsin bütün əqdlərin etibarsızlığına dair iddia qaldırmaq hüququnu nəzərdə tutmuşdur. Başqa sözlə, məhkəmə qərardadı ilə təsdiqlənmiş əqdlərin etibarsızlığı ilə bağlı ümumi qaydada iddia qaldırmaq hüququ hansısa qanun norması ilə məhdudlaşdırılmamışdır. (58-ci bənd). Yuxarıda qeyd olunanlar eynilə mediasiyada bağlanmış barışıq sazişinin xüsusi icraatda təsdiq (yaxud bundan imtina) edilməsi haqqında qətnamədən və icra icraatında tərəflərin əldə etdikləri barışıq sazişinin təsdiq edilməsi barədə qərardaddan verilmiş şikayət icraatlarına aiddir. (59-cu bənd). Məhkəmə tərkibi onu da nəzərə alır ki, məhkəmə qərarı ilə təsdiq olunmuş barışıq sazişinin etibarsızlığına dair iddia qaldırmaq imkanı Türkiyə, Almaniya, Fransa kimi xarici ölkələrdə də tanınır. Eyni zamanda, mülki hüquq nəzəriyyəsində məhkəmə qərarı ilə təsdiqlənən barışıq sazişi müstəqil əqd kimi qəbul edilməklə, onun etibarsızlığının ümumi qaydada mübahisələndirilməsi mümkün sayılır. (60-cı bənd). Beləliklə, yuxarıda göstərilən hüquqi mövqelərə əsasən məhkəmə tərkibi bu qənaətə gəlmişdir ki, iddiaçının barışıq sazişinin etibarsızlığına dair tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsi ilə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə işə daha əvvəl baxılmadığından Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsi ilə işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. (61-ci bənd). Bu səbəbdən iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıran qanun norması mövcud deyil. Belə olan halda, işin icraatına xitam verilməsi Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsində və Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsində təsbit olunan məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilir. (61-ci bənd ) Beləliklə Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının yuxarıda qeyd olunan Qərardadında Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması barədə iddiaya əqdin etibarsızlığına dair qanunda nəzərdə tutulan ümumi əsaslarla baxılmasının mümkünlüyü barədə hüquqi nəticəyə gəlsə də, qərardadın müvafiq bəndlərində «Mediasiya haqqında»Azərbaycan Respublikasının Qanununun (bundan sonra-«Mediasiya haqqında» Qanun) 1.0.7-ci maddəsində nəzərdə tutulmuş Barışıq sazişindən də bəhs edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı Şəki şəhər 1 saylı X2 rayon nümayəndəliyində bağlanmış 25 iyul 2024-cü il tarixli MŞŞ/MT0118/2024- 01296 №li Barışıq Sazişinin 3 və 4 -cü şərtləri etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinə də ümumi əsaslarla məhkəmədə baxılması yol veriləndir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

333.4.-ci maddəsi-əqdi bağlayan şəxsi əqdi bağlamağa məcbureimə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. 337.1-ci maddəsi-bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 339.1-ci maddəsi-hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.6-cı maddəsi bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 354.2- Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iddia tələbində qeyd olunan Şəki şəhər 1 saylı X2 rayon nümayəndəliyində bağlanmış xx.xx.2024-cü il tarixli MŞŞ/MT0118/2024-01296 №li Barışıq Sazişinin «Mediasiya zamanı tərəflər, mediasiya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları 27 may 2023-cü il təvəllüdlü X4 18 yaşı tamam olana kimi İddiaçı Cavabdeh aliment tələb etməyəcəyinə razılığa gəlməsin»dən bəhs edən 3-cü və «Mediasiya zamanı tərəflər, mediasiya edilən uşaqla atanın ünsiyyət hüququnun tanınması tələbi ilə ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları 27 may 2023-cü il təvəllüdlü X6 ilə atası Cavabdeh hər ayın 1-dən 15-nə kimi bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəlməsi» barədə 4-cü şərtlərinin iddiaçının hüquqlarını pozmaqla yanaşı, eyni zamanda uşağın körpə olmaqla ana qayğısına və nəvazişinə ehtiyacı olması, anasından ayrı qalması ilə bağlı 15 gün müddətin uzun zaman olması, uşağın üstün mənafelərinə zidd olduğunu nəzərə alaraq hesab edir ki, həmin şərtlər etibarsız hesab edilməlidir. İddiaçı ödədiyi 100 manat dövlət rüsumu Cavabdeh tutulub iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Şəki şəhər 1 saylı X2 rayon nümayəndəliyində bağlanmış i MŞŞ/MT0118/2024-01296 №li, 25 iyul 2024-cü il tarixli Barışıq Sazişinin 3 və 4-cü şərtləri etibarsız hesab edilsin. İddiaçı ödədiyi 100 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar