Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1001/2020 05.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul, maddi ziyan və mənəvi zərər tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı "pul, maddi ziyan və mənəvi zərər tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 450 (dörd yüz əlli) manat məbləğində pulun, borcun qaytarılmasından boyun qaçırılması nəticəsində əldən çıxmış fayda olaraq ona vurulmuş 180 (bir yüz səksən) manat maddi zərərin, hüquqi yardıma görə ödənilmiş 55 (əlli beş) manat ödənişin, 1.000 (bir min ) manat məbləğində mənəvi ziyanın və ödədiyi 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh şəxsi tanımır. O, mebel dəsti almaq istəmiş, beləliklə Cavabdeh tanımış və ona istədiklərini demişdir. Bundan sonra cavabdeh onda olan mebellerin şəklini atmış, (o da sonradan məlum olmuş ki, internetdən götürülmüş şəkillərdir) o isə Təranədən yataq dəsti və divan kreslo dəsti istəmişdir. Bu münvanla cavabdeh ondan 750 manat nəğd şəkildə pul almışdır. Sonradan dediyi vaxtda ona zəng etmiş, Təranə ona Bakı şəhərində olduğunu, indicə onun istədiyi əşyaları maşına yığdırdığını, sabah zəng vuracağını bildirmişdir. Lakin sonradan Təranə ona zəng vurmuş və həmin mebəllərin xoşuna gəlmədiyini, qısa bir vaxt ərzində onun istədiyi mebelləri çatdıracağını, narahat olmamasını bildirmişdir. Bundan sonra o, dəfələrlə telefon əlaqəsi saxlamış və ona hər zəng edəndə “bu gün, sabah” həll edəcəyini bildirmişdir. Yekunda Təranədən verdiyi pulunu tələb etdikdə yenə də onu aldatmağa başlamış və nəticə etibarı ilə onun barəsində Qəbələ rayon Polis şöbəsinə müraciət etmişdir. Polis əməkdaşları cavabdehi polis şöbəsinə dəvət etmişlər və ondan izahat almışlar. Həmin izahatında da cavabdeh borcunu etiraf etmiş və ona olan borcunu qaytaracağını bildirmişdir. O, polis şöbəsinə müraciət etdikdən sonra cavabdeh 750 manat borcdan 300 manatını ona geri ödəmişdir. Polis şöbəsində də cavabdeh söz vermişdir ki, geridə qalan 450 manat pulu qısa müddətdə qaytaracaqdır. Lakin cavabdeh bu günə kimi də heç bir ödəniş etməmişdir. O, məcburiyyət qarşısında qalıb məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf edərək bildirdi ki, o, İddiaçı ikinci əl mebel qarşılığında 750 manat pul almışdır. Mebel sahibi mebelin qiymətini artırdığından İddiaçı mebelləri təhvil verə bilməmişdir. Nəticədə iddiaçıya borclu olduğu 750 manatın 300 manatını qaytarmış, qalanını isə iki dəfəyə qaytarmağı ona təklif etmiş, lakin iddiaçı onunla razılaşmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Qəbələ rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı Cavabdeh barəsində etdiyi müraciətdə göstərilən xüsusatlarla bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Hacıalılı kənd İƏD tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 283 nömrəli arayışdan görünür ki, CavabdehQəbələ rayonu Hacıalılı kəndində yaşayır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçıxx.xx.1965-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2, 14.2.7-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmənin qənaətinə görə, iddiaçının cavabdehə qarşı tələbi əsassız varlanma müddəalarına uyğun təhlil edilə bilər. Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı iddia ərizəsində cavabdehə yataq dəsti və divan kreslo dəsti əvəzində 750 manat pul verdiyini, cavabdehin yataq dəsti və divan kreslo dəsti vermədiyini, pulundan isə 300 manat qaytardığını, 450 manat məbləğində pulu isə qaytarmağı öhdəsinə götürdüyünü, lakin sonuncunun üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini göstərib, həmin pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edərkən tələbinin əsası kimi istinad etdiyi halları cavabdeh tərəfindən Qəbələ rayon Polis şöbəsində yazılmış izahatla əsaslandırmağa çalışmışdır. Cavabdeh isə iddiaçıya 450 manat məbləğində pul qaytarmalı olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməyərək ona etibar edilmiş, müqavilə əsasları olmadan başqa şəxsin (məhrum olanın) hesabına əldə etdiyi pul vəsaitini qaytarmaqdan imtina etməklə əsassız varlanmışdır. Buna görə də iddia olunan 450 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi Cavabdeh iddiaçıya 450 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə Cavabdeh iddiaçıya 450 manat məbləğində borcu olduğunu etiraf etmişdir. İddiaçının iddia tələbi cavabdeh tərəfindən qismən etiraf edildiyi üçün iddia həmin hissədə təmin olunmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində Mülki Məcəllənin borc müqavilələri ilə bağlı qanun normalarına istinad edərək cavabdehdən bu əsaslarla pulunu tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin izahatlarından, məhkəmə təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçının tələb etdiyi pul məbləği əslində cavabdehin borc öhdəlikləri ilə bağlı yaranmamışdır. Bu səbəbdən Mülki Məcəllənin borc müqaviləsinə dair müddəaları tərəflər arasındakı mübahisəyə şamil edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Hazırkı iş üzrə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini, yəni cavabdeh tərəfindən subyektiv hüququn və qanunla qorunan obyektiv hüquqlarının (sosial və hüquqi aspektdə) pozulduğuna dair halları sübuta yetirə bilməmişdir. İddiaçı 450 manatdan istifadə etməməsi nəticəsində cavabdehin ona 180 manat maddi zərər vurmasını göstərmişdir. Lakin,iddia etdiyi maddi zərərə dair apardığı hesablamaların əsaslandığı faktlar haqqında, yəni bu rəqəmlərin hardan və necə əldə (faktiki mənbələri) olunması barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görədə məhkəmə hesab edir ki, iddia cavabdehdən180 manat məbləğində maddi zərərin alınaraq iddiaçıya verilməsi hissəsində də əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə görə zərərçəkən fiziki şəxsin sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətlərin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» xx xxxxxx 2008-ci il tarixli qərarına əsasən, mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıları, xarakterini və ağırlığını, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (az yaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarad özümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətə layiq hallarını nəzərə almalıdırlar. Bu zaman məhkəmələrin müəyyən etdiyi zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nə də ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğ də və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 11-ci bəndinə əsasən mənəvi zəzərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normalarıda nəzərə alınmalıdır. Cavabdehin qanunsuz əməlləri nəticəsində mənəvi sarsıntı keçirməsinə və buna görədə cavabdehin ona vurduğu mənəvi zərəri 1000 (bir min) manat məbləğində qiymətləndirdiyini iddia edən İddiaçı iddia tələbinin əsaslandığı hallara - cavabdehin hansı hərəkətləri (və ya hərəkətsizliyi) və təqsiri ucbatından ona mənəvi zərərin dəyməsinə, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nə də ifadə olunmasına, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsinə dair heç bir mötəbər sütubu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı verilmiş CKX208242 nömrəli mədaxil qəbzində sonuncu tərəfindən 55 manat ödəniş edilməsi göstərilsə də, ödənişin hansı məqsədlə edilməsi, ödəniş edilən şəxsin vəkil olması və hüquqi xidmət göstərməsi sözügedən qəbz ilə sübuta yetirilmir. Bu səbəbdən iddia tələbi hüquqi yardıma görə ödənilmiş 55 (əlli beş) manat ödənişin cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsümü Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli,Cavabdeh 450 (dörd yüz əlli) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1001/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1001/2020
05.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver