Məhkəmə qərarları › İş №2(025)-1081/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1081/2022

29.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1081/2022 29.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin bölünmsəi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı “ümumi paylı mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən 0.46 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı torpaq sahəsinə görə verilmiş JN-341F, KOD 40616028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə mərhum həyat yoldaşı X10 düşən torpaq payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü ildə Qəbələ rayonu, Mamaylı kəndində anadan olmuşdur. 2001-ci il tarixində X14 ilə evlənərək ailə qurmuş və nikahı isə xx.xx.2007-ci il tarixində Qəbələ rayonu, Nohurqışlaq kənd İ.Ə.D-də 12 nömrə ilə qeydə alaraq rəsmiləşdirmiş və birgə evlilikdən övladı olmamışdır. Həyat yoldaşı X14 xx.xx.2011-ci il tarixində hipertenziya xəstəliyindən vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra o, bir müddət birlikdə yaşadıqları onun mərhum valideyni (atasına) məxsus evdə yaşadıqdan sonra ərinin qardaşları tərəfindən təzyiqlər olduğundan məcburiyyət qarşısında qalaraq həmin evi tərk etmişdir. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli, 17 saylı qərarı ilə X5, X3 və mənim mərhum həyat yoldaşı X10 Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən 0.46 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı torpaq sahəsinə görə JN-341F, kod 40616028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. X11 onun mərhum həyat yoldaşının atası olmuş və xx.xx.2004-cü il tarixində beyin infarktından vəfat etmişdir. X11 vəfat etdikdən sonra onun vərəsələri olan övladları Cavabdeh1 və Cavabdeh2dur. Digər övladları X12 xx.xx.2019-cu il tarixində və birdə onun həyat yoldaşı X14 vəfat etmişlər. Hal-hazırda o, cavabdehlərlə birlikdə yaşamadığından və torpaq islahatı zamanı digər cavabdehlərlə birlikdə ona verilmiş torpaq sahələrinin isə bölgüsü apanlmadığından paylar müəyyən olunmadığından, mübahisəli olduğundan müikiyyəti kimi ona düşən torpaq sahəsindən istifadə edə bilmir. Həmin torpaq sahələrindən ona düşəcək torpaq payının müəyyən edilməsini istəyir, lakin cavabdehlərin razılığı olmadığından könüllü olaraq bölmək mümkün deyil. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi üzrə payların müəyyən edilməsinə razı deyil. Belə ki, mərhum qardaşı X14 ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən özünə aid olan payı X1. Alqı-satqı prosesi onların iştirakı ilə həyata keçirilmişdir. Hazırda istifadələrində olan torpaq sahəsi üzərində İddiaçı hər hansı hüququ yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi üzrə payların müəyyən edilməsinə razı deyil. Hazırda istifadələrində olan torpaq sahəsi üzərində İddiaçı hər hansı hüququ yoxdur. Mərhum qardaşı X14 ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən özünə aid olan payı X1. Alqı-satqı prosesi onların iştirakı ilə həyata keçirilmiş və notarial qaydada rəsmiləşdirilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-341F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli, 17 nömrəli qərarına əsasən, X4, Cavabdeh3 və X8 ümumi birgə mülkiyyətinə 0.46 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan ASAN-Qəbələ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Qəbələ rayonu, Mamaylı kəndində anadan olmuş, hal-hazırda Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatdadır. İşdə olan AR DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Arayışlardan görünür ki, Cavabdeh2, Cavabdeh1 və X6 hal-hazırda Qəbələ rayon, Nohurqışlaq kəndində qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Nohurqışlaq kənd İ.Ə.N tərəfindən 03 may 2007-ci il tarixdə verilmiş AZ-İ № 316402 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X9 arasında 03 may 2007-ci ildə nikah bağlanmış, nikahdan sonra ərə Nəbiyev, arvada Nəbiyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Nohurqışlaq kənd İ.Ə.N tərəfindən 15 aprel 2004-cü il tarixdə verilmiş AZ-İ № 059114 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 12 aprel 2004-cü ildə Qəbələ rayon Nohurqışlaq kəndində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Nohurqışlaq kənd İ.Ə.N tərəfindən 13 may 2015-ci il tarixdə verilmiş 228 saylı arayışdan görünür ki, X11 12 aprel 2004-cü ildə vəfat edən zaman aşağıdakı vərəsələri qalmışdır: X12, Cavabdeh1, Cavabdeh2 və X14. İş materiallarına əlavə olunmuş Qəbələ Regioanl “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 16 iyun 2022-ci il tarixdə verilmiş 05/Q-277/69 saylı Ölüm haqqında arayışdan görünür ki, X12 02 fevral 2019-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Nohurqışlaq kənd İ.Ə.N tərəfindən 30 aprel 2015-ci il tarixdə verilmiş AZ-İ № 743066 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 30 iyun 2011-ci ildə Qəbələ rayon Nohurqışlaq kəndində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ Regioanl “ASAN xidmət” mərkəzi Notariat ofisi tərəfindən 26 fevral 2019-cu il tarixdə verilmiş 238 saylı arayışdan görünür ki, X7 qalmış miras əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət daxil olmuşdur. xx.xx.2011-ci ildə vəfat etmiş X8 adına Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2019- cu il tarixdə açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsə İddiaçıdır. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli, 17 nömrəli qərarına əsasən verilmiş JN-341F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0.46 ha torpaq sahəsi üzərində X4, Cavabdeh3 və X8 ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. X11 12 aprel 2004-cü ildə, X12 02 fevral 2019-ci ildə və X14 30 iyun 2011-ci ildə vəfat etmişdir. İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X6 payların real bölgüsünün aparılmasında razılığa gələ bilməmişdirlər. Hazırda iddiaçı Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən 0.46 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı torpaq sahəsinə görə verilmiş JN-341F, KOD 40616028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə mərhum həyat yoldaşı X10 düşən torpaq payının müəyyən edilməsini tələb edir. Məhkəmə prosesində cavabdehlər X10 düşən torpaq payının satıldığını iddia etsələr də, həmin halı əsaslandıra bilməmiş, bu barədə məhkəməyə mötəbər sübut növü təqdim etməmişdirlər. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının mərhum əri X8 ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsindən JN-341F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə mülkiyyətçi olaraq 1/3 hissədə payı müəyyən olunmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən JN-341F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.46 ha torpaq sahəsindən iddiaçının mərhum əri X8 payı 1/3 hissədə müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən JN-341F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.46 ha torpaq sahəsindən iddiaçının mərhum əri X8 payı 1/3 hissədə müəyyən olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar