Məhkəmə qərarları › İş №2(025)-113/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-113/2024

25.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-113/2024 25.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Şəhzadə qızına qarşı “payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın müəyyən olunması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh Şəhzadə qızının iştirakları ilə İddiaçı Cavabdeh Şəhzadə qızına qarşı “payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şəhzadə qızına qarşı “payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və Cavabdeh Şəhzadə qızının ümumi birgə mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ********** qeydiyyat nömrəli, 20 dekabr 2021-ci il qeydiyyat tarixli, **********21 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,73 ha yaşayış məntəqələri torpaqlarından onların hər birinin payının 1/2 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ********** qeydiyyat nömrəli, 20 dekabr 2021-ci il qeydiyyat tarixli, **********21 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,73 ha yaşayış məntəqələrinin torpaqları onun və Cavabdeh Şəhzadə qızının ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»da göstərilir ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,73 ha torpaq sahəsi cavabdehlə onun ümumi birgə mülkiyyətindədir. O, digər mülkiyyətçi ilə payın bölünməsində ümumi razılığa gəlməməyi üzündən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ümumi paylı mülkiyyətdən payının ayrılmasını istəyir, çünki onun payının üzərində sərbəst şəkildə mülkiyyət hüqunu həyata keçirmək onun hüququdur. Bu barədə, yəni torpaq sahəsindən payların müəyyən edilməsi üçün o, cavabdehlə razılığa gələ bilməmişdir, məsələni mübahisəsiz məhkəmədən kənar həll edilməsi üçün təşəbbüs göstərmişdir. Lakin cavabdeh buna razı olmamışdır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etsə də, imtina cavabı almışdır. İddiaçı öz payına düşən torpaq payı üzərində müstəqil olaraq sahiblik etmək, istifadə etmək və onun üzərində sərəncam vermək hüququ əldə etmək istəyir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhəmə iclasında Cavabdeh Şəhzadə qızı iddia tələbini qəbul edərək, torpaq sahəsindən paylarının ayrılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, Qəbələ rayonu Vəndam qəsəbəsində 0,73 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində verilmişdir. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə, A 677382 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi idarəsi tərəfindən 3-2/3-42/2-Ə-0106-8/2023 saylı xx.xx.2023-cü il tarixli imtina sənədindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 223.2-ci maddəsinin tələbinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində 0,73 ha yaşayış məntəqələri torpaqları Cavabdeh Şəhzadə qızının və İddiaçı ümumi birgə mülkiyyətində verilmişdir. Lakin tərəflər arasında mübahisələndirilən torpaq sahəsi üzərində paylarının müəyyən olunmasına dair razılıq olmadığından iddiaçı torpaq sahəsindən payının müəyyən olunmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, paylı və ya birgə olmasından asılı olmayaraq ümumi mülkiyyətdə olan əmlaka hər bir mülkiyyətçinin payı bərabər sayılır. Bu baxımdan, mübahisəli torpaq sahələrinin 2 bərabər birgə mülkiyyətçisi olduğundan, iddiaçının payı 1/2 hissə üzrə müəyyən olunmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat 40 qəpik dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la ümumi birgə mülkiyyətə verilmiş 0,73 ha torpaq sahəsindən İddiaçı 1/2 hissədə payı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la ümumi birgə mülkiyyətə verilmiş 0,73 ha torpaq sahəsindən İddiaçı 1/2 hissədə payı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar