Məhkəmə qərarları › İş №2(025)-1133/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1133/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1133/2020 10.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “TOYOTA COROLLA” markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 5000 (beş min) manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “MERSEDES” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə spirtli içki qəbul edərək həmin günü saat 22:23 radələrində atası Cavabdeh məxsus olan etibarnamə ilə idarə etdiyi “MERSEDES” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı- Şəki yolunun 58-ci kilometrində yol nəqliyyat hadisəsi törətmiş, qarşıdan gələn “TOYOTA COROLLA” markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə nəticəsində həmin avtomobilə ziyan dəymişdir. Hadisə AR DİN-nin İV tağım YPX tərəfindən qeydə alınmış, Cavabdeh barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Qəbələ Rayon Məhkəməsinin 3(025)- 480/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, barəsində nəqliyyat vasitəsini idarə etmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 700 manat məbləğində cərimə cəzası tədbiq edilmişdir. Əmlak üzrə ekspert İlqar Zeynalovun tərtib etdiyi xx.xx.2019-cu il tarixli rəyinə əsasən “TOYOTA COROLLA” markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan 6120 manat müəyyən edilmişdir. İddiaçı ASC sığorta şəhadətnaməsinə əsasən vurulmuş maddi ziyana görə sığorta həddində ödəniş edərək, avtomobilin sahibinə 5000 manat vermişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Xudiyev Şəfahət məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh xx.xx.1986-cı ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində doğulmuşdur və Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il 3(025)-480/2019 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Mersedes Benz 240” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobolin sürücüsü Cavabdeh Qəbələ rayonu Vəndam qəsəbəsində spirtli içki içərək avtomobil idarə etmiş və sərt döngədə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmiş və qarşıdan hərəkət edən “TOYOTA COROLLA” markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxmış və həmin avtomobillə toqquşduğuna görə İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan X2 Ekspertizasının xx.xx.2019-cu il tarixli, 3008 nömrəli ekspert rəyindən görünür ki, “TOYOTA COROLLA” markalı, **-UD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 5480 (beş min dörd yüz səksən) manat, işçilik xidmətləri isə 640 (altı yüz qırx) manat, avtomobilə dəymiş cəmi zərər isə 6120 (altı min bir yüz iyirmi) manat müəyyən olunmuşdur. İş materiallarında olan 3370/M/FQ/CML-2030/2019 saylı, xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, İddiaçı ASC tərəfindən zərər çəkən şəxs X3 dəymiş zərərdən sığorta həddində, yəni 5.000 manat ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə spirtli içki qəbul edərək həmin günü saat 22:23 radələrində atası Cavabdeh məxsus olan etibarnamə ilə idarə etdiyi “MERSEDES” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 58-ci kilometrində yol nəqliyyat hadisəsi törətmiş, qarşıdan gələn “TOYOTA COROLLA” markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə nəticəsində həmin avtomobilə ziyan dəymişdir. Ona görə də, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində İddiaçı ASC tərəfindən X1 şəhadətnaməsinə əsasən vurulmuş maddi ziyana görə sığorta həddində, yəni 5000 manat məbləğində sığorta ödənişi ödənildiyindən, Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat sığorta ödənişi məbləği və 30,0 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar