Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1185/2021 17.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "ümumi birgə torpaq sahələrindən payların müəyyən olunması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "ümumi birgə torpaq sahələrindən payların müəyyən olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisindən 1,02 kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsinə görə verilmiş JN-0029, KOD 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında ona düşən torpaq payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1975-ci ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuşdur. 1994-cü il tarixində Cavabdeh1 ilə ailə qurmuşdur və birgə evliliklərindən 3 övladları olmuşdur. Münasibətləri pozulduğundan Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Hal-hazırda valideynlərinə məxsus evdə yaşayır, ayrıca hər hansı torpaq sahəsi, fərdi yaşayış evi yoxdur. Lakin Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə mərhum X2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və ona Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisindən 1,02 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsinə görə JN-0029, KOD 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Hal-hazırda o, cavabdehlərlə birlikdə yaşamadıqlarından və torpaq islahatı zamanı digər cavabdehlərə birlikdə ona da verilmiş torpaq sahələrinin isə bölgüsü aparılmadığından, paylar müəyyən olunmadığından, mübahisəli olduğundan mülkiyyətçi kimi ona düşən torpaq sahəsindən istifadə edə bilmir. Həmin torpaq sahələrindən ona düşəcək torpaq paylarının müəyyən edilməsini istəyir, lakin cavabdehlərlə razılıq olmadığından könüllü olaraq bu mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddia tələbini qəbul edərək, torpaq sahəsindən payların müəyyən edilməsinə etiraz etmədiklərini bildirdilər. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə işə iddiaçının və Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 izahatlarını və işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-0029 (kod:********) saylı «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və İddiaçı birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 05 iyul 2021-ci il tarixli **********10 nömrəli məktubundan görünür ki, JN-0029A saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 11.02.2021-ci il tarixdə verilən “nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və İddiaçı arasında olan nikah 10.09.2020-ci il tarixdə pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 65 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən 12.12.2015-ci il tarixdə verilən, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuş, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1 maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 223.2-ci maddəsinin tələbinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və İddiaçı birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində onların ümumi mülkiyyət hüququ JN-0029 (kod:********) saylı «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin tərəflər arasında mübahisələndirilən torpaq sahələri üzərində paylarının müəyyən olunmasına dair razılıq olmadığından iddiaçı torpaq sahələrindən paylarının müəyyən olunmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, paylı və ya birgə olmasından asılı olmayaraq ümumi mülkiyyətdə olan əmlaka hər bir mülkiyyətçinin payı bərabər sayılır. Bu baxımdan, mübahisəli torpaq sahələrinin 5 bərabər birgə mülkiyyətçisi olduğundan, iddiaçının payı 1/5 hissə üzrə müəyyən olunmalıdır. Ona görə də məhkəmə iddianı əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Qəbələ rayon AİK-nın 22.11.1997-ci il tarixli, 25 saylı qərarı ilə JN-0029 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 1,02 ha həyətyanı torpaq sahəsindən İddiaçı payı 1/5 hissə müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Qəbələ rayon AİK-nın 22.11.1997-ci il tarixli, 25 saylı qərarı ilə JN-0029 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 1,02 ha həyətyanı torpaq sahəsindən İddiaçı payı 1/5 hissə müəyyən olunsun. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1185/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1185/2021
17.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver