Məhkəmə qərarları › İş №2(025)-1200/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1200/2021

16.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1200/2021 16.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı cavabdeh Qəbələ rayon Polis şöbəsinə və üçüncü şəxslər X4, X1 və X3 qarşı “pasport qeydiyyatından çıxarılma” tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək Müəyyən etdi: İddiaçı cavabdeh Qəbələ rayon Polis şöbəsinə və üçüncü şəxslər X4, X1 və X3 qarşı “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, qeydiyyatdan çıxarılma ilə bağlı mübahisə inzibati mübahisə olub, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli qərarında məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlardan göründüyü kimi bu tip işlərə qanunvericiliyə əsasən inzibati icraat qaydasında baxılmalı olan işlərdir. Bu işin ümumi məhkəmədə baxılması məhkəmə aidiyyətinin pozulmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Qəbələ rayon Polis şöbəsinə və üçüncü şəxslər X4, X1 və X3 qarşı “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsi qəbul edilməkdən imtina edilsin və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, ərizə ilə aidiyyət qaydalarına riayət etməklə müvafiq məhkəməyə müraciət edə bilərlər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar