Məhkəmə qərarları › İş №2(025)-1484/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1484/2025

23.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1484/2025 23.09.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Feruz qızına qarşı “kənar müdaxilələrin qarşısının alınması və kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Feruz qızına qarşı “kənar müdaxilələrin qarşısının alınması və kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərinin sağlamlığına vurduğu zərərə və evinin qəzalı vəziyyətinə gətirilməsinə görə Cavabdeh Feruz qızının məsuliyyətə cəlb edilməsi və onun vurduğu zərərin kompensasiyasının ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası MPM-nin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə məhkəməyə təqdim edilmişdir. Belə ki, ilk növbədə iddiaçılar iddia ərizəsində cavabdehin şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) əlavə etməmişlər. Bundan əlavə iddiaçılar ərizənin “xahiş etdi” hissəsində tələbinin nədən ibarət olmasını düzgün yazmamış və tələbinin dəqiq olaraq nədən ibarət olmasını düzgün göstərməmişdir. Həmçinin iddiaçı tərəfindən tələbinin əsası ilə əlaqədar sübutların əsli və ya notarial qaydada təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunan sənədlərin siyahısında (qoşma hissəsində) “Etibarnamə, Daşınmaz əmlakın texniki pasportunun surəti, şəxsiyyət vəsiqələrinin surəti, ölüm haqqında şəhadətnamə, Nikah haqqında şəhadətnamənin surəti, Əlillik haqqında arayışın surəti, Torpaq şəhadətnaməsi” qeyd olunsa da, iddiaçı tərəfindən verilən iddiaya əlavə olunmamışdır. Əlavə olaraq iddiaçılar cavabdehdən kompensasiya tələb etsələr də, kompensasiya məbləğini dəqiq olaraq göstərməmişlər. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən də iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, X2 Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə görə Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri göstərilmişdir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırkı iddia ərizəsindən isə görünür ki, iddiaçıların ərizəsi “qiymətləndirilməyən iddia ərizəsi” kateqoriyasına aid edilsə də, iddiaçılar tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçılar tərəfindən 50 manat məbləğində rüsumunun Qəbələ 1 saylı Mediasiya Təşkilatına ödənilməsi ilə bağlı qeyd edir ki, MPM-nin 4.6-cı maddəsinə əsasən Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İddiaçılar və cavabdeh arasında olan hazırkı mübahisə ailə və əmək münasibətinə aid edilmədiyindən iddiaçılar Mediasiya Təşkilatına ödədiyi dövlət rüsumuna görə məhkəmə rüsumundan azad olunmasına əsas ola bilməz. Bundan əlavə məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X1 tərəfindən verilmiş ərizə elektron qaydada verilmədiyindən də geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Həmçinin X2 Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı1 tərəfindən cəmi 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Feruz qızına qarşı “kənar müdaxilələrin qarşısının alınması və kompensasiya ödənilməsi” tələbinə dair idida ərizəsi geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. İddiaçı1 tərəfindən dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun İddiaçı1 geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar