Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1531/2023 13.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Hacıyev Cavabdeh2 qarşı “payın müəyyən olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin bölünmsəi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Hacıyev Cavabdeh2 qarşı “payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Hacıyev Cavabdeh2 oğıuna qarşı “payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu ərazisindən 0.45 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə görə verilmiş JN-531, KOD 40608018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ona düşən torpaq payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1978-ci ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuşdur. İddia ərizəsində qeyd olunan cavabdehlər Cavabdeh1 və Hacıyev Cavabdeh2 qardaşlarıdı. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adı qeyd olunmuş anası X3 xx.xx.2008-ci il tarixində ürək çatmamazlığmdan vəfat etmişdir. Bildirir ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 saylı qərarı ilə ona İddiaçı, mərhum anası X2, qardaşları Cavabdeh1 və Hacıyev Cavabdeh2 Qəbələ rayonu ərazisindən 0.45 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə görə JN-531, kod 40608018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Onu da qeyd edir ki, Dövlət Aktında mərhum anasının adı səhvən “Zənfılə” kimi qeyd yazılmış, lakin ölüm haqqında şəhadətnamədə və digər sənədlərdə “Zenfıra” kimi qeyd edilmişdir. Lakin torpaq islahatı zamanı digər cavabdehlərlə birlikdə ona, mərhum anasına verilmiş torpaq sahəsinin bölgüsü aparılmadığmdan, paylar müəyyən olunmadığından, hazırda anasının vəfatı ilə əlaqədar notariat ofisində mirasın qəbul edilməsi və vərəsəlik işinin açılıması mümkünsüzdür. Dövlət Aktında adı qeyd olunmuş qardaşı Cavabdeh2 ilə torpaq sahəsində payların müəyyən olunmasında hər hansı problemi olmasada, digər qardaşı Kamil notariat ofisinə gələrək bölgünün aparılmasından imtina edir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 izahatında göstərmişdir ki, payların müəyyən edilməsinə heç bir etirazı etirazı yoxdur. Odur ki, qanuna uyğun olaraq, kimin payına nə düşürsə həmin qaydada mübahisəli torpaq sahəsi aralarında bölünsün. Sonda isə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Hacıyev Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-531 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli 03 saylı qərarına əsasən, X1, Hacıyev Cavabdeh2, İddiaçı və Cavabdeh1 ümumi birgə mülkiyyətinə 0.45 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 28 iyul 2023-cü il tarixdə verilmiş 5-59-23/2-400-2023 nömrəli arayışdan görünür ki, Qəbələ rayon Zarağan kənd sakini xx.xx.1978-ci il təvəllüdlü İddiaçı Qəbələ rayon Zarağan kəndində qeydiyyatdadır və orada yaşayır. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, JN-531 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə X1, Hacıyev Cavabdeh2, İddiaçı və Cavabdeh1 ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. İddiaçı və cavabdehlər Cavabdeh1 və Hacıyev Cavabdeh2 payların real bölgüsünün aparılmasında razılığa gələ bilməmişdirlər. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahəsindən onun Qəbələ rayon Aqrar İslahat Komissiyası tərəfindən 26 aprel 2002-ci il tarixli 03 saylı qərarı ilə JN-531 nömrəli (********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında mülkiyyətçi olaraq 1/4 hissədə payı müəyyən olunmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli 03 saylı qərarı ilə JN-531 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə verilmiş Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.45 ha torpaq sahəsindən İddiaçı payı 1/4 hissədə müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli 03 saylı qərarı ilə JN-531 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə verilmiş Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.45 ha torpaq sahəsindən İddiaçı payı ¼ hissədə müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1531/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1531/2023
13.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver