Məhkəmə qərarları › İş №2(025)-156/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-156/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-156/2022 15.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 721.00 (yeddi yüz iyirmi bir) manat sığorta ödənişi məbləğinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 751.00 (yeddi yüz əlli bir) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 06.05.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21060” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 31.08.2020-ci il tarixdə “VAZ 21060” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Qəbələ rayonu, Nic qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21061” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 721.00 (yeddi yüz iyirmi bir) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yolnəqliyyat hadisəsi ilə bağlı Qəbələ RPŞ DYPB-dən 31.08.2020-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 322.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Qəbələ RPŞ DYPB-nin "xxxx" ASC-yə təqdim etdiyi elektron Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21060” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobili avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəməyə gəlməməsinin səbəbinin üzrlü hesab edilməsini, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, 31.08.2020-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində su almaq üçün yolun sağ tərəfindən sol tərəfinə keçmək istədi bu zaman qəfil qarşıdan gələn VAZ 21061 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşdu. Qarşıdan gələn avtomobilə çox ziyan dəyməmişdir. Dəymiş ziyan məbləğinin təyin olunmasında iştirak etməmişdir. Digər avtomobili onun iştirakı olmadan təmir etmişlər. Sığorta şirkətinin hesabladığı 721 manat ziyan məbləği ilə razı deyil. Ümumiyyətlə sığorta şirkətinin X1 ödəniş etməsinə və hazırda ödənilmiş həmin məbləğin ondan tələb olunmasına razı deyil. Bu tələb tam əsassızdır, bununla bağlı hər hansı bir sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan “İcbari sığorta müqaviləsinə dair Məlumat”-dan görünür ki, sığortalı Cavabdeh məxsus «VAZ 21060» markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil 06.05.2020ci il tarixdən 06.05.2021-ci il tarixədək olan dövrü əhatə edən müddətdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Bundan əlavə, sığortalı Cavabdeh avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında PAA********** saylı şəhadətnamə verilmişdir. İşdə olan digər sənədlərdən göründüyü kimi, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində – 31.08.2020-ci il tarixdə saat 14:15 radələrində Cavabdeh idarə etdiyi «VAZ 21060» markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu, Nic qəsəbəsində yolnəqliyyat hadisəsi törədərək X1 məxsus olan «Vaz-21061» markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. DİN BDYPİ-nin YPXB-nin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışda yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh qeyd olunmuşdur. Cavabdeh barəsində 31.08.2020-ci il tarixdə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. İşdə olan "xxxx" ASC-in 02.09.2020-ci il tarixli hesablama aktından görünür ki, «Vaz-21061» markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün lazım olan ehtiyyat hissələrinin və s. adları, həmçinin onların dəyəri siyahıda ardıcıllıqla göstərilmiş, avtomobilin bərpasına 721 manat pul vəsaiti tələb olunması qeyd edilmişdir. İşdə olan 11.09.2020-ci il tarixli 20-04732/09 AA-3712/20 saylı sığorta aktından görünür ki, sığortalıya 721 manat sığorta ödənişi edilməsi qərara alınmışdır. İşdə olan 11.09.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 721 manat sığorta ödənişi faydalanan şəxs X1 ödənilmişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh qəza törətdiyini etiraf edir, lakin dəymiş zərərin məbləğinin düzgün müəyyən olunmadığını bildirsə də, müvafiq məhkəmə ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu nəticəsində vurduğu zərəri ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 721 manat məbləğində verilmiş sığorta ödənişi və 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia təmin edilsin. 721 manat məbləğində verilmiş sığorta ödənişi və 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar