Məhkəmə qərarları › İş №2(025)-225/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-225/2020

26.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-225/2020 26.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, X1 himayəçisi X7 iştirakı ilə, X1 himayəçisi X7 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi X1 himayəçisi X10 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla X1 və Cavabdeh paylı mülkiyyətinə verilmiş 0,5 ha torpaq sahəsindən payın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışlar ki, X8 onun bacısıdır, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli, 2(025)-188/2010 saylı qətnaməsi ilə o, fəaliyyət qabilıyyətsız hesab edilmiş və məhkəmə qərarına uyğun olaraq Qəbələ rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2011-ci il tarixli, 114 saylı Sərəncamı ilə onun himayəsinə verilmişdir (Sərəncamın surəti iddia ərizəsinə əlavə edirlir). Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1056/2019 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 02 07.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Yaqubov X9 X2 ümumi birgə mülkiyyətinə verilmiş 0,5 ha torpaq sahəsindən X1 və Yaqubov X9 hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir (məhkəmə qətnaməsinin surəti iddia ərizəsinə əlavə edilir). Məhkəmə qətnaməsi icraya yönəldilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən X5 xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışla bir daha müəyyən olunur ki, iddiaçı və cavabdehin əmlaka dair hüquqları, hər birinə 1/2 hissədə (bərabər) müəyyən edilmişdir. Hazırda paylı mülkiyyətdə olan torpaq sahəsinin üzərində iddiaçının yaşadığı yeganə yaşayış sahəsi mövcuddur. Cavabdehə bu vaxta qədər təklif olunmuşdur ki, Gülbari Şalbuz qızına tikili olan hissədən torpaq payı ayrılsın. Lakin Cavabdeh paylı mükiyyətdə olan torpaq sahəsinin paylara uyğun ayrılmasına dair təklifi qəbul etməmişdir. Mübahisəli torpaq sahəsinə dair 2011-ci ildən hal-hazıradək davam edən məhkəmə çəkişmələrindən də məlum olur ki, cavabdeh bütün əmlaka sahib olmaq niyətindədir. Cavabdehin isə konkret olaraq həmin torpaq sahəsinin harada yerləşməsindən demək olar ki. xəbəri yoxdur. Çünki, onun yaşayış yeri, əvvəllər Rusiya Federasiyası, sonradan isə hazırda yaşadığı Bakı şəhəri olmuşdur. Yalnız rəsmi sənədlər üzərində o, bu hüququnu qeydiyyata aldırmışdır. Məhkəmə iclasında X1 himayəçisi X10 qeyd edilənlərə uyğun izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mütəxəssis qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 9 saylı X13 nümayəndəsi X15 bildirdi ki, Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinin naturada bölünməsi ilə bağlı həmin torpaq sahəsində olmuşdur və iddiaçıya mümkün olan bölünmə üsulunu təklif etmişdir. X4 bununla razılaşmamışdır. O, Torpaq sahəsinin qabaq tərəfindən yerləşən sexin də ona verilməsini tələb edir. Odur ki, tərəflər arasında ortaq fikir əldə etmək mümkün olmamışdır. Torpaq sahəsinin koordinantlar əsasında bölünməsi üçün isə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi lazımdır. Bu sənəd əsasında həmin mübahisəli torpaq sahəsinin planı, ölçüsü və koordinatları əsasında müəyyən əməliyyatlar aparmaq mümkün ola biləcək. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X2 və Cavabdeh birgə mülkiyyətində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.50 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mövcud deyildir. Bu səbəblə də, həmin torpaq sahəsindən payların mütəxəssislər tərəfindən də ayrılması mümkün deyildir. Bu sənədin əldə olunması üçün hər iki tərəf qarşılıqlı razılıq əsasın müvafiq orqana müraciət etməlidir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddia tamamilə əsassızdır. Onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmayıb. Bibisi şizofreniya xəstəsidir. Neçə illər sonra əmisi qəyyumluq iddiasına düşüb. Dədə-baba torpağı atası və əmisi arasında bölünüb. Bibisinə o baxır, onu hər şeylə təmin edir. 2011-ci ildə torpaq məsələsi həll edilib. İddiaçı həmin torpaqları qanunsuz olaraq zəbt edib. 2012-ci ildə bununla bağlı Apellyasiya məhkəməsinin qərarı da çıxmışdır. Məhkəmə onun xeyrinə qərar qəbul etmişdir. Lakin iddiaçının törətdiyi maneələrə görə iş bu günə qədər uzanmışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mübahisənin tam və ədalətli həlli, habelə xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi – **********82; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2019) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.50 ha torpaq sahəsindən X2 və Cavabdeh hər birinin ½ hissədə paylarının naturada ayrılması mümkündürmü, əgər mümkündürsə hansı qaydada ayrıla bilər? “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 354 nömrəli rəydən görünür ki, Hüquqmüəyyənedici sənədlərə əsasən kameral şəraitdə aparılan tədqiqat işləri zamanı müəyyənləşdirildi ki, Əmlak məsələləri Dövlət komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi - **********82; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - xx.xx.2019) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.50 ha torpaq sahəsindən X3 və Cavabdeh hər birinin 1/2 hissədə paylarının naturada ayrılması üçün əsas hesab olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən torpaq sahəsinin paylara uyğun bölünməsi mümkün olmamışdır. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən müəyyən torpaq sahələrinə verilən çıxarışlarda reyestr nömrəsi ilə göstərilən torpaq sahələrinin kəmiyyət, keyfiyyət və koordinatları qeyd edilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilməlidir ki, qeyd olunan torpaq sahəsinin planı, ölçüsü və koordinatları əsasında müəyyən əməliyyatlar aparmaq mümkün olsun. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,50 ha torpaq sahəsindən X2 və Cavabdeh hər birinin payı ½ hissədə müəyyən edilmişdir. Məhkəmə iddiaçının “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması” tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. İşin faktiki hallarından təsdiq olundu ki, hüquqların Dövlət qediyyatı haqqında Dövlət reyestrindən çıxarışa əsasən X2 və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş 0,50 ha ha torpaq sahəsindən onların hər birinin payı 1/2 hissədə müəyyən edilmişdir. Paylı mülkiyyətçilər torpaq sahələrindən paylarına düşən hissələrə dair mülkiyyət sənədi almışlar. Həmin torpaq sahələrinin naturada bölünməsi ilə bağlı tərəflər razılağa gələ bilməmişdirlər. Hal-hazırda iddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,50 ha torpaq sahəsinin naturada bölünməsini tələb edir. Məhkəmə iddiaçının himayəçisinin izahata, təqdim etdiyi sübutlara, mütəxəssisin rəyinə, eləcə də ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X2 və Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 0,50 ha torpaq sahəsindən payların naturada ayrılması mümkün olmadığından iddia tələbi təmin olunmamalıdır. Belə ki, iddiaçı paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahəsinin naturada bölünməsinin təmin edilməsində zəruri olan torpaq sahələrinin kəmiyyət, keyfiyyət və koordinatları qeyd edilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də qeyd olunan torpaq sahəsinin planı, ölçüsü və koordinatları əsasında müəyyən əməliyyatlar aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 himayəçisi X7 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“ tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat iddiaçının himayəçisi X6 tutularaq “xxxx” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: X1 himayəçisi X7 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması“ tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat iddiaçının himayəçisi X6 tutularaq “xxxx” MMC tərəfindən təqdim edilmiş hesaba ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar