Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-240/2023 23.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi” tələbinə dairmülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə paylı mülkiyyətlərində olan: 1) «Kamaz 5511» markalı 99HU442 dövlət qeydiyyat nişanlı yük avtomobilinin (xx.xx.2014-cü il tarixli Qeydiyyat vəsiqəsi) qiymətləndirilərək dəyərinin ½ hissəsinin Cavabdeh alınaraq ona ödənilməsi; 2) ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən (dekabr 1999-cu il tarixli Texniki pasport); 3) Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində yerləşən 0,80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN744, KOD: ********) torpaq sahəsindən və 0,78 ha (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD: ********) torpaq sahəsindən; və 4) göstərilən torpaq sahələri üzərindəki qeyri-yaşayış sahələrindən (tikililərdən) - 1\2 hissə payının naturada ayrılması; ayrılmış payının onun faktiki istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 24 avqust 1994-cü il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə nikahdan 3 övladları vardır. Birgə nikah dövründə Qəbələ şəhərində alqı-satqı yolu ilə Cavabdeh adına rəsmiləşdirilməklə sahibkarlıq və tikinti məqsədli 0,80 ha və 0,78 ha torpaq sahəsi əldə etmişlər. 0,80 ha torpaq sahəsinə dair birgə mülkiyyət hüquqları xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN744, KOD: ********) ilə, 0,78 ha torpaq sahəsinə dair birgə mülkiyyət hüquqları xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD:********) ilə Cavabdeh adına qeydə alınmışdır. Mülkiyyətlərində olan torpaq sahələrinin üzərində sahibkarlıq məqsədli tikililər inşa olunmuş və qanuni əsaslarla istifadə olunur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(054)-17/2020 saylı qətnaməsi ilə tərəfindən Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş birgə mülkiyyətdə olan əmlaklarda payın müəyyən edilməsi tələbinə dair» iddiası qismən təmin edilərək, Cavabdeh adına rəsmiləşdirilməklə birgə mülkiyyətlərində olan «Kamaz 5511» markalı 99HU442 dövlət qeydiyyat nişanlı yük avtomobilində (xx.xx.2014-cü il tarixli Qeydiyyat vəsiqəsi), ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində (dekabr 1999-cu il tarixli Texniki pasport); Qəbələ şəhərində yerləşən 0,80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN744, KOD: ********) torpaq sahəsində və 0,78 ha (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD: ********) torpaq sahəsində – hər bir əmlakda onun 1/2 hissədən ibarət payının müəyyən olunması qət edilmişdir. Oğuz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış, xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Eyni zamanda, Oğuz rayon məhkəməsinin qətnaməsi əsasında Cavabdehla nikahımız pozulmuş, bu barədə müvafiq şəhadətnamə verilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(054)-17/2020 saylı qətnaməsindən icra vərəqəsi verilmiş, qətnamə icraya yönəlmişdir. Qətnamənin icra olunmasına, sözügedən əmlaklara onun ½ payının qeydə alınması və müvafiq çıxarışların verilməsinə dair müvafiq quruma müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən onun müraciətinə imtina cavabları verilmişdir. Belə ki, 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda Qəbələ şəhəri İ.Qutqaşınlı küçəsində yerləşən 0.78 ha torpaq sahəsinin bir hissəsindən yüksək gərginlikli elektrik xəttinin keçdiyi, sənəd üzrə yerlə faktiki yer arasında 80 metr məsafə fərqinin olmasına görə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Sözügedən 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Qəbələ şəhəri İ.Qutqaşınlı küçəsində yerləşən 0.80 ha torpaq sahəsinə dair müraciətinə verilmiş xx.xx.2020ci il tarixli cavab məktubunda isə qeyd olunur ki, JN-744 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmamışdır. Sənəd üzrə yerlə faktiki yer arasında 960 metr məsafə fərqi vardır. Buna görə də torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.Hər iki məktubla torpaq sahələrinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina olunmuş, bu məsələlərə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” AR Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanına uyğun olaraq torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün dövlət və bələdiyyə mülkiyyətində olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi prosesi gedişində baxıla biləcəyi qeyd olunur. Bununla yanaşı, ona məlum olmuşdur ki, Qəbələ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(025)-70/2019 saylı qərardadına əsasən Cavabdeh adına rəsmiləşdirilməklə birgə mülkiyyətlərində olan 99HU442 dövlət qeydiyyat nişanlı avtomobilin, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının, Qəbələ şəhərində yerləşən 0,80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN744, KOD: ********) torpaq sahəsinin və 0,78 ha (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD:********) torpaq sahəsilə bağlı icra hərəkətləri aparılır. Keçmiş əri Cavabdeh hər hansı şəxsə, o cümlədən X2 adlı şəxsə borcunun olması və bu borcun ödənilməsi məqsədilə birgə mülkiyyətlərində olan əmlakların üzərinə həbs qoyulmasından əvvəllər məlumatı olmamışdır. Qeyd olunan əmlakları heç bir zaman hər hansı bir öhdəliyin təminatı olaraq ipotekaya qoymamışlar və bu gün də həmin əmlaklar ipoteka predmeti deyildir. Məhkəmə qətnaməsi ilə mülkiyyət payı müəyyən olunmuş yük avtomobili, qeyri-yaşayış sahəsi və torpaq sahəsinin 1\2 hissəsinin naturada ayrılmadan Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən ondan xəbərsiz, əsassız və qanunsuz tədbirlər nəticəsində mülkiyyətində olan əmlakın açıq hərraca çıxarlaraq satılması, hər hansı digər formada özgəninkiləşdirilməsi onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət və mülkiyyətin müdafiəsi hüququmun kobud şəkildə pozulması ilə nəticələnər. Həmçinin, məhkəmə qətnaməsi ilə payının müəyyən edildiyi yük avtomobili, qeyri-yaşayış sahəsi və torpağın ½ hissəsinə hüququnun reyestrdə qeydə alınmamasından sui-istifadə edən Cavabdeh ona aid olan paydan istifadə etməyinə, bəhərindən faydalanmağına maneçilik törədir. Nikahları pozulduğuna görə birgə təsərrüfat aparmırlar. Belə şəraitdə isə birgə paylı əmlaklardan Cavabdeh təkbaşına faydalanması, onun istifadə və sahibliyinə şərait yaratmaması onun hüquqlarının pozulmasına səbəb olur. Belə ki, yük avtomobilini Cavabdeh harada və nə məqsədlə istifadə etdiyinə dair ona məlumat vermir, eşitdiyinə görə, avtomobili icarəyə verərək ordan gəlir əldə edir. Eyni zmanda, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh icarəyə vermişdir. Həmçinin, 0.78 ha və 0.80 ha torpaq sahələrinin üzərində ayrı-ayrı tikililər mövcuddur. Həmin tikililər kommersiya təyinatlı obyektlərdir. Cavabdeh həmin qeyri-yaşayış sahələrini, torpaq sahəsinin müəyyən hissələrini də ayrı-ayrı şəxslərə icarəyə vermişdir. Həmin əmlakların icarəsindən əldə edilən gəlirdən ona və uşaqlarına heç bir fayda çatmır. Məhkəmə qətnaməsi ilə payının müəyyən olunduğu əmlaklardan faktiki olaraq istifadə edə bilmir, hər hansı bəhər və gəlir götürə bilmi. Ona görə də sözügedən əmlaklar üzərində məhkəmə qətnaməsi ilə müəyyən olunmuş ½ hissədə payının naturada ayrılaraq onun istifadə və sahibliyinə verilməsi yolu ilə cavabdeh tərəfindən pozulan hüquqları bərpa olunmalıdır. Cavabdehla aralarında payların müəyyən olunduğu əmlaklardan istifadə və ya faktiki bölgüsü barədə razılıq yoxdur. Yük avtomobilinin faktiki bölünməsi mümkün olmadığına görə avtomobilin qiymətləndirilərək dəyərinin yarısının ona ödənilməsi təmin olunmalıdır. Eyni zamanda, Qəbələ şəhəri İ.Qutqaşınlı küçəsindəki qeyriyaşayış sahəsinin və torpaq sahələrinin faktiki bölgüsü və payının naturada ayrılmasına dair Məhkəmədə iddia qaldırmağına zərurət yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Eyni zamanda bildidi ki, Kamaz 5511» markalı 99HU442 dövlət qeydiyyat nişanlı yük avtomobili (xx.xx.2014-cü il tarixli Qeydiyyat vəsiqəsi) yoxdur, həmin avtomobil yararsız hala düşərək dağılmışdır. Digər əmlakların isə hüquqmüəyyənedici sənədləri yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(054)-17/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, X1 ilə Cavabdeh birgə nikahı dövründə əldə olunmuş, cavabdehin adına rəsmiləşdirməklə tərəflərin birgə mülkiyyətində olan “KAMAZ 5511” markalı ** HU *** dövlət qeydiyyat nişanlı yük avtomobilində (xx.xx.2014-cü il tarixli Qeydiyyat vəsiqəsi), ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində (dekabr, 1999-cu il tarixli Texniki pasport), Qəbələ şəhəri ərazisində yerləşən 0,80 hektar sahibkarlıq məqsədli torpaq sahəsində (xx.xx.2006-cı il tarixli JN 0744 KOD 40601004 nömrəli Dövlət Aktı) və Qəbələ şəhəri ərazisində yerləşən 0,78 hektar torpaq sahəsində (xx.xx.2006-cı il tarixli JN 0739 KOD 40600001 nömrəli Dövlət Aktı) – hər bir əmlakda İddiaçı ½ hissədən ibarət payları müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş JN – 0739 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən Cavabdeh mülkiyyətinə JN – 0739 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 0,78 ha yaşıllıq və tikinti tikmək məqsədi ilə sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş JN – 744 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli qərarına əsasən Cavabdeh mülkiyyətinə JN – 744 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 0,80 ha sahibkarlıq məqsədi ilə sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 07 mart 2023-cü il tarixli, 3-21-3-42/2-1085/2023 nömrəli məktubunda göstərilmişdir ki, iddiaya əlavə edilmiş JN-739 (kod ********) nömrəli dövlət aktında göstərilən 0,78 hektar torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə uyğunsuzluq mövcud olduğuna, JN-744 (kod ********) nömrəlii dövlət aktı barədə elektron bazada ümumiyyətlə məlumat olmadığına görə mülki işin araşdırılması və rəyin verilməsi mümkün olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 220.4-cü maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəyə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəyə əsasən bu Məcəllənin 220.3 - 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, məhkəmədə tərəflərin izahatından, onların iş üzrə təqdim etdiyi sübutlar əsasında mülki işin materiallarından müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.1994-cu il tarixdə nikaha daxil olmuşlar. Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(054)-17/2020 nömrəli qətnaməsinə əsasən X1 ilə Cavabdeh birgə nikahı dövründə əldə olunmuş, cavabdehin adına rəsmiləşdirməklə tərəflərin birgə mülkiyyətində olan “KAMAZ 5511” markalı ** HU *** dövlət qeydiyyat nişanlı yük avtomobilində (xx.xx.2014-cü il tarixli Qeydiyyat vəsiqəsi), ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində (dekabr, 1999-cu il tarixli Texniki pasport), Qəbələ şəhəri ərazisində yerləşən 0,80 hektar sahibkarlıq məqsədli torpaq sahəsində (xx.xx.2006-cı il tarixli JN 0744 KOD 40601004 nömrəli Dövlət Aktı) və Qəbələ şəhəri ərazisində yerləşən 0,78 hektar torpaq sahəsində (xx.xx.2006-cı il tarixli JN 0739 KOD 40600001 nömrəli Dövlət Aktı) – hər bir əmlakda İddiaçı ½ hissədən ibarət payları müəyyən edilmişdir. İş materiallarında olan JN – 0739 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən Cavabdeh mülkiyyətinə JN – 0739 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 0,78 ha yaşıllıq və tikinti tikmək məqsədi ilə sahəsi verilmişdir. Həmçinin JN – 744 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli qərarına əsasən Cavabdeh mülkiyyətinə JN – 744 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 0,80 ha sahibkarlıq məqsədi ilə sahəsi verilmişdir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi cavabdehin mülkiyyətində olan torpaq sahəsinin naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis cəlb edilmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 07 mart 2023-cü il tarixli, 3-21-3-42/2-1085/2023 nömrəli məktubunda göstərilmişdir ki, iddiaya əlavə edilmiş JN-739 (kod ********) nömrəli dövlət aktında göstərilən 0,78 hektar torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə uyğunsuzluq mövcud olduğuna, JN-744 (kod ********) nömrəlii dövlət aktı barədə elektron bazada ümumiyyətlə məlumat olmadığına görə mülki işin araşdırılması və rəyin verilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı JN – 0739 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 0,78 ha torpaq sahəsinin və JN – 744 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 0,80 ha torpaq sahəsinin naturada ayrılıb verilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahələri üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı keçirilən ekspertiza təhqiqatında müəyyən edilmişdir ki, JN-739 (kod ********) nömrəli dövlət aktında göstərilən 0,78 hektar torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə uyğunsuzluq mövcud olduğuna, JN-744 (kod ********) nömrəlii dövlət aktı barədə elektron bazada ümumiyyətlə məlumat olmadığına görəmülki işin araşdırılması və rəyin verilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, JN – 0739 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 0,78 ha torpaq sahəsinin və JN – 744 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 0,80 ha torpaq sahəsinin naturada bölünməsi mümkün olmadığından, həmin torpaq sahələrinin üzərində yerləşən qeyri-yaşayış sahələrinin (tikililərin) də naturada bölünməsi mümkün deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində həmçinin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən (dekabr 1999-cu il tarixli Texniki pasport) ½ payının naturada ayrılmasını tələb etmişdir. Lakin həmin texniki pasport hüquqmüəyyənedici (mülkiyyətin məxsusluğuna və statusuna dair) sənəd deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bu səbəbdən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə həmçinin bildirir ki, iddiaçı iddia tələbində “Kamaz 5511” markalı 99HU442 dövlət qeydiyyat nişanlı yük avtomobilinin (xx.xx.2014-cü il tarixli Qeydiyyat vəsiqəsi) qiymətləndirilərək dəyərinin ½ hissəsinin Cavabdeh alınaraq ona ödənilməsini tələb etsə də, sözügedən yük avtomobilinin dəyəri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, İddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi lazım bilir ki, Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Məhkəmə araşdırması zamanı Cavabdeh payların naturada bölünməsini etiraz etmədiyini bildirmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Mülki Məcəllənin 220.1ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Hazırkı iş üzrə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsədə, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas gösrtəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qanunvericiliyin yuxarıda şərh olunan müddəalarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyini nəzərə alaraq hesab edirki, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi” tələbinə dairiddiası əsassızdır və buna görə də, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis xərci iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-240/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-240/2023
23.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver