Məhkəmə qərarları › İş №2(025)-349/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-349/2021

06.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-349/2021 06.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin nümayəndələri X1, X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «birgə əmlakdan payın müəyyən olunması, əmlakdan müəyyən olunmuş payın açıq hərracdan satılması və satışdan əldə olunan pulun borca ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “X7 Məhsulları İstehsalı” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «birgə əmlakın bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 birgə nikah dövründə əldə etdiyi və adına olan “VAZ 211554” markalı, **-DG- *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 ilə Cavabdeh2 arasında bölünməsinə, avtomobilin ikidə bir hissəsinə Cavabdeh1 mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx xxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin nümayəndəsi X4 məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində Cavabdeh1 və Cavabdeh2 hər birinin ½ hissədə paylarının müəyyən edilməsi, həmin nəqliyyat vasitəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin 2(025)-1493/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə yaranmış 6939,85 manat məbləğində borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1493/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin Cavabdeh1 qarşı iddia tələbi qismən təmin edilərək, cavbadeh Cavabdeh1 6909,85 manat məbləğində pul və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6939,85 manat məbləğində pulun tutularaq “X7 Məhsulları İstehsalı” ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (icra məmuru Ülvi Həmidli) icra sənədi üzrə icraata başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Lakin borclu keçən bir il ərzində icra sənədinin icrasını təmin etməmişdir. Bundan sonra icra sənədinin icrası ilə bağlı müvafiq araşdırmalar aparılmış, sorğular yazılmış və məlum olmuşdur ki, Cavabdeh1 özünə məxsus tələbin yönəldilə biləcəyi əmlak yoxdur, lakin onun arvadı Cavabdeh2 adına “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. Həmin avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış və birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmuşdur. Cavabdeh1 ilə Cavabdeh2 arasında nikah xx.xx.1996-cı il tarixdə bağlanmışdır. Onlar həmin tarixdən ərlə-arvad hesab olunmuşlar. Məhkəmə iclasında iddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin nümayəndələri X3 və X4 qeyd olunanlara uyğun izahat verib, əlavə olaraq göstərdilər ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1493/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi borclu tərəfindən hal-hazıradək icra edilməmiş, icra zamanı tərəflərin nikah dövründə əldə etdikləri, Cavabdeh2 birgə nikah dövründə əldə etdiyi və adına olan “VAZ 211554” markalı, **-DG- *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Mübahisəli daşınar əmlak olan “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlərin birgə nikahları dövründə əldə olunmuş vəsaitləri hesabına alınmışdır. Ona görə də, o nəqliyyat vasitəsindən payının müəyyən olunmasını, həmin nəqliyyat vasitəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin 2(025)-1493/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə yaranmış 6939,85 manat məbləğində borcun ödənilməsinə yönəldilməsini xahiş edirlər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, onun Qəbələ Rayon Məhkəməsinin 2(025)-1493/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə 6939,85 manat borcu vardır. Lakin “X7 Məhsulları İstehsalı” ASC-dən işdən çıxarılsa da, işdən çıxarılandan 8 ay ərzində də rəsmi olaraq elektron sistemdə ““X7 Məhsulları İstehsalı” ASC-də işləyir” kimi göstərilmişdir. Bu səbəbdən iş tapmaqda çətinlik çəkmişdir. Belə ki, hara işə düzəlmək istəsə, onun hal-hazırda “X7 Məhsulları İstehsalı” ASC-nin işçisi olduğu bildirilmişdir. Bu səbəbdən iş tapmamış və borcunu ödəyə bilməmişdir. İddiaçı tərəfindən həmin müddətin, yəni 8 ay müddətə görə əmək haqqının verilməsini tələb edir və həmin məbləği alarsa borcunu ödəyəcəkdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 çıxış edərək bildirdi ki, “VAZ 211554” markalı, **- DG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. İş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə çıxış edənləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(025)-1493/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 6.909,85 (altı min doqquz yüz doqquz manat səksən beş qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 6.939,85 (altı min doqquz yüz otuz doqquz manat səksən beş qəpik) manat məbləğində pul tutulub iddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ülvi Həmidlinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(025)-1493/2019 nömrəli qətnaməsi ilə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş Nikah aktından çıxarışın surətindən görünür ki, xx xxxxxxxx 1996-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış nikah həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydə alınmışdır. Nikahdan sonra arvada Xəlilova soyadı verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 “Vaz 21154” minik markalı, istehsal ili 2008, mühərrik nömrəsi 4959909, Ban nömrəsi XTA**********9015 olan avtomobili Cavabdeh27000 manata satmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx xxxxxx 2021-ci il tarixli, 016-245 nömrəli məktubdan görünür ki, “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış və halhazırda da qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsinin tələbinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrində və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunur. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə də ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 224.1-ci maddəsinin tələbinə görə, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Məhkəmə ilk növbdədə qeyd edir ki, Mülki Məcəllənin 224.1-ci maddəsinin və Ailə Məcəlləsinin 36.1-ci maddəsinin tələbləri baxımından iddiaçı “X7 Məhsulları İstehsalı” ASC belə bir tələblə məhkəməyə müraciət etmək baxımından subyektiv hüquqa mallikdir. İşin məhkəmədə araşdırılmış halları ilə müəyyən edilir ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(025)-1493/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 6.909,85 (altı min doqquz yüz doqquz manat səksən beş qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 6.939,85 (altı min doqquz yüz otuz doqquz manat səksən beş qəpik) manat məbləğində pul tutulub iddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lakin borclu keçən bir il ərzində icra sənədinin icrasını təmin etməmişdir. Bundan sonra icra sənədinin icrası ilə bağlı müvafiq araşdırmalar aparılmış, sorğular yazılmış və məlum olmuşdur ki, Cavabdeh1 özünə məxsus tələbin yönəldilə biləcəyi əmlak yoxdur, lakin onun arvadı Cavabdeh2 adına “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. Cavabdeh2 ilə Cavabdeh1 arasında nikah xx xxxxxxxx 1996-ci ildə bağlanmışdır. “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 ilə Cavabdeh1 birgə nikahda olduqları dövrdə alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, həmin nəqliyyat vasitəsi onların birgə mülkiyyəti sayılaraq, aralarında bölünməlidir. Tərəflərin payı ilə bağlı isə məhkəmə qeyd edir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (AiləMəcəlləsinin 37.1, 37.2-ci maddələri). Məhkəmə qeyd edilənləri nəzərə alıb, nəqliyyat vasitəsi (“VAZ 211554” markalı, **- DG-*** dövlət qeydiyyat nişanlı avtomobil) üzərində Cavabdeh1 və Cavabdeh2 hər birinin payının 1/2 hissə üzrə müəyyən olunmasını əsaslı, ədalətli və qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı “X7 Məhsulları İstehsalı” ASC iddiasında “VAZ 211554 markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində Cavabdeh1 və Cavabdeh2 hər birinin ½ hissədə paylarının müəyyən edildikdən sonra həmin nəqliyyat vasitəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin 2(025)-1493/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə yaranmış 6939,85 manat məbləğində borcun ödənilməsinə yönəldilməsini xahiş etmişdir. Məhkəmə həmin tələblə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 224.2-ci maddəsinə görə əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclu Cavabdeh1 həmin avtomobildəki payının naturada ayrılmasının mümkün olmadığını nəzərə alan məhkəmə hesab edir ki, “X7 Məhsulları İstehsalı” ASC ilk növbədə borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin digər iştirakçısına, yəni Cavabdeh2 satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etməlidir. Sonuncu borclunun payını almaqdan imtina etdikdə “X7 Məhsulları İstehsalı” ASC-nin ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini yenidən məhkəmə qaydasında tələb etsin. Göründüyü kimi iddiaçı “X7 Məhsulları İstehsalı” ASC ilk növbədə “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh1 və Cavabdeh2 hər birinin payının 1/2 hissə üzrə müəyyən olunması barədə qətnamə qanuni qüvvəsini aldıqdan sonra, müvafiq icra hakimiyyəti orqanında rəsmiləşdirilməli və bundan sonra borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin digər iştirakçısına, yəni Cavabdeh2 satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etməlidir. Hazırki halda bu mümkün deyildir, payların müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamış və iddiaçı belə bir tələblə Cavabdeh2 müraciət etməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbini həmin hissədə əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxxx 2019-ci il tarixdə BDYP Şəki RQİ və TBŞ-nin verdiyi “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsinə əsasən Cavabdeh2 adına qeydə alınmış “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil (nəqliyyat vasitəsi) üzərində Cavabdeh1 və Cavabdeh2 hər birinin payı 1/2 hissə üzrə müəyyən olunmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxx 2019-ci il tarixdə BDYP Şəki RQİ və TBŞ-nin verdiyi “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsinə əsasən Cavabdeh2 adına qeydə alınmış “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil (nəqliyyat vasitəsi) üzərində Cavabdeh1 və Cavabdeh2 hər birinin payı 1/2 hissə üzrə müəyyən olunsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar