Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-392/2022 02.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin naturada ayrılıb verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin bölünmsəi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin naturada ayrılıb verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin naturada ayrılıb verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonun Yemişanlı kəndində yerləşən, DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsində adına Dövlət qeydiyyatına alınmış 0.3729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, nikah dövründə əldə edilmiş torpaq sahəsindən payların müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-185/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlərə qarşı birgə nikah dövründə əldə edilmiş və seriya MA ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın X1”la cavabdehlərin adına qeydə alınmış Qəbələ rayonun Yemişanlı kəndində yerləşən 0.745785 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçı və cavabdehin hər birinin ½ hissədə (0.372892 ha) payları müəyyən edilmiş və həmin torpaq sahəsi qətnamənin qət etdiyi hissəsində göstərilən qaydada bölünməsi göstəriş kimi qeyd edilmişdir. Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 0.3729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid qeydiyyat nömrəsi ********** çıxarışı DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən almışam. Ancaq həmin 0.3729 ha torpaq sahəsi onun adına dövlət qeydiyyatına alınmaqla mülkiyyətçisi o olsa da ondan istifadə edə bilmir. Həmin torpaqdan istifadəyə cavabdehlər maneə törədirlər. Torpaq sahəsinin bölgü planına hazırlanması (işlənməsi) tələbi ilə DƏDRX-nin 9 saylı. Qəbələ Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixdə müraciət etdiyi ərizəyə xx.xx.2020-ci il tarixdə verilmiş cavab məktubunda göstərilmişdir ki, tərəflər arasında razılaşma olmaması səbəbindən ərizənin icrasından imtina edilmişdir. Cavabdehlərin bölgü planının hazırlanması və naturada ayrılıb verilməsinə məqsədli şəkildə imkan verilməməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh2 iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, onların ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsinə etiraz etmir. Lakin iddiaçı onun payına düşən torpaq sahəsini bəyənmir. İddiaçının tələb etdiyi qaydada torpaq sahəsi verildiyi halda isə yol yeri və su gələn ərazi bağlanmış olur. Odur ki, qeyd olunanları nəzərə alaraq müvafiq qətnamə qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Qəbələ Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli 2(025)-186/2019 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı Aliahverdi qızı ilə cavabdeh X2 nikahları dövründə əldə edilmiş və Seriya MA ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»!a cavabdehin adına qeydə alınmış, Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 0,745785 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçı və cavabdehin hər birinin 1/2 hissədə (0.372892 ha) paylan müəyyən edilsin və həmin torpaq sahəsi İddiaçı ile Q.Cavabdeh2 arasında bu qayda ilə bölünməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.3729 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 189 nömrəli reyestr kitabında 69 nömrəli vərəqədində qeydiyyata alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(025)-392/2022 nömrəli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş, mütəxəssis qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 0.3729 ha torpaq sahəsinin naturada ayrılması mümkündürmü, əgər mümkündürsə hansı qaydada ayrıla bilər? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********03 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki, işin araşdırılması məqsədi ilə DƏDKR X3 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri 11 aprel 2022-ci il tarixdə Qəbələ rayonu Yemişanlı kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar.Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, 1. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 0,3729 ha torpaq sahəsinin naturada **********20 reyestr nömrəli Çıxarış ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmiş 0,7457 ha torpaq sahəsindən ayrılması mümkün deyildir. **********20 reyestr nömrəli Çıxarış ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmiş 0,7457 ha torpaq sahəsinin 0,0513 ha hissəsi qonşu mülkiyyətçinin istifadəsində olduğu üçün bölünməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı ilə Qəbələ rayonu Yemişanlı kəndində yerləşən mübahisəli 0.3729 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Hazırda iddiaçı Qəbələ rayonun Yemişanlı kəndində yerləşən, DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsində adına Dövlət qeydiyyatına alınmış 0.3729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ayrılıb verilməsini tələb edir. Cavabdehlər isə iddianı qismən qəbul edir. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli olan Çıxarışa əsasən Qəbələ rayonu, Yemişanlı kəndində xüsusi mülkiyyətinə verilmiş 0.3729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ayrılıb verilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı keçirilən ekspertiza təhqiqatında müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin yerləşdiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan 0,7457 ha torpaq sahəsinin 0,0513 ha hissəsi qonşu mülkiyyətçinin istifadəsində olduğu üçün bölünməsini təmin etmək mümkün deyildir. Beləliklə, İddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü təqdim etməmişdir. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin naturada ayrılıb verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin naturada ayrılıb verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elman İsayev