Məhkəmə qərarları › İş №2(025)-439/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-439/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-439/2021 04.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə ödənilmiş 1624 manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Vaz 21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi, Cavabdeh tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə 22.06.2018-ci il tarixdən 22.06.2019-cu il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh 13.07.2018-ci il tarixdə saat 22:19 radələrində Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində idarə etdiyi “Vaz 21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş, nəticədə “Hyundai Accent” markalı, **-PT-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə 1624 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə AR DİN RPŞ-nin DYPB-si tərəfindən qeydə alınmış, araşdırma nəticəsində Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib olunmuşdur. “Hyundai Accent” markalı, **-PT-*** qeydiyyat nişanlı avtomobilin təmir olunması üçün 1644 nömrəli rəyə uyğun olaraq, İddiaçı ASC tərəfindən həmin avtomobilin sahibinin hesabına 19 oktyabr 2018-ci il tarixdə 1624 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Xudiyev Şəfahət məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək göstərdi ki, onun idarə etdiyi Vaz 21099 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 13 iyul 2018-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbə ərazisində avtonəqliyyat hadisəsi baş vermişdir. Belə ki, həmin hadisə vaxtı DYP əməkdaşları və sığorta əməkdaşları hadisə yerində olmuşlar və hadisəni real olaraq görüb fotoşəkillər belə çəkmişlər. 20 iyul 2018-ci il tarixdə “Hyundai Accent” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil “Uğur servis” tərəfindən yoxlanılmış və avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirildikdən sonra ziyan aktı tərtib edilmişdir. Tərtib edilən ziyan aktında “Hyundai Accent” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 710 (yeddi yüz on) manat ziyan dəymişdir. Belə olan halda İddiaçı ASC tərəfindən 1624 manat müəyyən edilmiş ziyan göründüyü kimi absurd deyil və həqiqətə uyğun gəlməyən şişirdilmiş bir məbləğdir. Həmin ziyan hardan alınıb, necə alınıb və necə müəyyən edilib müəyyən deyildir. Həmçinin ekspert rəyi ilə də razı deyildir. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 11.09.2019-cu il tarixli arayışından görünür ki, borclu Cavabdeh xx.xx.1965-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində doğulmuşdur və Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh 13 iyul 2018-ci il tarixdə saat 22:19 radələrində özünə məxsus “Vaz 21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edərək, Qəbələ rayonu, Vəndam qəsəbəsində “Hyundai Accent” markalı, **-PT- *** qeydiyyat nişanlı avtomobillə avtomobillə toqquşmuş və həmin avtomobillə toqquşduğuna görə İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan X1 Ekspertizasının 21.07.2018-ci il tarixli, 1644 nömrəli ekspert rəyindən görünür ki, “Hyundai Accent” markalı, **-PT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 1474 (bir min dörd yüz yetmiş dörd) manat, işçilik xidmətləri isə 150 (bir yüz əlli) manat, avtomobilə dəymiş cəmi zərər isə 1624 (bir min altı yüz iyirmi dörd) manat müəyyən olunmuşdur. İş materiallarında olan 3947/FQ/CML-3819/2018 saylı, 19.10.2018-ci il tarixli sığorta aktından görünür ki, İddiaçı ASC tərəfindən zərər çəkən şəxs "xxxx" MMC-nə dəymiş zərərdən sığorta həddində, yəni 1624 manat ödənilmişdir. İş materillarında olan 19 oktyabr 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən 1.624 (bir min altı yüz iyirmi dörd) manat məbləğində pul "xxxx" MMC-nə ödənilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışdan görünür ki, Cavabdeh tərəfindən törədilmiş “toqquşma” yol-nəqliyyat hadisəsi “Hyundai Accent” markalı, **-PT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəyməsinə səbəb olmuşdur. İş materiallarına əlavə edilmiş AC № 734511 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** BJ *** dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı minik avtomobil Cavabdeh məxsusdur. İş materiallarına əlavə edilmiş AD № 290066 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 90PT453 dövlət qeydiyyat nişanlı, “HYUNDAİ ACCENT” - markalı avtomobil "xxxx" MMC-nə məxsusdur. İş materiallarında olan Qəbələ RPŞ DYPB-in rəisi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh adına Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Bazasında sürücülük vəsiqəsi qeydiyyata alınmamışdır. Qəbələ Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qərardadı ilə cavabdehin vəsatətinə əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli, № 9/2679 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X1 ekspertizası”nın 21.07.2018-ci il tarixli və “Uğur” servisin 20.07.2018ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Hyundai Accent” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1624,0 manat müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh 13 iyul 2018-ci il tarixdə saat 22:19 radələrində özünə məxsus “Vaz 21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edərək, Qəbələ rayonu, Vəndam qəsəbəsində “Hyundai Accent” markalı, **-PT-*** qeydiyyat nişanlı avtomobillə avtomobillə toqquşmuş və həmin avtomobillə toqquşduğuna görə İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Həmin hadisə nəticəsində “Hyundai Accent” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Ona görə də, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində "xxxx" MMC-nin “Hyundai Accent” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi 1624 (bir min altı yüz iyirmi dörd) AZN həcmində İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936 və 1108.1-ci maddələrinin tələblərinə əsasən, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müvafiq ekspertiza təyin edilmiş və keçirilmiş, ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X1 ekspertizası”nın 21.07.2018-ci il tarixli və “Uğur” servisin 20.07.2018-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Hyundai Accent” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1624,0 manat müəyyən edilir. Buna əsasən ekspetiza rəyin ilə müəyyən edilmiş məbləğin tam yəni, 1624,0 (bir min altı yüz iyirmi dörd) manat pulun cavabdehdən iddiaçının xeyirinə tutulmasını əsaslı hesab edir. Bundan başqa məhkəmə Azərbaycan Respublikası MPM-in 117 -ci maddəsinə əsasən ekspertiza keçirilməsi üçün sərf edilmiş 100 (bir yüz) manat xərcin cavabdehdən tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 1624,0 (bir min altı yüz iyirmi dörd) manat sığorta ödənişi məbləği və 30,0 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3” hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar