Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-467/2021 26.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən X3 ölümünə görə ödənilmiş 5000 manat, məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “VAZ 2111” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil, sahibi, yəni Cavabdeh2 tərəfindən İddiaçı ASC-də xx.xx.2016ci il tarixdən xx.xx.2017-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında AE 153891 nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh1 etibarnamə olmadan xx.xx.2016-cı il tarixdə saat 19:50 radələrində atası, Cavabdeh2 məxsus “VAZ 2111” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhərindən üzü Ağdaş rayonu istiqamətində Zarağan kəndi ərazisində yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törədib Göyçay rayon sakini X3 idarə etdiyi avtomobilin ön sol hissəsi ilə vurması nəticəsində sonuncu hadisə yerində ölmüşdür. Hadisə Qəbələ ŞP-nin İB-də cinayət işi başlanaraq araşdırma aparılmış, Cavabdeh1 AR CM-nin 263.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq işi məhkəməyə göndərilmiş, Qəbələ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(025)-04/2017 saylı hökmü ilə CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan cinayət işi ilə bağlı sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli qərarla Cavabdeh1 əməlində AR CM-nin 187-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin xüsusatla bağlı cinayət təqibi rədd edilmiş və bu barədə material ayrılmış, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə etibarnamə olmadan atası Cavabdeh2 məxsus avtomobili idarə etdiyi üçün onun barəsində AR İXM-nin 332.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. İddiaçı ASC X3 ölümünə görə 5000 manatı zərərçəkmişin hüquqi varisi X4 ödənilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsin ölümünə görə sığorta həcmində, 5000 manat məbləğində ödəniş edildiyinə görə İddiaçı ASC-nin cavabdehlərdən həmin məbləği subroqasiya qaydada tələb etmək hüququ yaranır. Belə ki, Cavabdeh1 etibarnamə olmadan “VAZ 2111” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib hadisə törətdiyi üçün avtomobilin sahibi Cavabdeh2 da onunla birlikdə məsuliyyət daşıyır. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Xudiyev Şəfahət məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən etiraf edərək göstərdi ki, oğlu Cavabdeh1 tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsinə görə İddiaçı ASC tərəfindən X1 ölməsinə görə onun vərəsəsi X2 5000 manat məbləğində pul ödənilməsindən xəbərdar olmamışdır. Ümumiyyətlə qanunda belə bir halın nəzərdə tutulmasını bilməmişdir. Lakin qanunda nəzərdə tutulduğu halda həmin məbləği ödəmək vəzifəsidir. Həmçinin Qəbələ rayon məhkəməsinin qətnaməsi ilə oğlu Cavabdeh1 18.840,0 (on səkkiz min səkkiz yüz qırx) manat məbləğində pul tutularaq X4 verilməsi qət edilmişdir. O, bankdan kredit alaraq həmin məbləği çətinliklə ödəmiş və banka olan borcunu tamamilə ödəmişdir. Hal-hazırda o, heç bir yerdə işləmir və 5.000 manat məbləği ödəməyə maddi imkanı çatmır. Gələcəkdə işləyərsə, həmin borc məbləğini hissə-hissə ödəyə bilər. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 xx.xx.1995-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il 1(025)- 04/2017 saylı hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İş materiallarında olan KYP 578272 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Cavabdeh1 Qəbələ rayonu Zarağan kəndində yol-nəqliyyat hadisəsi törədən zaman avtomaşını etibarnamə olmadan idarə etmişdir. İş materiallarında olan xx xxxxxx 2016-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə, təxminən saat 19:50 radələrində etibarnamə olmadan atası Cavabdeh2 məxsus idarə etdiyi “VAZ 21011” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ- Ağdaş yolunun Qəbələ rayonu Zarağan kəndi ərazisindən keçən hissəsində yerləşən yolayrıcı dairənin yaxınlığında hərəkətdə olarkən, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqələri daxilində maksimum icazə verilən 60 km/saatdan yüksək idarə etməməli olduğu halda, habelə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göstərilən tələblərə riayət etməməklə avtomobili 110-120 km/saat sürətlə idarə edərək yolayrıcı dairə yaxınlığında həmin yolu sağ tərəfdən sol tərəfə keçən piyadaçı X6 avtomobilin sağ ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlığından sonuncunun hadisə zamanı aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölməsinə və Cavabdeh2 məxsus “VAZ 21011” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək sonuncuya 460 (dörd yüz altmış) manat maddi ziyan vurmasına səbəb olmuşdur. İş materiallarında olan 0808/FQ/CML-0788/2017 saylı, xx.xx.2017-ci il tarixli sığorta aktından görünür ki, mərhum zərər çəkən (hadisə nəticəsində ölmüş şəxs) şəxs X1 hüquqi varisinə X2 dəymiş zərərin ümumi həcmi 5.000 manat müəyyən edilmişdir. İş materillarında olan xx xxxxx 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən 5000 (beş min) manat məbləğində pul X1 hüquqi varisinə X2 ödənilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışdan görünür ki, Cavabdeh1 tərəfindən törədilmiş “toqquşma” yol-nəqliyyat hadisəsi X3 ölümünə səbəb olmuşdur. İş materiallarında olan xx.xx.2016-ci il tarixli, AZ-İ seriyalı, 833132 №-li «Ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X7 “kəllə sümüklərinin sınığı” xəstəliyindən xx.xx.2016-ci il tarixdə Qəbələ şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-ci ildə 07 № ilə qeyd edilmişdir. İş materiallarında olan AC № 734612 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21011 Minik” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur. İş materiallarında olan AE 701608 nömrəli, xx.xx.2013-cü il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh2 sahibliyində olmuş avtomobili etibarnamə olmadan Cavabdeh1 vermiş və nəticədə Cavabdeh1 tərəfindən qəza törədilərək sığorta hadisəsi baş vermişdir. Bu səbəbdən İddiaçı ASC tərəfindən zərərçəkmişlərə sığorta ödənişləri edilməsinə görə Cavabdeh2 da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən digər Cavabdeh1 ilə birgə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə, təxminən saat 19:50 radələrində etibarnamə olmadan atası Cavabdeh2 məxsus idarə etdiyi “VAZ 21011” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ-Ağdaş yolunun Qəbələ rayonu Zarağan kəndi ərazisindən keçən hissəsində yerləşən yolayrıcı dairənin yaxınlığında hərəkətdə olarkən, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqələri daxilində maksimum icazə verilən 60 km/saatdan yüksək idarə etməməli olduğu halda, habelə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göstərilən tələblərə riayət etməməklə avtomobili 110-120 km/saat sürətlə idarə edərək yolayrıcı dairə yaxınlığında həmin yolu sağ tərəfdən sol tərəfə keçən piyadaçı X6 avtomobilin sağ ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlığından sonuncunun hadisə zamanı aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölməsinə və Cavabdeh2 məxsus “VAZ 21011” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək sonuncuya 460 (dörd yüz altmış) manat maddi ziyan vurmasına səbəb olmuşdur. Ona görə də, Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində İddiaçı ASC tərəfindən X3 ölməsinə görə onun vərəsəsinə 5000 manat məbləğində sığorta ödənişi ödənildiyindən, Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, sonrakı ödənişlərin birdəfəyə və ya hissə-hissə ödənilməsi məsələsi gələcəkdə tərəflərin qarşılıqlı razılaşması və qətnamənin icrası qaydasında həll oluna bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 (beş min) manat sığorta ödənişi məbləği və 30,0 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-467/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-467/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver