Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-587/2020 08.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən törədilmiş nəqliyyat hadisəsi nəticəsində “Mazda CX-9” markalı, ** OR *** dövlət nömrə nişanlı avtomobilə vurulmuş ziyana görə həmin avtomobilin sahibinə ödənilmiş 4321 manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “VAZ 21043” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi cavabdeh X2 tərəfindən PAZ ********* nömrəli şəhadətnamə ilə xx.xx.2017-cü il tarixdən xx.xx.2018-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Həmin avtomobili etibarnamə olmadan idarə edən Cavabdeh xx.xx.2017-ci il tarixdə 14:15 radələrində Qəbələ şəhəri, Nizami Gəncəvi küçəsi ilə hərəkətdə olarkən yol ayrıcı qaydalarını pozmuş, düzünə gələn “Mazda CX-9” markalı, ** OR *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində “Mazda CX-9” markalı avtomobilə 4321 manat məbləğində ziyan vurulmuşdur. Hadisə Qəbələ RPŞ-nin DYPB tərəfindən qeydə alınaraq araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq Cavabdeh inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında İXP ******* nömrəli, xx.xx.2017-ci il tarixli qırar qəbul edilmişdir. Vurulmuş ziyana görə “xxxxxxxx” ASC “Mazda CX-9” markalı, ** OR *** dövlət nömrə nişanlı avtomobilin sahibinə 4321 manat məbləğində sığorta ödənişi etmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı “xxxxxxxxx” ASC-nin nümayəndəsi məhkəməyə vəsatət ünvanlayaraq məhkəməyə gəlməməsinin səbəbinin üzrlü hesab edilməsini, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, xx.xx.2017-ci il tarixdə Qəbələ şəhəri, N.Gəncəvi küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin vaxt atası komada olduğundan ona dərman almaq üçün aptekə getmişdir. Hadisə zamanı onun avtomobilinə daha çox ziyan dəymişdir. "Mazda CX-9" minik markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomaşında qəza nəticəsində az zərər dəymişdir, 4321 manat məbləğində zərər dəymiş ola bilməz. Dəymiş zərərin həddən artıq çox hesablandığını bildirərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 21043” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrü əhatə edən müddətdə «xxxxxxxxx» ASC tərəfindən sığortalanmışdır. Bundan əlavə, sığortalı Cavabdeh avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında PAZ********** saylı şəhadətnamə verilmişdir. İşdə olan digər sənədlərdən göründüyü kimi, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində – xx.xx.2017-ci il tarixdə saat 14:16 radələrində Cavabdeh idarə etdiyi “VAZ 21043” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri, H.Aslanov küçəsindən Nizami Gəncəvi küçəsi istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək, X1 məxsus olan “Mazda CX-9” markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Cavabdeh barəsində İXP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul olunmuş, İXM-in müvafiq maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. DİN BDYPİ-nin YPXB-nin xx.xx.2017-ci il tarixli 11/144-19271-1217 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışda yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh qeyd olunmuşdur. Sığortalının idarə etdiyi avtomobildə zahiri müşahidə olunan əzintilərin xarakteri qeyd edilmişdir. İşdə olan «xxxxxxxxxx» MMC-in xx.xx.2017-ci il tarixli qüsur aktından görünür ki, “Mazda CX-9” markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün lazım olan ehtiyyat hissələrinin və s. adları, həmçinin onların dəyəri siyahıda ardıcıllıqla göstərilmiş, avtomobilin bərpasına 4321.55 manat pul vəsaiti tələb olunması qeyd edilmişdir. İşdə olan xx xxxxxxx 2017-ci il tarixli, 4782/FQ/CML-3460/2017 saylı sığorta aktından görünür ki, sığortalıya 4321 manat sığorta ödənişi edilməsi qərara alınmışdır. İşdə olan xx xxxxxxx 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, 4321 manat sığorta ödənişi faydalanan şəxs X1 ödənilmişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh qəza törətdiyini etiraf edir, lakin dəymiş zərərin məbləğinin düzgün müəyyən olunmadığını bildirir. Obyektiv araşdırma aparılmasına nail olmaq, tərəflərin hər birinin hüquqlarının təmin olunması, həmçinin yaranmış suallara cavab alınması üçün məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/2552 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan məlumatlara əsasən 2008-ci il istehsalı olan, “Mazda CX-9” markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə təxminən 4320,0 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu nəticəsində vurduğu zərəri ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4320 manat məbləğində verilmiş sığorta ödənişi və 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı “xxxxxxxxx” ASC-nə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. 4320 manat məbləğində verilmiş sığorta ödənişi və 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertizasının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülsün. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-587/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-587/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver